Məhkəmə qərarları › İş №e-2-2(113)-4796/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4796/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4796/2024 01.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Rüfət oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 735.144,25 manat (ƏDV daxil) borcun, gecikdirilmiş vaxt üçün hesablanmış 73.500 manat faizin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 3.150 manatın, habelə ödənilmiş 1.101,79 manat dövlət rüsumunun əvəzinin, cəmi 811.794 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC iləCavabdeh MMC arasında SM-M- 12/13 saylı, xx.xx.2023 -cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək, müxtəlif növdə ehtiyat hissələrini və materialları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, iddiaçıya 735.144.25 manat (ƏDV daxil) borcu qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Rüfət oğlu iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

9. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

10. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

11. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

12. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə malların verilməsi ilə bağlı elektron qaimələr göndərilmişdir.

13. İş materiallarında olan hər iki hüquqi şəxsin möhürü və imzası ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 735.144,25 manat borcunun olduğunu qəbul etmişdir.

14. Bundan başqa da, məhkəmə iclasında malların cavabdehə təhvil verilibverilməməsi soruşulmuş, cavabdeh tərəf də, qeyd edilmiş dəyərdə malların təhvil verildiyini, ancaq malların baha qiymətə satıldığını bildirmişdir.

15. Həmçinin məhkəmə iclasında işə əlavə edilmiş 18.07.24-cü il tarixli (15.800 manat), xx.xx.2024-cü il tarixli (15.800 manat), xx.xx.2024-cü il tarixli (20680 manat), xx.xx.2024-cü il tarixli (31.400 manat) qəbzlərdə göstərilmiş ödənişlərin, məhz indiki tələb edilən borca aid olub-olmaması soruşulmuş və hər iki tərəf, tərəflər arasında bir alqı-satqı müqaviləsinin olduğunu, ancaq qeyd edilmiş ödənişlərin hazırkı borca deyil, tərəflər arasında olan başqa mal mübadiləsinə aid olduğunu bildirdilər.

16. Bundan başqa da, məhkəmə iclasında hər iki tərəf üzləşmə aktında qeyd edilmiş 735.144,25 manat puldan hər hansı bir ödəniş olmadığını bildirdilər.

17. Belə olan halda, Məhkəmə hesab edir ki, 735.144,25 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə verildiyindən və cavabdeh tərəfindən qeyd edilmiş malların dəyərini ödəmədiyindən, 735.144,25 manat məbəğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Məhkəmə iclasında iddiaçı tərəfdən tələb edilən gecikdirilmiş vaxt üçün hesablanmış 73.500 manat pulun nə kimi tələb edilməsi dəqiqləşdirilmiş və iddiaçı tərəf də, tələb edilən bu pulun tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən tələb edilən cərimə məbləği olduğunu bildirmişdir.

19. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 3.6-cı bəndinə əsasən ödənişlərin aparılması öhdəliyin icrasının son tarixindən sonra alıcının/sifarişçinin ödənişi gecikdirməsi halında alıcı/sifarişçi satıcıya/podratçıya hər gecikdirilən gün gün üçün borcun 0.5%-i miqdarında сərimə ödəməlidir. Cərimənin ümumi məbləği Müqavilanin ümumi məbləğinin 10%-dən artıq ola bilmaz.

20. Göründüyü kimi, iddiaçının istinad etdiyi müqavilənin bəndi öhdəliyin icra edilməməsi nəticəsində cərimə məbləğinin tətbiq edilməsinin mümkünlüyünü ehtiva edir.

21. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

22. Hazırkı işin hallarından görünür ki, cavabdehin 735.144,25 manat manat əsas borcuna münasibətdə 36.000 manat məbləğində cərimə daha ağlabatan və ədalətlidir.

23. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

24. Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. ödənilməlidir.

25. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 1.061,14 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 735.144 (yeddi yüz otuz beş min yüz qırx dörd) manat 25 (iyirmi beş) qəpik, cərimə borcu üzrə 36.000 (otuz altı min) manat məbləğində pul, ümumilikdə 771.144 (yeddi yüz yetmiş bir min yüz qırx dörd) manat 25 (iyirmi beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.061 (bir min altmış bir) manat, 14 (on dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar