Məhkəmə qərarları › İş №e-2-2(113)-477/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-477/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-477/2020 18.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi ilə, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2018-ci il tarixli aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2018-ci il tarixli aktın ləğv edilməsi və əsassız olaraq hesablanmış 1321,50 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, qanunsuz olaraq hesablanmış 1321.50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xaiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən obyektdə (rəqs zalı) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İş üzrə Cavabdeh əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan **********00017 saylı abonent kodu üzrə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx xxxx 2018-ci il tarixli akt tərtib edilmiş, həmin aktın nöqsan qrafasında “obyektdə baxış keçirən zaman sayğacın çıxış hissəsinin plasmas hissəsi kənar təsir nəticəsində deşilmişdir”qeydi aparılmışdır. Həmçinin həmin akta əsasən iş üzrə Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx xxxx 2018-ci il tarixdə 8195 m3 qaz sərfiyyatı hesablayaraq iddiaçıya məxsus olan **********00017 saylı abonent koduna 1321.50 manat borc hesablamışdır. İddiaçıya sayğaca müdaxilə edilməsi, bunun nəticəsində borc və cərimə hesablanması, həmin borc və cərimənin ödənilməsinin tələb edilməsi barədə rəsmi bildiriş daxil olmasa da, abonent hesabına 1321.50 manat borcun hesablanmaması əsasında cavabdehin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi nəticəsinə gəldiyini qeyd etmək mümkündür. Cavabdeh təşkilatın mövqeyi qanuni və əsaslı deyil. Belə ki, cavabdeh təşkilat əsaslandırma aparmadan qaz avadanlıqlarının eyni vaxtda və maksimum sərfiyyatla işlədilməsi nəticəsinə gəlmişdir. Cavabdeh təşkilat belə nəticəyə gələrkən və qaz itkisini hesablayarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının rəyini əldə etməmişdir. Belə aydın olur ki, cavabdeh təşkilat heç bir əsaslandırma olmadan iddiaçının hesabına 1321.50 manat borc yazmışdır. Mövcud qanunvericilik fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehliyi qazpaylayıcının üzərinə qoymuş və bu işlərin, həmçinin qaz sayğacı ilə təchiz edilmənin, sayğacın quraşdırılmasının, dəyişdirilməsinin onun hesabına, bu halda Cavabdeh həyata keçirilməsini müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş aktlarda sayğacın vəziyyəti ilə bağlı aparılan qeydlər qətiyyən həmin əməlin bilavasitə abonent tərəfindən törədilməsi mənasını verə bilməz. Sayğac yoxlanılan zaman istehlakçı və ya onun nümayəndəsi araşdırmaya cəlb edilməmiş, mövqeyini bildirməsinə imkan yaradılmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək bildirdi ki, “Qazdan istifadə Qaydaları”na əsasən hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Hesab edir ki, hazırkı halda qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi İddiaçı daşıyır. Ona görə də əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı fərdi sahibkarlığla məşğul olduğu qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacının çıxış hissəsinin plasmas hissəsi kənar təsir nəticəsində deşilməsi əsas göstərilməklə sayğac yenisi ilə əvəz edilmiş, dəymiş ziyanın hesablanması tələb edilmişdir. Qeyd edilən akta əsasən Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının üzvləri Cavid Abbasov, Abbas Rüstəmov, Rəşad Abbasov və Orxan Cabbarlı tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx xxxx 2018-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 32 gün, qış ayları üçün orta günlük iş rejimi 20 saat və hesabat müddəti 148 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 8195 m3 qazın dəyərində olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı fərdi sahibkarlığla məşğul olduğu qeyriyaşayış sahəsinə baxış keçirilərkən obyektdə qaz sayğacının çıxış hissəsinin plasmas hissəsinin kənar təsir nəticəsində deşilməsi aşkar edilmişdir. xx xxxx 2018-ci il tarixdə ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək dəymiş zərərin hesablanması tələb edilmişdir. Hal-hazırda İddiaçı göstərilən akt üzrə Cavabdeh İB-yə olan borcu 1321.50 manat təşkil edir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği sayğacın yararsız olduğu dövr üçün itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin bəndlərin məzmunundan göründüyü kimi istehlakçılar qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə yalnız hüquqi şəxs olduqları halda, sayğacların təchiz edilməsinə, quraşdırılmasına və dəyişdirilməsinə görə isə yalnız sənaye qaz qurğularından istifadə etdikləri halda məsuliyyət daşıyırlar. İş materiallarından isə görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, hüquqi şəxs statusuna malik deyil. Eyni zamanda iddiaçı ilə qaz paylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqaviləyə əsasən iddiaçının istifadə etdiyi qaz qurğularının ümumi sərfiyyatı saatda 10 kub.m-dən az olduğundan həmin qurğular “Qaz təchizatı” haqqında qanunun tələblərinə əsasən məişət qaz qurğularına aiddir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan sayğacın yararsız olduğu hallar üçün məsuliyyət daşımalı olması barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 4.8-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasından asılı olmayaraq bütün fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işləkliyinə görə məsuliyyət qaz paylayıcının üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında dəfələrlə əks olunmuş hüquqi mövqeyə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hüquqi şəxs olmadığı halda hüquqi şəxslərə aid məsuliyyət müəyyən edən normanın iddiaçıya şamil edilməsi “hüquqi müəyyənlik” prinsipinin tələblərinə cavab vermir. Digər tərəfdən Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. İş materiallarından isə görünür ki, Cavabdeh İB xx.xx.2018-ci il tarixli, ******* saylı aktla sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı işdə sayğacın yararlı vəziyyətdə saxlanmasına görə iddiaçının məsuliyyət daşıması müqavilədə nəzərdə tutulmadığından, eyni zamanda məhkəmə araşdırması zamanı sayğacın yararsız vəziyyətə düşməsinin və bununla əlaqədar istifadə edilmiş qazın həcminin düzgün qeydə alınmamasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi öz təsdiqini tapmadığından sayğacın yararsız olduğu müddət üçün yaranmış zərərə görə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Buna görə də Cavabdeh İB tərəfindən dəymiş zərərin əvəzi olaraq İddiaçı hesablanmış 1321.50 manat borc silinməlidir. “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə iddia ərizəsi verilməsinə görə dövlət rüsumu 30 manat təşkil edir. MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan hazırkı iddianın verilməsinə görə dövlət büdcəsinə ödənilməli olan 30 manat dövlət rüsumu MPM-nin 119.2-ci maddəsinə əsasən Cavabdeh İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən İddiaçı hesablanmış 1321.50 manat məbləğində borc silinməli, həmçinin iddianın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda ödənilməsi nəzərdə tutulmuş 30 manat rüsumu Cavabdeh İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən İddiaçı hesablanmış 1321.50 manat (min üç yüz iyirmi bir manat əlli qəpik) məbləğində borc silinsin. İddianın verilməsinə görə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar