Məhkəmə qərarları › İş №e-2-2(113)-4801/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4801/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4801/2025 09.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi, pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsinin xitamı, lizinq ödənişi, dəymiş zərər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi, pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli CLM-160-3/23 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə 3148,31 manat əsas borc, 2556,93 manat lizinq mükafatı olmaqla cəmi 5705,24 manatın, lizinq obyektində dəymiş zərərin əvəzi olaraq 9250 manatın və ödənilmiş 138 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 16 yanvar 2025-ci il tarixli CLM-160-3/23 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən, “MERCEDES BENZ S 560” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cəmi 198 764 manata (lizinq mükafatı da daxil olmaqla) 36 aylıq müddətinə illik 20 %-lə iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmişdir. Lakin ödənişlərin icrası ilə bağlı problem yarandığından lizinq obyekti olan ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən könüllü olaraq 18 fevral 2025-ci il tarixində iddiaçıya geri təhvil verilmişdir. Nəqliyyat vasitəsi təhvil verilən zaman müstəqil qiymətləndirici ekspert tərəfindən ona baxış keçirilmiş və 18 aprel 2025-ci il tarixli hesabata əsasən nəqliyyat vasitəsinə 9250 manat ziyan dəymişdir. Həmçinin lizinq obyektinin cavabdehdə qaldığı dövr üçün onun iddiaçıya ödənməmiş 3148,31 manat əsas, 2556,93 manat lizinq mükafatı olmaqla cəmi 5705,24 manat borcu yaranmışdır. Qeyd edilən maddi ziyan və borc məbləğinin ödənilməsi üçün cavabdehə elektron bildiriş də təqdim edilmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 430.1, 747.1, 748-1.8-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, lizinq obyekti olan əmlak xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən geri qaytarılmışdır.

7. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqaviləsinin xitamı, əsas borc və dəymiş zərərin tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixli CLM-160-3/23 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdeh tərəfindən seçilmiş və lizinq vermək məqsədilə öz vəsaiti hesabına mülkiyyət hüququ ilə əldə etdiyi 1 ədəd “Mercedes-Benz S560” minik markalı, 2019-ci il buraxılışLı, WDD2221861A399527 ban nömrəli nəqliyyat vasitəsini cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verməyi, cavabdeh isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə iddiaçıya şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə olunan ödəniş cədvəlinə əsasən lizinq müddətinin 36 ay olması, xx.xx.2025-cİ il tarixdən xx.xx.2028-ci il tarixədək aylıq 5521,25 manat olmaqla ümumilikdə 148566 manat əsas məbləğ, 50198,75 manat mükafat məbləğinin ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən xx.xx.2025-cİ il tarixli təhvil-təslim aktına əsasən “Mercedes-Benz S560” minik markalı, 2019-ci il buraxılışlı, WDD2221861A399527 ban nömrəli nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Ödənişin gecikdirilməsi əsası ilə lizinq obyektinin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmasına dair xx.xx.2025-ci il tarixdə təhvil-təslim aktı tərtib edilmiş, müstəqil ekspertin xx.xx.2025-ci il tarixli rəyinə əsasən lizinq obyekti olan nəqliyyat vasitəsinə 9250 manat zərər dəydiyi müəyyən edilmişdir.

12. İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli CLM-160-3/23 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsini, həmin müqavilə üzrə 3148,31 manat əsas borc, 2556,93 manat lizinq mükafatı, əmlaka dəymiş 9250 manat zərərin əvəzinin tutulmasını tələb edir.

13. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

14. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.

15. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

16. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

17. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, ... “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur.

18. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən olunur ki, tərəflər yazılı akt tərtib etməklə nəqliyyat vasitəsinin lizinq alan tərəfindən lizinq verənə geri qaytarılmasını rəsmiləşdirilmiş, hər hansı qeyd şərt və ya etiraz aktda təsbit olunmamış, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlanaraq lizinq ödənişinin və əmlaka dəymiş zərərin ödənilməsi tələb olunmuş, daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə ərizə lizinq müqaviləsinin xitamına dair bildiriş ünvanlamış, pretenziya və bildiriş cavabdehə çatdırılmışdır.

19. Göründüyü kimi lizinq obyektini iddiaçıya geri qaytaran cavabdeh bununla bağlı hər hansı etiraz bildirməmiş, məhkəmə icraatının gedişində də bu barədə məhkəməyə hər hansı iradə ifadəsi olmamışdır. Mülki Məcəllənin 423.1-ci maddəsində müqavilənin xitamı ilə bağlı razılaşmanın ümumi forması kimi müqavilə ilə eyni formada bağlanmış razılaşmanın olması qeyd olunsa da, işgüzar adətlərdən ayrı qaydanın irəli gəlməsinin mümkünlüyü də qeyd olunmuşdur. Hazırkı işin halları isə onu deməyə əsas verir ki, lizinq müqaviləsinin hüquqi nəticələri tərəflərin qarşılıqlı razılığı əsasında aradan qaldırılmaqla müqaviləyə xitam verilmişdir.

20. Belə ki, tərəflərin razılaşması ilə lizinq müqaviləsinin xitamı zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində tərəflərin lizinq obyektinin geri qaytarılmasına razılığı da özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, tərəflərin müqavilənin xitamına yönəlik iradə ifadəsidir (şifahi əqd).

21. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, daxili maliyyə lizinqi müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə lizinq obyektinin geri təvhiltəslimi edilmişdir.

22. Belə olan halda xx.xx.2025-ci il tarixli CLM-160-3/23 nömrəli lizinq müqaviləsi lizinq obyektinin geri qaytarıldığı xx.xx.2025-ci il tarixdən xitam verilmiş hesab olunmalıdır.

23. İddiaçının tələb etdiyi lizinq ödənişi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

24. Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

25. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

26. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

27. Məhkəmə aylıq lizinq ödənişinin 5521,25 manat olduğunu nəzərə alaraq təqdim edilən ödəniş cədvəlinə əsasən qeyd edir ki, lizinq müqaviləsinin xitam edildiyi xx.xx.2025-ci il tarixə qədər ödənilməli lizinq ödənişlərinin cəmi 5718,44 (1 ay üçün lizinq ödənişi: 5521,25 + 18 fevral 2025-ci il tarixədək olan 1 gün üçün lizinq ödənişi: 5521,25 / 28 gün * 1 gün) manat təşkil edir. Həmin məbləğin 3155,72 manat hissəsini əsas, 2562,72 manat hissəsini mükafat məbləği təşkil edir.

28. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax §8, 218.3-cü maddə)

29. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli CLM-160-3/23 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməli lizinq ödənişləri 3148,31 manat əsas borc, 2556,93 manat lizinq mükafatı olmaqla cəmi 5705,24 manat təşkil edir.

30. Digər tərəfdən, iddiaçı lizinq obyektinə dəymiş zərərin əvəzi olaraq 9250 manat pulun da tutulmasını tələb edir.

31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)

33. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

34. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

35. Lakin mülki qanunvericliklə müəyyən edilmiş sübutetmə qaydasında görə müqavilə münasibətləri zamanı öhdəliyin pozulmasından irəli gələn zərərin ödənilməsi tələblərində təqsir prezumpsiya edilir, əksini borclunun sübutetməsi gözlənilir (borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur).

36. Bu səbəbdən hazırkı iş üzrə zərərin və zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin müəyyən olunması iş üzrə nəticəyə gəlinməsi üçün kifayətdir.

37. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

38. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

39. xx.xx.2025-ci il tarixli CLM-160-3/23 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 15.1-ci bəndinə əsasən, lizinq alan razılıq verir və öhdəsinə götürür ki,bu müqavilə imzalandıqdan sonra əmlakın məhv edilmə, itirilmə, korlanma, talanma, vaxtından əvvəl sıradan çıxma, quraşdırılma və ya istifadə zamanı buraxılan səhvlər və istismarı zamanı yol verilən risklərə görə məsuliyyət onun üzərində olacaq, bu cür hallar ilə əlaqədar lizinq verənin ziyanlarını ödəyəcək.

40. Məhkəmə təqdim edilən qəbul aktı və qiymətləndirməyə dair hesabata əsasən qeyd edir ki, cavabdeh nəqliyyat vasitəsini saz və işlək vəziyyətdə saxlamalı olduğu halda, bu vəzifəsinə riayət etməmiş, nəticədə ehtiyat hissələri və işçilik haqqı daxil olmaqla ona zərər dəymişdir. Həmçinin zərər bilavasitə nəqliyyat vasitəsinin iddiaçı tərəfindən təhvil alınmasından sonra müəyyən edilmiş, bu isə zərərin nəqliyyat vasitəsi cavabdehin istifadəsində olarkən yarandığını təsdiq edir.

41. Zərərin məbləği müəyyənləşdirilərkən “Mercedes-Benz S560” minik markalı, 2019-ci il buraxılışlı, WDD2221861A399527 ban nömrəli nəqliyyat vasitəsinə dəymiş zərər üzrə iş materiallarında olan xx.xx.2025-cü il tarixli müstəqil qiymətləndiricinin hesabatını cavabdehin mübahisələndirmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinə dəyən zərər 9250 manat olaraq müəyyən edilməlidir.

42. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli CLM-160-3/23 nömrəli lizinq müqaviləsinə xitam verilmiş hesab edilməli, həmin müqavilə üzrə 3148,31 manat əsas, 2556,93 manat lizinq mükafatı, lizinq obyektinə dəymiş zərərin əvəzi olaraq 9250 manat cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

43. İddiaçı həmçinin hüquqi yardımla bağlı ödənilmiş 138 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə 138 manat ödənilmişdir.

45. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Beləliklə, yuxarıda göstərilənləri, iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləğinin 135 manat təşkil etdiyini və iddia tələbinin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2025-ci il tarixli CLM-160-3/23 nömrəli daxili maliyyə lizinqi müqaviləsi xitam verilmiş hesab edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2025-ci il tarixli CLM-160-3/23 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 3148,31 manat əsas, 2556,93 manat lizinq mükafatı, lizinq obyektinə dəymiş zərərin əvəzi olaraq 9250 manat olmaqla ümumilikdə 14955,24 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar