Məhkəmə qərarları › İş №e-2-2(113)-4805/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4805/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4805/2021 07.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdeh tərəfindən ödənilməmiş 47851 manat məbləğində borcun, hüquqi yardım xərcləri üçün 300 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat məbləğində pul vəsaitlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 01 yanvar 2021-ci il tarixli Birgə fəaliyyət haqqında müqaviləyə əsasən ödənilməmiş 6.134 manat məbləğində borcun, hüquqi yardım xərcləri üçün 300 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat məbləğində pul vəsaitlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 47851 manat məbləğində borcun, hüquqi yardım xərcləri üçün 300 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat məbləğində pul vəsaitlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, 01 yanvar 2021-ci il tarixdə cavabdeh ilə iddiaçı arasında “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər razılaşmışlar ki, “Birinci tərəf” – İddiaçı ASC istifadəsində olan əhəngdaşı karxanasının 1,45 ha sahəsini “İkinci tərəf”ə – Cavabdeh birlikdə fəaliyyət göstərməsi üçün ayırır, balansında olan texniki avadanlıqlarla (kombayn, şırımaçan, transformator və s.) təmin edir. Müqaviləyə əsasən “İkinci tərəf” – Cavabdeh hər ayın əvvəli “Birinci tərəf”ə İddiaçı ASC-yə ƏDV olmadan 392 manat və kəsilən satışa yararlı mişar daşının 1 ədədinə görə ƏDV daxil olmadan 0,05 manat məbləğində ödəniş edir. Eyni zamanda Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq emal məqsədilə Cavabdeh üçün ayrılmış torpaq sahəsinə aid bütün vergi, torpaq və sair ödənişləri öhdəsinə götürür. Lakin cavabdeh tərəfindən iddiaçıya qeyd etdiyi ödənişlərin heç biri edilməmiş və onun 13.08.2021-ci il tarixə kəsilmiş mişar daşı üzrə 3234 manat, torpaq vergisi üzrə 2900 manat, ümumilikdə 6.134 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehə yazılı və şifahi qaydada müraciət edərək həmin məbləğlərin ödənilməsini xahiş edilmiş, lakin edilən müraciətlərin heç bir nəticəsi olmamamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrinə əsasən yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün 19.08.2021-ci il tarixdə Cavabdeh Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Məktub Cavabdeh yaşadığı ünvan 1 ünvanına göndərilsə də, həmin ünvanda məktubu qəbul etməkdən imtina etmişlər. 14.09.2021-ci il tarixdə iddiaçının və cavabdehin iştirakı ilə ilkin mediasiya sessiyası keçirilmişdir. Lakin cavabdehlə birlikdə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul olunmamışdır. Buna görə də mediator tərəfindən tərəflərə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 14.09.2021-ci il tarixli, A-02285/09/21 nömrəli arayış təqdim edilmişdir. Artıq hazırki vəziyyətin ədalətli həll yolunun yalnız məhkəmə olduğu qənaətindədir və hesab edir ki, qeyd etdiyi faktiki hallara əsasən 6.134 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçlıya ödənilməlidir. Eyni zamanda 6.134 manat məbləğdən əlavə cavabdehin iddiaçıya 05.01.2016-cı il və 01.09.2018-ci il tarixli üzləşmə aktlarına əsasən 41,717 manat məbləğində borcu vardır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmunlarına uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçıya heç bir borcu yoxdur, üzləşmə aktında göstərilən borc məbləğini etiraf etməsini onu məcbur edərək imzalatdırmışlar. İddia tələbində qeyd edilmiş 6134 manat məbləğindən əlavə üzləşmə aktına əsasən ona müvafiq olaraq 05.01.2016-cı il və 01.09.2018-ci il tarixli pul tələbinin iddia müddəti keçmişdir. İddiaçının onun barəsində qaldırdığı pul tələbinin əsassız olduğuna görə və qarşılıqlı müqavilə əsasında müqavilə müddətinin bitməsini nəzərə alaraq, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin surətindən görünür ki, iddiaçı istifadəsində olan əhəngdaşı karxanasının 1,45 ha sahəsini cavabdehə birlikdə fəaliyyət göstərməsi üçün ayırmağı, balansında olan texniki avadanlıqlarla (kombayn, şırımaçan, transformator və s.) təmin etməyi, cavabdeh isə hər ayın əvvəli iddiaçıya ƏDV olmadan 392 manat və kəsilən satışa yararlı mişar daşının 1 ədədinə görə ƏDV daxil olmadan 0,05 manat məbləğində ödəniş etməyi, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq emal məqsədilə Cavabdeh üçün ayrılmış torpaq sahəsinə aid bütün vergi, torpaq və sair ödənişləri etməyi öhdələrinə götürmüşlər. 7 ədəd aktların surətlərindən görünür ki, cavabdeh tərəfindən 2021-ci ilin yanvariyul ayları ərzində ümumilikdə 111666 ədəd mişar daşı istehsal edilmişdir. 05 yanvar 2016-cı il tarixli Üzləşmə aktından görünür ki, cavabdehin 01.01.2016-cı il tarixə iddiaçıya olan borcu 37237 manat təşkil etmişdir. 01 sentyabr 2018-ci il tarixli Üzləşmə aktından görünür ki, cavabdehin 01.09.2018ci il tarixə iddiaçıya olan borcu 41717 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında əvvəllər bağlanmış müqavilələr üzrə icarə münasibətləri nəticəsində cavabdehin iddiaçıya 01.09.2018-ci il tarixə 41717 manat borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında 01 yanvar 2021-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı istifadəsində olan əhəngdaşı karxanasının 1,45 ha sahəsini cavabdehə birlikdə fəaliyyət göstərməsi üçün ayırmağı, balansında olan texniki avadanlıqlarla (kombayn, şırımaçan, transformator və s.) təmin etməyi, cavabdeh isə hər ayın əvvəli iddiaçıya ƏDV olmadan 392 manat və kəsilən satışa yararlı mişar daşının 1 ədədinə görə ƏDV daxil olmadan 0,05 manat məbləğində ödəniş etməyi, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq emal məqsədilə Cavabdeh üçün ayrılmış torpaq sahəsinə aid bütün vergi, torpaq və sair ödənişləri etməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən 2021-ci ilin yanvar-iyul ayları ərzində ümumilikdə 111666 ədəd mişar daşı istehsal edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi 01 yanvar 2021-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən iddiaçının tələb etdiyi 47851 manat məbləğində borc 13.08.2021-ci il tarixə kəsilmiş mişar daşı üzrə 3234 manat, torpaq vergisi üzrə 2900 manat və 01 sentyabr 2018-ci il tarixli Üzləşmə aktı üzrə 41717 manat olmaqla üç hissədən ibarətdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən əhəngdaşı karxanasının 1,45 ha sahəsini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, cavabdeh 01 yanvar 2021-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən kəsilən satışa yararlı mişar daşının 1 ədədinə görə ƏDV daxil olmadan 0,05 manat məbləğində iddiaçıya ödəniş etməyi, eyni zamanda ona ayrılmış torpaq sahəsinə aid bütün vergi, torpaq və sair ödənişləri etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş aktlardan göründüyü kimi cavabdeh tərəfindən 2021-ci ilin 7 ayı ərzində ümumilikdə 111666 ədəd mişar daşı istehsal etmişdir ki, bu halda müqavilə üzrə iddiaçıya ödəməli olduğu məbləğ 5583,3 manat təşkil etmişdir. Məhkəmə tədqiqatı zamanı mişar daşına görə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ 5583,3 manat müəyyən olunsa da, iddiaçı tələbində həmin əsasa görə 3234 manat borcun ödənilməsini tələb etdiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Torpaq vergisinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə 1,45 ha torpaq sahəsinə görə vergiləri ödəməyi öhdəsinə götürdüyündən, lakin həmin öhdəlik cavabdeh tərəfindən yerinə yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia 2900 manat torpaq vergisinə aid hissədə də təmin edilməlidir. İddia tələbinin 01 sentyabr 2018-ci il tarixli Üzləşmə aktı üzrə tələb olunan 41717 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin borc tərəflər arasında bağlanmış müqavilələr üzrə yaranmış və göstərilən tələbin həmin müqavilələrdən irəli gələn tələblə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün iddia müddətinin axımının başlanma anı (01 sentyabr 2018-ci il) məlum olduğundan müddətin qurtarma anı araşdırılmalıdır. 01 sentyabr 2018-ci il tarixli Üzləşmə aktı üzrə tələb müddəti 01 sentyabr 2021-ci il tarixədək olmuşdur. İddiaçının mediasiya sessiyası ilə bağlı 27.08.2021-ci il tarixdə Mediasiya Şurasına müraciət etdiyinə görə tərəflər arasında mediasiya prosesinin tətbiqinə həmin tarixdən başlandığından iddia müddətinin axımı göstərilən tarixdən dayanmışdır. Bununla iddiaçının həmin tələb üzrə iddia müddətindən 6 (altı) gün (27.08.2021 - 01.09.2021 = 6 gün) qalmışdır. Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş X1 03 dekabr 2021-ci il tarixli e-mailindən görünür ki, iş üzrə 14 sentyabr 2021-ci il tarixində ilkin mediasiya sessiyası (iclası) mediator tərəfindən keçirilmiş və hər iki tərəf həmin iclasda iştirak etmiş, lakin tərəflər mediasiya prosesinə davam etmək istəmədikləri üçün müvafiq arayış verilmişdir. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayış mediator tərəfindən tərəflərə 14 sentyabr 2021-ci il tarixində verilmişdir ki, bununla da iddia müddətinin axımı 14 sentyabr 2021-ci tarixdən bərpa olunmuşdur. Beləliklə, 41717 manat məbləğ üzrə tələb müddətinin axımı 20 sentyabr 2021-ci il tarixdə (14.09.2021 + 6 gün = 20.09.2021) qurtarmışdır. İddiaçı 27.09.2021-ci il tarixdə məhkəməyə müraciət etsə də, 01 sentyabr 2018-ci il tarixli Üzləşmə aktı üzrə 41717 manat məbləğin ödənilməsini 07.10.2021-ci il tarixdə məhkəməyə verdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəylə tələb etmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının 01 sentyabr 2018-ci il tarixli Üzləşmə aktı ilə tələb etdiyi 41717 manat məbləğ üzrə iddia müddəti 17 gün (20.09.2021 – 07.10.2021 = 17 gün) keçmişdir. İddiaçı tərəfindən üzləşmə aktı üzrə müddətin axımının kəsilməsinə dair cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə 01 sentyabr 2018-ci il tarixli Üzləşmə aktı ilə tələb olunan 41717 manat məbləğ hissəsində iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində hüquqi yardım xərcləri üçün 300 manat ödənilməsini tələb etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 100 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 30 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 12,74 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş mediasiya xərcinin 73,82 manat (100 manat - 26,18 manat (30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun iddiaçıya aid olan hissəsi) məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 26,18 manat məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh tərəfindən ödənilməmiş 6134 manat məbləğində borc və mediasiya xərcinə görə 73,82 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ödənilməmiş 6134 manat məbləğində borc və mediasiya xərcinə görə 73,82 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar