Məhkəmə qərarları › İş №e-2-2(113)-4806/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4806/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4806/2021 21.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2021-ci il tarixli xidmət müqaviləsinə əsasən ödənilməmiş 1.741 manat (bir min yeddi yüz qırx bir manat) məbləğində borcun, hüquqi yardım xərcləri üçün 300 (üç yüz) manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat (altmış manat) məbləğində pul vəsaitlərinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı MMC arasında “Xidmət müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcraçı”-İddiaçı MMC “İstehlakçı” – Cavabdeh elektrik enerjisinin davamlı olaraq 24 saat ötürülməsi xidmətini həyata keçirməyi, “İstehlakçı”- Cavabdeh isə elektrik enerjisinin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci maddəsinə əsasən müqavilənin müddəalarının pozulmasına görə və müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə ki, Cavabdeh 01 yanvar 2021-ci il tarixli müqavilə üzrə 1.741 manat borcu vardır. Dəfələrlə Cavabdeh yazılı və şifahi qaydada müraciət edərək həmin məbləğlərin ödənilməsini xahiş etmişik. Lakin edilən müraciətlərin heç bir nəticəsi olmamamışdır. Hazırki vəziyyətin ədalətli həll yolunun yalnız məhkəmə olduğu qənaətindədirlər və yuxarıda qeyd olunan faktiki hallara əsasən 1.741 manat (bir min yeddi yüz qırx bir manat) məbləğində borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Daha əvəəlki məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə izahatında qeyd etdi ki, işlədiyi müddət ərzində bütün ödənişlərini vaxtlı-vaxtında ödəmişdir. 2021-ci ildə may ayının sonlarında "xxxx" MMC-də iclası keçirilmiş və iyun ayının 10-dan etibarən "xxxx" ASC ilə müqaviləyə xitam veriləcəyi deyilmişdir. İyun ayında xəbərdarlıq məktubu yollayaraq həmin məktubda da özləri müqavilənin iyun ayından etibarən xitam veriləcəyini etiraf etmişlər. İyun ayına kimi ödənilməli olan bütün ödənişlər aparılmışdır iyul ayından etibarən isə karxana ərazisində fəaliyyət göstərməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC “icraçı” Cavabdeh “istehlakçı” olmaqla imzalanmış 01 yanvar 2021-ci il tarixli xidmət müqaviləsinə əsasən “icraçı” “istehlakçı”ya elektrik enerjisinin davamlı olaraq 24 saat ötürülməsi xidmətini həyata keçirməyi, “istehlakçı” isə elektrik enerjisinin haqqını ödəməyi və “icraçı”ya aşağıda razılaşdırılmış qaydada xidmət haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Kassa mədaxil orderləri və mədaxil qəbzi kötüylərindən məlum olur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər olunmuşdur. EBBF seriyalı, 769305 nömrəli, 02.08.2021-ci il tarixli ödəniş qəbzinə əsasən 515,19 manat, EBBE seriyalı, 362923 nömrəli, 05.07.2021-ci il tarixli ödəniş qəbzinə əsasən 1325,89 manat məbləğində elektron qaimələr İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanan 01.06.2021-ci tarixli məktubda 10 iyun 2021-ci il tarixdən "xxxx" ASC ilə imzalanmış müqaviləyə müvafiq dövlət orqanının tələblərinə əsasən xitam veriləcəkdir. Buna görədə "xxxx" ASC-yə məxsus karxana ərazisində fəaliyyətini dayandırılması xahiş edilmiş, "xxxx" ASC-yə məxsus əmlak istifadəyə verilmişdirsə, həmin əmlakın təhvil-təslim aktı əsasında "xxxx" ASC-yə təhvil verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, 1.741 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat cavabdehdən tutulmalıdır. Məhkəmə hüquqi yardım xərcləri ilə əlaqədar olaraq ödənilmiş 300 manat məbləğlə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.741 manat məbləğində borc və mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.741 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar