Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-480/2024 12.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında 02 mart 2023-cü il tarixli 22/2023 saylı alqı-satqı müqaviləsi üzrə 85357.02 manat pulun, 410 manat mediasiya xərcinin və vəkilə xidmət haqqı kimi ödənilmiş 110 manat məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında 02 mart 2023-cü il tarixli 22/2023 saylı alqı-satqı müqaviləsi üzrə 85357.02 manat pulun, 410 manat mediasiya xərcinin və vəkilə xidmət haqqı kimi ödənilmiş 110 manat məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 02 mart 2023-cü il tarixli 22/2023 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən şirkət tərəfindən müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməli, alıcı isə həmin malı qəbul edib əvəzində müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə hər bir sifariş müqaviləyə əlavə şəklində hər iki tərəfdən imza və möhürlə rəsmiləşdirilən alış sifarişi ilə edilir və hər bir sifariş üzrə malın adı, miqdarı, çeşidi, qiyməti və çatdırılma şərtləri müqaviləyə əlavə şəklində müvafiq qiymət razılaşma protokolunda müəyyənləşdirilməlidir. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən satıcının vəzifəsidir ki, “malın bu müqavilə olə müəyyənləşdirilmiş qiymətini bu müqailədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcıya tam və vaxtında ödəsin. Müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə hər gün üçün ödəniləcək məbləğin 0.1%-i həcmində satıcıya dəbbə pulu ödənməlidir. Lakin buna baxmayaraq iddiaçı tərəfindən verilən sifarişlər vaxtında yetirilsə də cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və yalnız hazırki iddia ilə mediasiyaya müraciət etdikdə borcun bir qismini ödəmişdir. Hazırda iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də (maliyyə arayışı) göründüyü kimi cavabdeh müqavilə üzrə ödəməli olduğu məbləği 106 gün gecikdirmə ilə qismən ödəniş etsə də, 77149.20 manat borcunu ödəməmiş, bununla da 106 günə görə 8177.82 manat cərimə ilə birlikdə iddiaçıya 85357.02 manat borcludur və həmin borcu ödəməkdən yayınır.
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən alınmış mallara görə ödəniş qaydası, malların təhvil verilməsi ilə bağlı ümumi şərtlər nəzərdə tutaraq, konkret olaraq malın hansı tarixdə təhvil verildiyi və ya ödənişin hansı tarixdən etibarən ödənilməli olduğu göstərilməmişdir. İş materiallarına diqqət edilsə, malın təhvil verilməsi ilə bağlı təhvil-təslim aktları, mallarla bağlı qiymətlərin razılaşdırılma protokolları mövcud deyildir. Tərəflər arasında bağlanılmış 22/2-2023 nömrəli, xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsinin 3.2-ci maddəsinə əsasən mala görə ödəniş alıcı tərəfindən hesab fakturaya əsasən qiymət razılaşdırılma protokolunda qeyd edilən müddətdə həyata keçirilir. İddia ərizəsində qeyd edilən gecikmə olaraq 106 gün olmasını təsdiq edən sənədlər iddia ərizəsində mövcud deyildir, həmçinin gecikmə faizi olaraq məbləğin birtərəfli (iddiaçı) tərəfindən təsdiq edilən maliyyə arayışına istinadən hazırlanması və həmin məbləğin də cavabdehdən tutulması tamamilə əsassızdır. Həmçinin iş materiallarında mövcud olan qaimələrin yaranma əsasları qeyri-məlumdur, belə ki, qaimələrdəki məbləğlərə diqqət edilsə, həmin məbləğləri əks etdirən sənədlər mövcud deyil. İş materiallarında mediasiya sessiyası ilə bağlı yekun nəticəni təsdiq edən sənəd (protokol, ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayış) mövcud deyildir, həmçinin mediasiya xərcləri olaraq tələbdə qeyd edilmiş 410 manat məbləği əks etdirən ödəniş tapşırığı və hüquqi xidmətin göstərilməsi ilə bağlı 110 manat məbləğində qəbz və ya hüquqi xidmət müqaviləsi iş materiallarında mövcud deyildir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı iddia tələbində qeyd etdiyi halları əsaslandıran sənədləri, sübutları təqdim etməmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia tələbində 85357.02 manat borcun ödənilməsini tələb etsə də, iş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, həmin borc məbləği 77149,20 manat əsas, 8177,82 manat cərimə olmaqla 2 (iki) hissədən ibarətdir.
11. İşin müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında 02 mart 2023-cü il tarixli 22/2023 saylı alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil 220.567,01 manat dəyərində mal satılmış, cavabdeh tərəfindən isə iddiaçıya ödənişlər olmuş, malların dəyərindən 77149,20 manat borcu qalmışdır.
12. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
13. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
14. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 02 mart 2023-cü il tarixli 22/2023 saylı alqı-satqı müqaviləsi bağlanılmış və qeyd olunan müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilmişdir.
15. İddiaçı cavabdehə 220.567,01 manat məbləğində satılmış malların dəyərindən 77149,20 manat ödənilmədiyini iddia edir, cavabdeh isə malların cavabdehə verildiyini qəbul etmir.
16. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, malların cavabdehə verildiyi sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiq edilir.
17. İş materiallarına əlavə edilmiş elektron qaimələr üzrə hesablama aparıldıqda iddiaçı tərəfindən cavabdehə satılmış malların dəyərinin ümumilikdə 220567,01 manat təşkil etdiyi, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən 143417,81 manat məbləğin iddiaçıya ödənildiyi müəyyən olunur.
18. Müqavilədə malların verilməsi zamanı təhvil-təslim aktının tərtib edilməsi nəzərdə tutulmamış, hətta cavabdeh tərəfindən dəyəri artıq ödənilmiş mallarla bağlı da tərəflər arasında təhvil-təslimlə bağlı aktlar, mallarla bağlı qiymətlərin razılaşdırılma protokolları, hətta elektron qaimənin kağız formada təqdim edilməsi mövcud deyil. Belə olan halda müəyyən olunur ki, tərəflər arasında malların təhvil-təslimi müqavilədə nəzərdə tutulduğu kimi elektron formada elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilmişdir.
19. Bundan başqa, elektron qaimə-fakturalar faktiki olaraq 2023-cü il ərzində cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, satılmış malların təhvil verilməməsi ilə bağlı dəlili göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından ağlabatan hesab edilə bilməz.
20. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilə, elektron qaiməfakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin ödənişi olması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
21. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.
22. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir.
23. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
24. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt;
25. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.
26. Qeyd edilən Qaydalara əsasən vergi ödəyiciləri arasında olan münasibətlər zamanı xidmətlərin kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq xidmətlərin təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər.
27. Cavabdehin 77149,20 manat dəyərində malların verilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə malların verilməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən sifariş verilmiş 77149,20 manat dəyərində satılmış mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
28. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
29. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə hər gün üçün ödəniləcək məbləğin 0.1%-i həcmində satıcıya dəbbə pulu ödənməlidir.
30. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
31. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 3800 manat məbləğində dəbbə pulu cavabdehdən tutulmalıdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Məhkəmə vəkilin göstərdiyi yardıma görə 110 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir.
34. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 400 manat məbləğində pul Bakı 6 saylı Mediasiya təşkilatına ödənilmişdir.
35. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.
36. İş üzrə dövlət rüsumu məbləğinin 346,07 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 94,84 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 17,86 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş 400 manat mediasiya xərcindən iddiaçıya aid edilməli məbləğ 17,86 manat çıxılmaqla, cavabdehdən iddiaçının xeyrinə mediasiya xərcinə görə 382,14 manat tutulmalıdır.
37. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında 02 mart 2023-cü il tarixli 22/2023 saylı alqı-satqı müqaviləsi üzrə 77149,20 manat əsas borc, 3800 manat cərimə, mediasiya xərcinə görə 382,14 manat və vəkilə xidmət haqqı kimi ödənilmiş 110 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 02 mart 2023-cü il tarixli 22/2023 saylı alqı-satqı müqaviləsi üzrə 77149,20 manat əsas borc, 3800 manat cərimə, mediasiya xərcinə görə 382,14 manat və vəkilə xidmət haqqı kimi ödənilmiş 110 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev