Məhkəmə qərarları › İş №e-2-2(113)-4773/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4773/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4773/2023 20.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və mediasiya xərci ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı və cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 2583.04 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə qarşılıqlı razılaşma əsasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, 077/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2021-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 2583.04 manat hissəsini bu günədək ödəməmişdir. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edilərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsini xahiş edilsə də, o, xəbərdarlıqlara məhəl qoymur və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınır. Xəbərdarlığın və həmin xəbərdarlığın cavabdehə göndərildiyini təsdiq edən poçt sənədlərinin surəti iddia ərizəsinə əlavə edilir. Cavabdehlə aralarında bağlanmış müqavilənin 8-ci bəndində qeyd edilib: “Tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, mübahisənin həllinə Satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaq.

3. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Cavabdeh 26 dekabr 2019-cu il tarixdə İddiaçı MMC-nə Cəmiyyətin Satış Departamentinə Satış üzrə nümayəndə vəzifəsinə təyin edilmiş və 02 noyabr 2020-ci il tarixə qədər həmin vəzifədə işləmişdir. 02 noyabr 2020-ci il tarixdə öz təşəbbüsü ilə MMC ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı MMC-də işlədiyi dövrdə heç vaxt satışla bağlı MMC qarşısında pul borcu olmamışdır. Bundan əlavə onun İddiaçı MMC arasında 21 oktyabr 2020-ci il tarixdə heç bir müqavilə bağlanmamış və ona heç bir məhsul verilməmişdir. Əlavə olaraq İddiaçı MMC tərəfindən heç bir fiziki şəxsə (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-təslim aktında qeyd edilən miqdarda məhsul verilmir. Onun MMCnin işçisi olduğu halda ona MMC tərəfindən 30000 manatlıq energetik içki verilməsi mümkün deyildi. İddiaçı MMC bütün işçilərinə işə götürülərkən (MMC gələcəkdə özünü sığortalamaq üçün) formal olaraq müxtəlif məbləğlərdə nisyə alqı-satqı müqaviləsinə imza etdirirlər. Lakin qeyd edilən müqavilə üzrə ona və ya digər işçilərə heç bir məhsul verilmir. Əlavə olaraq adına olan VÖEN 2016-cı ildən deaktiv edilmişdir. Çünki 2016-cı ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 2016-cı ildə fəaliyyətini dayandırmışdır. Əlavə olaraq iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya aralarında bağlanmış müqaviləyə əsasən ona verilmiş məhsulların dəyərini 3 ay ərzində ərzində ödəməli idi. Qeyd edilən müddət 21 yanvar 2021-ci il tarixdə bitmişdir. Belə olan halda MMC nə üçün 02 noyabr 2020-ci il tarixdə öz təşəbbüsü ilə işdən çıxmağına göz yumdu və bütün son haqq-hesabı ödədi? Bütün bu hallar bir daha təsdiq edir ki, onunla bağlanmış nisyə alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. O, müqavilə bağlandıqdan sonra İddiaçı MMC-nin işçisi olmuş, əgər işçi kimi MMC-nə ziyan vurmuşdursa, bununla bağlı Əmək Məcəlləsinin 296-cı maddəsinə 1 il ərzində iddia qaldırmalı idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Lakin iddia ərizəsindən göründüyü kimi iddiaçı 08 iyun 2023-cü il tarixdə iddia ərizəsi il məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçı təşkilat bütün işçilərinə eyni tipli müqavilə imzaladır və daha sonra oxşar iddia tələbi ilə məhkəməyə müraciət edir.

4. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)- 1318/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı-pul tələbi barədə iddiası əsasında olan iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixə təyin olunan məhkəmə baxışı iclasının nümayəndələrinin iştirakı olmadan baxılaraq, qətnamə çıxarılmasını xahiş etmişdir. Cavadeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 077/2020 saylı məhsulların alqı-satqısı barədə müqaviləyə əsasən:

9. Müqavilənin 1-ci bənidnə əsasən satıcı alıcıya ümumi dəyəti 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır.

10. Müqavilənin 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir.

11. Müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıya 30000 manat məbləğində olan borcunu 03 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 5-ci bəndinə əsasən Alıcı Satıcının hesabına ödəməli olduğu vəsaiti nəğd və ya köçürülmə formasında, yalnız Satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti Alıcı tərf daşıyır.

13. Müqavilənin 8-ci bəndinə əsasən tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaq.

14. xx.xx.2020-ci il tarixli, 077 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 30.000 manat dəyərində mallar alıcı Cavabdeh təhvil verilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir.

15. Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizədə MMC ilə aralarında bağlanan nisyə alqı-satqı müqaviləsi üzrə 30000 manat borcunun yarandığını, borcunu etiraf etdiyini, üç aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir.

16. 09.10.2023-cü il tarixli, 1788 saylı maliyyə arayışına əsasən Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh müqavilə üzrə aldığı malın dəyərinin 27416,96 manat hissəsini ödədiyini, 2583,04 manat hissəsini ödəmədiyi və bugünə olan borcu 2583,04 manat təşkil edir.

17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

20. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

25. Tərəflər arasında xx.xx.2020-ci il tarixli 077/2020 saylı müqavilə bağlanmış və həmin müqavilənin 1-ci bənidnə əsasən satıcı alıcıya ümumi dəyəti 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, müqavilənin 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul etməyi və müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıya 30000 manat məbləğində olan borcunu 03 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürmüşdür.

26. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı və borcun etirafına dair ərizə ilə təsdiqini tapdığı üçün iddia tələbinin 2583,04 manat borca dair təmin olunması üçün əsaslar mövcuddur.

27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 2583,04 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2583,04 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə cavabdeh tərəfindən etiraz ərizəsində qeyd edilən faktlarla bağlı bildirir ki, cavabdeh sadəcə olaraq formal mülahizələr əsasında iddia tələbini qəbul etməmiş, həmin dəlillərə dair (iddiaçı şirkətin işçisi olması, alqı-satqı müqaviləsinin formal bağlanması, İddiaçı MMC tərəfindən heç bir fiziki şəxsə (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-təslim aktında qeyd edilən miqdarda məhsulun verilməməsi və s.) sübut təqdim etməmişdir. Eyni zamanda tərəfindən borcun əksər hissəsinin ödənilməsi aralarında bağlanmış müqavilə üzrə öhdəlikləri qəbul etməsi kimi dəyərləndirilməlidir. Digər tərəfdən, etirazda qeyd edildiyi kimi əgər cavabdeh iddiaçı şirkətin işçisi olmuşdursa da belə, tərəflər arasında əmək münasibətlərinin olması, mülki-hüquq münasibətlərini istisna edən və ya alqı-satqı müqaviləsinin bağlanmasına maneə/əngəl kimi giymətləndirilə bilməz. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2014-cü il tarixindən etibarən ********** nömrəli VÖEN-i vardır, fərdi sahibkar qismində vergi orqanında qeydiyyata alınmışdır.

29. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).

30. Göründüyü kimi cavabdehin etirazında bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.

31. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

34. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

35. Digər tərəfdən MPM-in:

36. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

37. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

39. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

40. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 077/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2583,04 manat borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 60 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar