Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-480/2022 14.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 180,392.93 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaranmış sığorta münasibətləri tənzimləyən AR Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu cür müqavilələr tərəflər arasında bağlanılmış və sonuncunun sahibliyində olan əmlaklara (nəqliyyat vasitələri) sığorta təminatı verilmişdir. Bağlanılmış sığorta müqavilələrinin ümumi sığorta haqqı məbləği 180,392.93 manat təşkil etmişdir. Lakin borclu "xxxx" MMC öhdəlik münasibətlərində üzərinə düşən vəzifələri icra etməyərək "xxxx" ASC-yə 180,392.93 manat məbləğində zərər vurmuşdur. Mediasiya prosesinə dəvət edilməsinə baxmayaraq cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı bununla bağlı mediatora 400 manat haqq ödəmişdir. 17 fevral 2022-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən 174,768.99 manat real zərər məbləği, 132,342.75 manat əldən çıxmış fayda məbləği, 34524.29 manat mənfəət vergisi məbləği, 1789.56 manat İcbari Sığorta Bürosuna 5% məcburi ayırma məbləği, ümumilikdə 343,783.51 manat pul vəsaitinin və 400 manat mediasiya rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, bağlanılmış sığorta müqavilələrinin ümumi sığorta haqqı məbləği 196,917.62 manat təşkil etmişdir. Lakin MMC öhdəlik münasibətlərində üzərinə düşən vəzifələri icra etməmişdir. Hesablanılmış sığorta haqqı məbləğlərini sığortaçıya ödəməmişdir. 25.08.2016-cı il tarixində cavabdeh 196917.62 manat məbləğində borcunu 2016/S002 saylı üzləşmə aktı ilə təsdiq (etiraf) etmişdir. İddiaçının 26.05.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin hazırki borcu 180,392.93 manat təşkil etmişdir. Bundan sonra yaranmış mübahisə üzrə "xxxx" MMC tərəfindən iqtisadi ekspertiza keçirilmişdir. Ekspert rəyinə əsasən real zərər məbləği 174,768.99 manat, əldən çıxmış faydanın məbləği 132342.75 manat, mənfəət vergisi məbləği (real zərər məbləği) 34,524.29 manat, İcbari Sığorta Bürosuna 5% məcburi ayırma məbləği 1789.56 manat , sığortaçının qarşısıalınma tədbirləri fonduna 1% 357.92 manat təşkil etmişdir. Göründüyü kimi cavabdeh öhdəlik münasibətlərində üzərinə düşən vəzifələri icra etməyərək iddiaçıya ümumilikdə 343,783.51 manat məbləğində zərər vurmuşdur. Mediasiya prosesinə dəvət edilməsinə baxmayaraq cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı bununla bağlı mediatora 400 manat rüsum ödəmişdir. 25 fevral 2022-ci il tarixdə iddiaçı təkrarən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 174768.99 manat sığorta haqqı, 132342.75 manat əldən çıxmış fayda məbləği və 1789.56 manat məbləğində İcbari Sığorta Bürosuna 5% məcburi ayırma məbləği olmaqla, ümumilikdə 343783.51 manat pul vəsaitinin və 400 manat mediasiya rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil verdiyi izahatda bildirdi ki, iddiaçı tərəfin məhkəməyə təqdim etidiyi müqaviləyə dair məlumatlar müqavilə kimi qiymətləndirilə bilməz. Həmin sənədlər məlumat xarakterlidir. Eyni zamanda həmin məlumatlarda qısa müddətlər nəzərdə tutulmuş və həmin müddətlərdə ödəniş olunmadığı təqdirdə sığorta şəhadətnaməsinin qüvvədən düşməsi qeyd olunmuşdur. Bundan əlavə hətta tərəflər arasında müqavilə münasibəti olsa belə, tələb hüququ üzrə iddia müddəti keçmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili 17 yanvar 2022-ci il tarixdə hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - “Elektron informasiya” Sistemindən əldə edilmiş İcbari Sığorta müqaviləsinə dair məlumatlara əsasən “sığortaçı” qismində "xxxx" ASC, “sığortalı” qismində Cavabdeh MMC arasında nəqliyyat vasitəsinin sığorta olunması barədə 31.05.2015-ci il tarixdə sığorta təminatının müddəti 12 ay olan (01.04.2015-31.03.2016) 52 ədəd, 18.06.2015-ci il tarixdə təminat müddəti 12 ay olan (19.06.2015-18.06.2016) 11 ədəd, 29.06.2015-ci il tarixdə təminat müddəti 12 ay olan (30.06.2015-29.06.2016) 26 ədəd, 03.08.2015-ci il tarixdə təminat müddəti 12 ay olan (04.08.2015-03.08.2016) 4 ədəd, 28.04.2016-ci il tarixdə təminat müddəti 12 ay olan ( 06.05.2016-05.05.2017) 1 ədəd, 07.06.2016 təminat müddəti 12 ay olan ( 30.06.2015- 29.06.2016) 29 ədəd, 28.10.2015-ci il tarixdə təminat müddəti 12 ay olan ( 04.11.2015- 03.11.2016) 1 ədəd, 02.08.2016-ci il tarixdə təminat müddəti 12 ay olan (04.08.2016- 03.08.2017) 16 ədəd, 21.07.2015 təminat müddəti 12 ay olan (22.07.2015-21.07.2016) 2 ədəd, 04.03.2015 təminat müddəti 12 ay olan ( 05.03.2015-04.02.2016) 3 ədəd, 06.03.2015 təminat müddəti 12 ay olan (07.03.2015-06.02.2016) 1 ədəd, 02.09.2015-ci il tarixdə təminat müddəti 12 ay olan (09.09.2015-08.09.2016) 1 ədəd, 04.03.2015 –ci il tarixdə təminat müddəti 12 ay olan (05.03.2015-04.03.2016) 3 ədəd, 06.11.2015-ci il tarixdə təminat müddəti 12 ay olan (12.11.2015-11.11.2016) 1 ədəd müqavilələr bağlanmışdır. Məlumatın son hissəsində qeyd edilmişdir ki, bu sənəd məlumat xarakterlidir, heç bir hüquqi əhəmiyyət kəsb etmir. Kağız daşıyıcıda rəsmiləşdirmə 01.11.2016-cı il tarixdən etibarən dayandırılmışdır. - "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 25.08.2016-cı il tarixli, 2016/S002 nömrəli üzləşmə aktının surətinə əsasən "xxxx" ASC şirkətinin mühasibat qeydlərində Cavabdeh MMC-nin kreditor borc qalıqları 31.07.2016-cı il tarixinə 196,917.62 manat məbləğində borcu vardır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş 26.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC-nin ümumi borc məbləği 211614.71 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 14.2.1 ("Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır".) və 386.1-ci ("Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.") maddələri müqaviləni öhdəliyin yaranma əsası kimi müəyənləşdirir. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. MM-in 405-ci maadəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. İşin hallarından məlum olur ki, iddiaçı "xxxx" ASC Cavabdeh MMC ilə 147 ədəd icbarı sığorta müqaviləsi və 8 ədəd könüllü sığorta müqaviləsi bağlandığını, həmin müqavilələr üzrə hər hansı bir ödənişin həyata keçirilmədiyini iddia edərək cavabdehdən 174768.99 manat sığorta haqqı, 132342.75 manat əldən çıxmış fayda məbləği və 1789.56 manat məbləğində İcbari Sığorta Bürosuna 5% məcburi ayırma məbləği olmaqla, ümumilikdə 343783.51 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbi ilə çıxış edir. Məhkəmə tərəfindən sözgedən sığorta müqavilələrinin təqdim edilməsi tələb edilməsinə baxmayaraq iddiaçı həmin müqavilələri məhkəməyə təqdim edə bilməmiş, bunun əvəzində elektron sistemdən çıxarılmış icbarı sığorta müqavilələrinə dair məlumatları təqdim etmişdir. “İcbari Sığorta haqqında” AR Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən İcbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən sığortalıya müvafiq sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanır. İddiaçı tərəflər arasında sığorta müqavilələrinin bağlandığını iddia etsə də, həmin müqavilələrin bağlanmasını təsdiq edən sığorta şəhadətnamələrinin məhkəməyə təqdim edilməsini təmin edə bilməmişdir. Bunun əvəzində tərəflər arasında əvvəlki dövrlərdə bağlanmış sığorta müqavilələri üzrə şəhadətnamələrini təqdim etmişdir. Bundan əlavə iddiaçı iddia edir ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq müqavilələr elektron informasiya sistemi vasitəsilə bağlanıldığınan kağız daşıyıcıda onların təqdim edilməsi mümkün olmamışdır. Belə ki, “İcbari Sığorta haqqında” AR Qanununun 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Lakin nəzərə alınmalıdır 01.11.2016-cı il tarixdə sığorta qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən icbari sığorta müqavilələrinin kağız daşıyıcıda rəsmiləşdirilməsi 01.11.2016cı il tarixdən etibarən dayandırılmışdır. İddiaçı tərəfindən təqdim edilən icbari sığorta müqaviləsinə dair məlumatlardan isə görünür ki, müqavilələrin böyük bir hissəsinin tarixi 2015-ci ili əhatə edir. Son olaraq isə 02.08.2016-cı il tarixli icbari tibbi sığorta müqaviləsinə dair məlumat vardır. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında sığorta müqaviləsi məhz kağız daşıyıcıda rəsmiləşdirilməli və bununla bağlı müvafiq sığorta şəhadətnaməsi tərtib edilməli idi. Lakin iddiaçı nə tərəflər arasında bağlanmış müqavilələri, nə də ki sığıorta şəhadətnamələrini təqdim edə bilməmişdir. Bundan əlavə iddiaçı məhkəməyə istinad etdiyi halların sübutu olaraq tərəflər arasında bağlanmış 25 avqust 2016-cı il tarixli, 2016/S002 nömrəli üzləşmə aktının surətini təqdim etmişdir. Sözügedən aktdan görünür ki, "xxxx" ASC şirkətinin mühasibat qeydlərində Cavabdeh MMC-nin kreditor borc qalıqları 31.07.2016-cı il tarixinə 196917.62 manat təşkil edir. Məhkəmə tərəfindən həmin üzləşmə aktının əslinin təqdim edilməsi tələb edilməsinə baxmayaraq, iddiaçı sənədin əslini təqdim edə bilməmişdir. Qeyd edilən hal isə sənədin həqiqiliyini şübhə altında qoymuşdur. Odur ki, məhkəmə tərəfindən üzləşmə aktı sübut qismində tədqiq edilməmişdir. AR MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 mart tarixli 3№-li qərarına əsasən, məhkəmələrə tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələrə dair işlərə baxarkən, obyektivliyi təmin etmək məqsədilə məhkəmələr iş üçün həlledici əhəmiyyətə malik olan sənədlərin əslini və yaxud notariat qaydasında təsdiq edilmiş surətini tələb etsinlər. Qeyd edilənlərdən əlavə məhkəmə bildirir ki, hətta iddiaçının qeyd etdiyi kimi tərəflər arasında icbari və könüllü sığorta müqavilələri bağlanıldığı halda belə iddiaçı həmin müqavilələr üzrə iddia tələbi irəli sürmək hüququnu itirdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, AR MM-in 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. MM-in 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş icbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, həmin məlumatlarda göstərilən müqavilələr 2015 və 2016-cı illəri əhatə edir və həmin müqavilələr üzrə sığorta təminatının müddəti ümumilikdə 12 ay göstərilmişdir. Bundan əlavə iddiaçının özü də etiraf edir ki, Cavabdeh MMC tərəfindən ümumiyyətlə hec vaxt sığorta ödənişi həyata keçirilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya öz hüququnun pozulma vaxtı əvvəlcədən məlum olmasına baxmayaraq onun tərəfindən hər hansı bir tədbir görülməmiş və yalnız uzun müddətdən sonra, yəni 01.12.2021-ci il tarixdə məhkəməyə müraciət edilərək sığorta haqqının ödənilməsi tələb edilmişdir. Bununla da iddiaçı mövcudluğunu sübuta yetirə bilmədiyi müqavilələr üzrə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 mart tarixli 3 nömrəli qərarına əsasən məhkəmələrə tövsif edilmişdir ki, vaxtaşırı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddiaçı iddia tələbində sığorta haqqından əlavə 132342.75 manat məbləğində əldən çıxmış fayda, 34524.29 manat məbləğində mənfəət vergisi (real zərər) və 1789.56 manat məbləğində İcbari Sığorta Bürosuna 5% məcburi ayırma məbləğinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı sadalanan tələbləri irəli sürərkən "xxxx" MMC tərəfindən verilmiş 24.01.2022-ci il tarixli 1297 nömrəli ekspert rəyinə istinad etmişdir. Qeyd edilən tədqiqat "xxxx" ASC-nin sifarişinə əsasən həyata keçirilmişdir. Məhkəmə "xxxx" MMC tərəfindən təqdim edilmiş ekspert rəyini ümumiyyətlə sübut kimi qiymətləndirmir və bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılması olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Əldən çıxmış fayda hadisələrin normal axışına, ümumi qəbul görən həyat təcrübələrinə görə əmlak vəziyyətində meydana gələcə biləcək artışların zərər verən hərəkət səbəbindən qismən və ya tamamilə qarşısının alınması nəticəsində meydana gələn azalmanı (zərəri) ifadə edir. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Əldən çıxmış faydanın həcmini müəyyənləşdirərkən əgər borclu tərəfindən öhdəlik lazımınca icra edilməmişdirsə, ancaq dəqiq əsaslar, dəlillər pul miqdarının və ya digər əmlakın real əldə edilməsinin mübahisəsiz sübut edən məlumatlar nəzərə alınmalıdır. Buna görə də MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bundan başqa, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən öhdəliyin borclu tərəfindən lazımi qaydada icra olunduğu təqdirdə kreditorun pul məbləğini və ya digər əmlakı əldə etmək imkanını mübahisəsiz təsdiq edən dəqiq məlumatlar nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçı əldən çıxmış faydanı tələb etmək üçün MM-in 21, 443-cü maddələrində göstərilən halların mövcudluğunu sübut etməyə borclu idi. Lakin məhkəmə araşdırması zamanı İddiaçı əldən çıxmış faydanı müəyyənləşdirilərkən iddiaçı onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçı tərəfindən yuxarıda sadalanan tələblərlə - 132342.75 manat məbləğində əldən çıxmış fayda, 34524.29 manat məbləğində mənfəət vergisi (real zərər) və 1789.56 manat məbləğində İcbari Sığorta Bürosuna 5% məcburi ayırma ilə bağlı hər hansı bir sübut təqdim edilməyini nəzərə alaraq bu hissədə də iddia tələbini əsassız hesab edir. Beləliklə, məhkəmə işin sadalanan xüsusatlarına məcmu halda qiymət verərək hesab edir ki, tərəflər arasında sığorta müqavilələrinin bağlanılması ilə bağlı müvafiq sübutlar mövcud olmadığından, hətta sözügedən müqavilələrin bağlanıldığı təqdirdə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbi əsassızdır və rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-480/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-480/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver