Məhkəmə qərarları › İş №e-2-2(113)-478/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-478/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-478/2022 04.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə üzrə yaranmış 1087,44 manat məbləğində əsas borc, cərimə üzrə hesablanmış 3157,96 manat, dövlət rüsumu olaraq 60 manat, cəmi 4305,40 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 20.09.2019-cu il tarixli, 00955 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri Cavabdeh MMC müqavilə üzrə “Partnyor”, İddiaçı MMC isə “Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi tərəfindən Partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə X3 manatlarının hesablanmasının maliyyələşdirməyi, Operator isə Bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının uçotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən, X1 14-cü bölməsində göstərilən hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, Müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları Müştərinin Partnyorun TMM-ində həyata keçirdiyi əməliyyatlarının məbləğindən 5 % dərəcəsi ilə hesablanır. Müqavilənin 4.1-ci bəndinə əsasən, Partnyor Operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, Partnyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında Operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 2-ni % (18% dərəcə ilə ƏDV daxil olmaqla) təşkil edir. Müqavilənin 2.3cü bəndinə əsasən, tərəflər Proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa gəlmişlər. Eləcə də, müqavilənin 11-ci bəndində müqavilənin şərtlərinin aydın və Tərəflərin real razılaşmasına uyğun olduğu, müqavilənin bağlanmasının Tərəflərin maraqlarına cavab verdiyi qeyd edilmişdir. Lakin, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblər ilə yayınmışdır. Belə ki, müqavilə bağlandığı tarixdən, müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə cavabdeh 1087,44 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan 20 sentyabr 2019-cu il tarixli 00955 nömrəli xidmət müqaviləsinə əsasən Proqram çərçivəsində Müştəri tərəfindən Hesablayan Partnyorun TMM-ində əməliyyatlar həyata keçirildikdə X3 manatların hesablanmasını maliyyələşdirməyi öhdəsinə götürür. Belə halda Operator Proqramın qaydalarına uyğun olaraq Müştərinin bonus hesabına Bonus manatlarını hesablamağı, Bonus manatların Ekvivalenti məbləğinin hesablanmasını təmin etməyi, öz hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini qəbul etməyi, Bonus manatlarının uçotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən Bonus manatlarının istifadəsi üzrə göstərişini yerinə yetirməyi öhdəsinə götürür. X1 13-cü bölməsində göstərilən hesablaşma hesabına Operator tərəfindən hesablanan Bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Tərəflər razılığa gəlirlər ki, Müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları Müştərinin Partnyorun TMM-ində həyata keçirdiyi əməliyyatlarının məbləğindən 5 % dərəcəsi ilə hesablanır. Proqram çərçivəsində Müştəri tərəfindən İstifadə edən Partnyorun TMM-də əməliyyatlar həyata keçirildikdə X2 manatlarından istifadə etməyi öhdəsinə götürür. Belə halda Operator Proqramın qaydalarına uyğun olaraq Müştərinin bonus hesabından istifadə edilmiş Bonus manatlarını silməyi, Bonus manatlarının Ekvivalent məbləğinin hesablanmasını təmin etməyi, Partnyorun Müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.5-ci bəndinə əsasən bonus manatlarının Ekvivalentinin Operatorun hesablaşma hesabına köçürülməsi Operatorun hesabat ayının nəticələri əsasında hazırladığı toplanmış Bonus manatıarının Hesabatı əsasında Hesablayan Partnyor tərəfindən həyata keçirilir. Hesabat Operator tərəfindən Partnyora hesabat ayından sonrakı ayın 10-dan gec olmayaraq göndərilir. Müqavilənin 4.1-ci bəndinə əsasən Partnyor Operatora göstərdiyi Xidmətlərə görə aylıq haqq ödəyir. Partnyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partnyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında Operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 2-ni % (18% dərəcə ilə ƏDV daxil olmaqla) təşkil edir. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan maliyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən Tərəf digər Tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0,5 faizi məbləğində cərimə (penya) ödənilməsini tələb etmək hüququna malikdir. Borcun hesablanmasına dair sənəddən məlum olur ki, cavabdehin ödənilməmiş borcu 2019-cu ilin dekabr ayı üçün 984,10 manat, 2020-ci ilin yanvar ayı üçün 1044,49 manat, 2020-ci ilin fevral ayı üçün 1522,68 manat, 2020-ci ilin mart ayı üçün 623,46 manat, 2020-ci ilin aprel ayı üçün 40,77 manat, 2020-ci ilin may ayı üçün 13,05 manat, 2020-ci ilin iyun ayı üçün 11,43 manat, 2020-ci ilin iyul ayı üçün 5,43 manat olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya 22.01.2020-ci il tarixli, EBAF seriyalı 318322 saylı elektron qaiməyə əsasən 239,15 manat, 15.02.2020-ci il tarixli, EBAG seriyalı 430567 saylı elektron qaiməyə əsasən 261,45 manat, 17.03.2020-ci il tarixli, EBAH seriyalı 788074 saylı elektron qaiməyə əsasən 396,53 manat, 19.04.2020-ci il tarixli, EBAİ seriyalı 929529 saylı elektron qaiməyə əsasən 169,65 manat, 18.05.2020-ci il tarixli, EBAK seriyalı 062280 saylı elektron qaiməyə əsasən 11,55 manat, 17.06.2020-ci il tarixli, EBAL seriyalı 213601 saylı elektron qaiməyə əsasən 3,86 manat, 10.07.2020-ci il tarixli, EBAM seriyalı 203444 saylı elektron qaiməyə əsasən 3,50 manat, 12.08.2020-ci il tarixli, EBAN seriyalı 580165 saylı elektron qaiməyə əsasən 1,75 manat məbləğində pul ödənilməlidir. İddiaçı cavabdehə pretenziya qaydasında məktub ünvanlayaraq cavabdehdən müqavilə üzrə onun üzərinə düşən öhdəliklərini icra etməyi və göstərilən xidmətlərə görə ümumilikdə 1087,44 manat məbləğində olan borcunu ödəməyi tələb etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 20.09.2019-cu il tarixli, 00955 saylı xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1087,44 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1087,44 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış hazırkı müqavilənin 7.1-ci bəndinə əsasən hesablanmış 3157,96 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumunun 30 manatı cavabdehə, 30 manatı iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1087,44 manat (bir min səksən yeddi manat qırx dörd qəpik) məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 50 (əlli) manat cərimə, ümumilikdə 1137,44 manat (bir min yüz otuz yeddi manat qırx dörd qəpik) məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı İddiaçı MMC-yə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar