Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4790/2023 07.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddaçı ilə cavabdeh arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli, 2021/002 nömrəli “Yük daşınması müqaviləsi”nə və 07 iyun 2022-ci il tarixli, 01 nömrəli Razılaşmaya əsasən 19,650.00 Avro və 6,550.00 ABŞ dolları məbləğində borcun, 210.00 manat mediasiya xərclərinin və 22.10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddaçı ilə cavabdeh arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli, 2021/002 nömrəli “Yük daşınması müqaviləsi”nə və 07 iyun 2022-ci il tarixli, 01 nömrəli Razılaşmaya əsasən 19,650.00 Avro və 6,550.00 ABŞ dolları məbləğində borcun, 210.00 manat mediasiya xərclərinin və 22.10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı beynəlxalq yükdaşıma xidmətləri ilə məşğul olan, Türkiyə Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. 2020-ci ilin sonlarında iddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus malların müxtəlif Avropa ölkələrindən və Türkiyədən daşınaraq Azərbaycan Respublikası ərazisinə gətirilməsi razılaşdırılmışdır. İlk yükdaşınması uğurla həyata keçirildikdən sonra, iddiaçı ilə cavabdeh arasında 01 yanvar 2021-ci il tarixli, 2021/002 nömrəli “Yük daşınması müqaviləsi”nin imzalanması razılaşdırılmış, həmin müqavilə iddiaçı tərəfindən imza və möhür edilərək cavabdehə göndərilsə də, cavabdeh tərəfindən müqavilə təsdiqlənmiş formada iddiaçıya qaytarılmamışdır. Müqavilənin imzalı nüsxəsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmasa da, cavabdeh iddiaçıya bundan sonra elektron yazışmalar (mail) vasitəsilə müxtəlif sifarişlər vermiş və malların (yüklərin) daşınmasını sifariş etmişdir. İddiaçı da öz növbəsində sifarişlər üzrə yüklərin Azərbaycan Respublikası ərazisinə müxtəlif tarixlərdə daşınmasını həyata keçirtmişdir. Yuxarıda göstərilən müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı yükü, hər yükə görə tərtib olunmuş Beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkə) digər şəhərə (ölkəyə) daşımağı, cavabdeh isə iddiaçıya yükləmədən sonra Əlavədə göstərilən müddət ərzində daşınma haqqını tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin, iddiaçı tərəfindən yük daşıma xidmətləri vaxtında və düzgün şəkildə həyata keçirilsə də, cavabdeh öz öhdəliklərini vaxtında və düzgün şəkildə yerinə yetirməyərək, ödənişləri həyata keçirməmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehin bütün sifarişləri vaxtında və düzgün şəkildə yerinə yetirilmiş, mallar təyinat nöqtələrinə çatdırılmışdır. Uzun yazışma və şifahi danışıqlardan sonra tərəflər arasında 07 iyun 2022ci il tarixli, 01 nömrəli Razılaşma imzalanmış və 2021-2022-ci illər ərzində iddiaçı tərəfindən cavabdehə göstərilmiş yük daşınması xidmətlərinə görə cavabdeh tərəfindən ümumilikdə 19650 Avro və 6550 ABŞ dolları məbləğində göstərilmiş xidmətlərə görə yaranmış borc qəbul olunaraq, bütün vəsaitin xx.xx.2022-ci il tarixədək tam formada ödənilməsi öhdəliyi götürülmüşdür. Lakin bundan sonra da, iddiaçı cavabdehə olan borcunu ödəməmişdir. Beləliklə, cavabdehin 31 avqust 2023-cü il tarixinədək iddiaçıya olan borcu 19,650.00 Avro və 6,550.00 ABŞ dolları təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 7 iş günü müddətinə vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır.
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 yanvar 2021-ci il tarixli, 2021/002 nömrəli “Yük daşınması müqaviləsi” "Daşıyıcı" tərəfindən imzalanmış, lakin sifarişçi Cavabdeh MMC tərəfindən imzalanmamışdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmsı nəzərdə tutulmuş 01 yanvar 2021-ci il tarixli, 2021/002 nömrəli “Yük daşınması müqaviləsi” sifarişçi Optimal Elektronika” MMC tərəfindən imzalanmamışdır. Bundan əlavə, araşdırma aparılsa da iddiaçının iddia ərizəsinə əlavə edilmiş qaimələrdə göstərdiyi malların cavabdehə çatırılmasına və sifarişçi tərəfindən həmin malların qəbul etməsinə dair təhvil-təslim aktını iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı 01 yanvar 2021-ci il tarixli, 2021/002 nömrəli “Yük daşınması müqaviləsi” üzrə mallann Cavabdeh MMC-yə fiziki olaraq təhvil verməsinə dair heç bir sübut təqdim etməmişdir. Müqavilənin 5.4-cü bəndindən görünür ki, yük boşaldılarkən “Daşıyıcının nümayəndəsinin iştirakı təmin olunur, daşınma ilə bağlı hər hansı qüsur, nöqsan və çatışmazlıq halı aşkarlanarsa, bu Beynəlxalq qaimə sənədlərində, təhvil təslim qarfasında, yalnız yük boşaldılan zaman qeyd olunmalıdır. Göründüyü kimi, cavadeh tərəfindən etirazının əsaslarını təsdiq edən sübutlarını məhkəməyə təqdim edilməmişdir. Müvafiq araşdırmalar aparılmış, sorğular verilmiş və malların MMC-yə təhvil verilməsini təsdiq edən heç bir sənəd və ya məlumat əldə edilməmişdir. Məhsullar Cəmiyyətə daxil olduqda həmin məhsul dərhal baxış keçirilir və qəbul aktı imzalanır. Hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilənlər əsassızdır.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. xx.xx.2021-ci il tarixli 2021/002 saylı Yük daşınması müqaviləsindən görünür ki, iddiaçı yükü, hər yükə görə tərtib olunmuş Beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkə) digər şəhərə (ölkəyə) daşımağı, cavabdeh isə iddiaçıya yükləmədən sonra Əlavədə göstərilən müddət ərzində daşınma haqqını tam ödəməyi öhdələrinə götürmüşlər.
11. xx.xx.2022-ci il tarixli 01 saylı Razılaşmadan görünür ki, razılaşma iddiaçı ilə cavabdeh arasında bağlanmış və razılaşmaya əsasən 19650 Avro və 6550 ABŞ dolları məbləğində yaranmış borc cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçıya tam formada ödəniləcəyi razılaşdırılmışdır. Razılaşma tərəflərin möhürləri və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilmişdir.
12. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 2021/002 saylı Yük daşınması müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı yükü, hər yükə görə tərtib olunmuş Beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkə) digər şəhərə (ölkəyə) daşımağı, cavabdeh isə iddiaçıya yükləmədən sonra Əlavədə göstərilən müddət ərzində daşınma haqqını tam ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdeh üçün yüklər daşınmış, tərəflərin imzaladığı və möhürləri ilə təsdiq etdiyi xx.xx.2022-ci il tarixli 01 saylı Razılaşmaya əsasən cavabdehin iddiaçıya 19650 Avro və 6550 ABŞ dolları borcu qalmış, həmin borcun cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ödəniləcəyi razılaşdırılmışdır.
13. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış yük daşınması müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, yükləri daşımış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir.
14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış daşıma müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 01 saylı Razılaşmanın, gömrük bəyannamələrinin, fakturaların qarşılıqlı təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, sifariş olunan yükləri cavabdeh üçün daşımış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya daşıma müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında daşıma müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdeh üçün yüklər daşınmış, cavabdeh həmin daşımalara görə qalmış 19650 Avro və 6550 ABŞ dolları borcu ödəməmişdir. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.
16. Belə olan halda isə Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyini həyata keçirmədiyinə baxmayaraq öhdəliyi qarşılıqlı icrası həyata keçirilmişdirsə, digər tərəf öz öhdəliyini icra etməlidir.
17. Məcəllənin qeyd olunan müddəasının mənası baxımından iddiaçı üzərinə düşən öhdəliyini yerinə yetirdiyi halda, cavabdeh də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir, yəni cavabdeh iddiaçının yükün daşınmasına görə muzdunu ödəməyə borcludur.
18. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və yükün daşınmasına görə qalıq qalmış 19650 Avro və 6550 ABŞ dolları borc cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia təmin edilməlidir.
19. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 210 manat məbləğində pul Bakı 11 saylı Mediasiya təşkilatına ödənilmişdir.
20. Buna görə də məhkəmə hesab edir ki, mediasiya xərcinə görə ödənilmiş 210 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli, 2021/002 nömrəli Yük daşınması müqaviləsinə və 07 iyun 2022-ci il tarixli, 01 nömrəli Razılaşmaya əsasən 19,650.00 Avro və 6,550.00 ABŞ dolları məbləğində borc, 210.00 manat mediasiya xərci və 22.10 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev