Məhkəmə qərarları › İş №e-2-2(113)-478/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-478/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-478/2021 23.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11,047.65 manat əsas borc və 30 manat dövlət rüsumunun, cəmi 11, 077.65 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müxtəlif mallara dair alqısatqı əməliyyatları həyata keçirilmiş və cavabdeh iddiaçıdan aldığı malların dəyərinin müəyyən bir qismini ödəmişdir. Buna baxmayaraq xx.xx.2020-ci il tarixli, HBN/3 seriyalı, 694489 nömrəli və xx.xx.2020-ci il tarixli, HBN/4 seriyalı, 206497 nömrəli malların təhvilqəbul aktlarına əsasən cavabdeh tərəfindən iddiaçıdan cəmi 11,047.65 manat dəyərində müxtəlif mallar qəbul edilsə də, həmin malların dəyəri hazırkı vaxtadək ödənilməmişdir. Ödənişin həyata keçirilməsi üçün tərəflərindən cavabdehə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir. Göstərilən məbləğdə malların cavabdeh tərəfindən qəbul edilməsini malların təhvil-qəbul aktları bir daha təsdiq edir. Həmçinin tərəflər arasında 2020-ci ilin oktyabr ayında imzalanmış üzləşmə aktına əsasən cavabdehin açıq-aşkar borclu olması sübut olunur. Bununla bağlı dəfələrlə nümayəndə vasitəsilə şirkətin rəhbəri ilə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin hər hansı bir ödəniş həyata keçirilməmişdir. Borcun ödənilməsinə dair cavabdehə rəsmi şəkildə xx.xx.2020-ci il tarixli, 250 saylı pretenziya məktubu da göndərilmiş və cavabdeh həmin pretenziya məktubunu xx.xx.2020-ci il tarixdə rəsmi şəkildə qəbul etmişdir. Lakin cavabdeh hazırkı vaxtadək həmin ödənişi həyata keçirməmişdir. Nəticədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan 27 iyul 2020-ci il tarixli SQ20/154 nömrəli məhsulların alğı-satqı müqaviləsinə əsasən şirkət mülkiyyətində olan müxtəlif növ malları müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olan obyektdə istifadə etməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən müştəri təhvil-qəbul aktı üzrə qəbul etdiyi məhsulların dəyərini məhsulları təhvil aldığı tarixdən etibarən şirkət tərəfindən təqdim olunmuş elektron qaiməyə uyğun olaraq 28 gün ərzində şirkətə olan bütün borcları tam şəkildə ödəməlidir.Satılmış məhsulların dəyəri müştəri tərəfindən şirkətin bank hesabına nağdsız köçürmə yolu ilə ödənilir. Ödənilmiş pul vəsaitinin şirkətin hesabına oturduğu gün ödəniş günü hesab olunur. Satılmış məhsulların dəyəri şirkətə vaxtında ödənilmədikdə müştərinin yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir. - xx xxxx 2020-ci il tarixli, HBN/3 seriyalı, 694489 nömrəli malların təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri ƏDV daxil olmaqla dəyəri 9,989.24 manat olan müxtəlif adda mallar təhvil verilmişdir. Sonda akt hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. - xx xxxxxx 2020-ci il tarixli, HBN/4 seriyalı, 206497 nömrəli malların təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə vahidinin qiyməti 13,51 manat təşkil edən 5 kq-lıq 125,000 ədəd Kulinarka Bitki yağı Spredi 92% vahidinin qiyməti 20.24 manat təşkil edən 125,000 ədəd 5 kq-lıq Kalinka kere yağı və vahidinin qiyməti 14.10 manat təşkil edən 125,000 ədəd 5 kq-lıq Krestyanskoe kere yağı olmaqla ümumi dəyəri ƏDV daxil olmaqla dəyəri 7,058.41 manat olan mallar təhvil verilmişdir. Sonda akt hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. - xx.xx.2020-ci il tarixli, EBAP seriyalı 072056 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmış malların dəyəri 7058.40 manat təşkil etmişdir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2020-ci ilin oktyabr ayında imzalanmış qarşılıqlı hesablaşmalar barədə üzləşmə aktından görünür ki, həmin tarixə Cavabdeh MMC-nin “Sun Food” MMC-yə ödənilməli olan borc məbləği 11,047.65 manat təşkil edir. Sonra akt hər iki tərəfin nümayəndəsinin imzası və cəmiyyətlərin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən 15 oktyabr 2020-ci il tarixdə Cavabdeh MMC-yə pretenziya qaydasında 250 nömrəli məktub ünvanlanaraq, İddiaçı MMC tərəfindən satılmış və dəyəri 11,047.65 manat təşkil edən malların dəyərinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gəlir Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğısatqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli malların təhvil-qəbul aktlarından məlum olur ki, İddiaçı MMC tərəfindən cavabdehə müxtəlif adda və miqdarda mallar təhvil verilmişdir. Tərəflər arasında 2020-ci ilin oktyabr ayında bağlanmış üzləşmə aktından isə məlum olur ki, hər iki tərəf cavabdehin həmin tarixə cavabdehin təhvil verilmiş mallara görə ödənilməmiş 11,047.65 manat məbləğində borcu qalmışdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 11,047.65 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11,047.65 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 11,047.65 manat borc məbləği və 30 manat dövlət rüsumu, cəmi 11,077.65 (on bir min yetmiş yeddi manat altmış beş qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar