Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4811/2025 17.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti”-nin Cavabdeh MMC-yə qarşı “alqısatqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti”-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 113756.48 (yüz on üç min yeddi yüzəlli altı dollar, qırx səkkizsent) ABŞ dollarının Mərkəzi Bankın məzənnəsi ilə 193386 (yüz doxsan üç min üç yüz səksən altı) manat əsas borcun, 484 (dörd yüz iyirmi bir) manat dövlət rüsumunun, 5070 (beş min yetmiş) manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqının alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 15 oktyabr 2023-cü il tarixli 003 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2.-ci bəndində qeyd olunmuşdur ki, malların ödəmələri Azərbaycan Gömrüyündən çıxdıqdan sonra 60 gün ərzində həyata keçirilməlidir. Məhsullar cavabdehə təhvil verilməsindən xeyli müddət keçsə də cavabdeh hələ də 113756.48 ABŞ dolları borc cavabdeh tərəfindən iddiaçıya ödənməmişdir. Bununla da müqavilə öhdəlikləri cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh hüquqi şəxsin əməkdaşları ilk vaxtlar borcun tezliklə ödənəcəyini vəd etsə də bu borc bugünə qədər ödənilməmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraiciət edərək bildirmişdir ki, cari ilin avqust ayında iş məhkəmə icraatında olduğu zaman cavabdeh tərəfindən iddiaçıya əsas borcdan 3000 (üç min) ABŞ dolları ödənmişdir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti vardır. "Cavabdeh MMC-dən 105756.48 (yüz beş min yeddi yüzəlli altı dollar, qırx səkkiz sent) ABŞ dollarının Mərkəzi Bankın məzənnəsi ilə 179785 (yüz yetmiş doqquz min yeddi yüz səksən beş) manat əsas borcun, 484 (dörd yüz iyirmi bir) manat dövlət rüsumunun, 5070 (beş min yetmiş) manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqının alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Arimpex şirkəti ilə aramızda olan mal alqı satqısına əsasən tam dövriyələri 197189 dollar olmuşdur. Həmin şirkətə 91433 dollar bank vasitəsi ilə ödəniş olub, digər ödənişlər isə nəğd formada 10080 dollar iddiaçı şirkətin Türkiyədəki ofisində ödənilmiş və 18070 dollar iddiaçı şirkətin nümayəndəsi Korhan Kaçara Bakıdakı ofisində ödənildiyini nəzərə alsaq, iddiaçı şirkətə 77606 dollar borc yaranmışdır. Bununla belə tərəflər arasında olan şifahi razılaşmaya əsasən 77606 dollar vəsaiti əhatə edən mal satılmadığından, bəzi mallar dəyərindən aşağı razılaşdırılmaqla satıldığından qalan 77606 dollar borc hər iki şirkətin ziyanı hesab edilərək yarıbayarı hesab edilməsi kimi razılaşdırılmışdır. İddiaçı ilə dəfələrlə məhkəmə dövründə bu razılaşmaya əsasən aralarında olan mübahisənin tənzimlənməsi üçün təkliflər göndərilsə də iddiaçı şirkət üzləşməyə gəlməmişdir. Buna görə də hal-hazırda iddiaçı şirkətə 38803 ABŞ dolları borcular qalmışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən təvət edilmiş şahid özü etiraf etdi ki, ödənilən pulların iddiaçı şirkətlə heç bir əlaqəsi olmamışdır, şahidin özünə aid pullar olmuşdur. 10080 ABŞ dollarının verilməsini təsdiq edən sənəd mötəbər deyildir və onu imzalayan mühasibin iddiaçı şirkətin əməkdaşı olub-olmaması da müəyyən edilmir. Beş gömrük Bəyənnaməsindən də borcların məbləğləri aydın görsənir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, iddianı yalnız 38803 ABŞ dolları hissəsində qəbul edirlər. 10080 ABŞ dolların verilməsini şahid öz ifadəsində bildirmişdir. 18 000 manat isə burda olan xərclərə ödənmişdir. İddiaçı şirkət mallar satılmadığı halda ziyanı yarı-yarı bölüşməklə bağlı öhdəlik götürmüşdür, lakin bu müqavilədə öz əksini tapmamışdır.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
8. Hazırkı iş üzrə iddiaçı Türkiyə Respublikasında qeydiyyatdan keçmiş “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti”, cavabdeh isə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh MMC şirkətidir. Və mübahisə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir.
9. Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
10. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
11. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; ... iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi.
12. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.2 və 443.0.7-ci maddələrindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə işlərə baxmağa haqlıdır.
13. Digər tərəfdən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
14. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.10-cu bəndinə əsasən, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
15. Tərəflər arasında bağlanmış 15 oktyabr 2023-cü il tarixli 003 saylı “Alqı-satqı müqaviləsi”nin Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə Azərbaycan Respublikasının və Türkiyə Respublikasının qanunvericiliyi ilə tənzimlənəcək və təfsir ediləcək. Müqavilə ilə bağlı yaranan istənilən fikir ayrılığı Azərbaycan Respublikasının Məhkəmələri və Türkiyə Respublikası məhkəmələri tərəfindən tənzimlənəcəkdir.
16. Odur ki, məhkəmə hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
17. “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti” ilə Cavabdeh MMC arasında bağlanmış 15 oktyabr 2023-cü il tarixli 003 saylı Müqaviləyə əsasən:
18. Müqavilənin 1-ci bəndinə əsasən Alıcı material və yaxud xidmətləri bu müqavilənin tərkib hissəsi sayılan əlavələrində göstərilmiş xarakteristikalara, miqdarlara və qiymətlərə uyğun qəbul edib, dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür.
19. Müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti bu müqavilənin əlavələrində göstəriləcək və tərəflər hər əlavəni qəbul etdiyi tarixdən dəyişdirilməyəcəkdir.
20. Müqavilənin 2.2-ci bəndinə əsasən malın ödəmələri sonradan həyata keçirilir. Azərbaycan Gömrüyündən çıxandan sonra 60 gündür.
21. Müqavilənin 3.1-ci bəndinə əsasən mallar aşağıda göstərilənlərə nəzərən Satıcı tərəfindən təhvil verilmiş və Alıcı tərəfindən qəbul edilmiş olacaqdır.
22. – Kəmiyyət baxımdan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrə və qaimə fakturaya və bu cür malların xüsusi normalarına uyğun olaraq,
23. – Keyfiyyət baxımdan, bu müqavilənin əlavələrində göstərilmiş Alıcının istehsalın texniki şərtlərinə uyğun olaraq,
24. – Satıcı və ya onun rəsmi rəsmi nümayəndəsi materialların Alıcının olduğu yerə təhviltəslimində iştirak etmək hüququna malikdir.
25. Müqavilənin 3.2-ci bəndinə əsasən malların kəmiyyətində çatışmazlıq və ya keyfiyyətində qüsurlar aşkar olunduğu halda Satıcı kəmiyyət və keyfiyyət çatışmazlıqlarını Alıcının şikayətini aldıqdan sonra 14 iş günü ərzində aradan qaldırmalıdır.
26. Müqavilənin 4-cü bəndinə əsasən tərəflərdən heç biri bu müqaviləyə əsasən öz öhdəliklərini qarşı tərəfin buna yazılı razılığı olmadan üçüncü tərəfə verə bilməz.
27. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə Azərbaycan Respublikasının və Türkiyə Respublikasının qanunvericiliyi ilə tənzimlənəcək və təfsir ediləcək. Müqavilə ilə bağlı yaranan istənilən fikir ayrılığı Azərbaycan Respublikasının Məhkəmələri və Türkiyə Respublikası məhkəmələri tərəfindən tənzimlənəcəkdir.
28. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, yanvar 2024-cü il tarixindən avqust 2025-ci il tarixinə kimi Cavabdeh MMC tərəfindən “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti”-nin hesabına 91.433,28 ABŞ dolları məbləğində ödənişlər edilmişdir.
29. Şahid məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Arimpex Şirkəti, Safires Kozmetik və Arpacıoğlu Gıda 3-lü şirkətinin ölkə rəhbəri olmuşdur. Satış tərəfini Arimpex və Arpacığolu həyata keçirirdi. 15-16 aydır ki, şirkətdən ayrılmışdır. İddiaçı cavabdehə mal göndərəndə Safires Kozmetikin fabrika nümayəndəsimiş. Mallar gəldikdən sonra satışlar bazara uyğun olmadı və sonra fabrika satışa dəstək verdi, qarşı tərəf isə malları iadə etmək istədi. Məhsullar saç boyası olmuşdur və Safires Kozmetik tərəfindən istehsal olunmuşdur. Pullar ya bank hesabı yolu ödənirdi, ya da ölkədə olan xərclərə əsasən hesablanırdı. Qarşı tərəf xərcləri (gömrük, yaşayış xərcləri) və s. qarşılamağı öhdəsinə götürmüşdü. 10 080 ABŞ dolları cavabdehin direktoru tərəfindən iddiaçıya ödəmişdir. Ofisdə mühasib pulu qəbul etmişdir. Türkiyədə onlara 10080 ABŞ dolları pul verildi və onlar iddiaçının mühasibinə təqdim etdimişlər. Cavabdehin direktoru təqdim etmə ilə bağlı sənəd aldı. Şirkətin ona verdiyi etibarnamə yoxdur. Mehmet Erten iddiaçı şirkətin mühasibidir.
30. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
33. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
34. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
35. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
36. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
37. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
38. Göründüyü kimi tərəflər arasında bağlanmış 15 oktyabr 2023-cü il tarixli 003 saylı müqaviləyə əsasən Alıcı material və yaxud xidmətləri bu müqavilənin tərkib hissəsi sayılan əlavələrində göstərilmiş xarakteristikalara, miqdarlara və qiymətlərə uyğun qəbul edib, dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür.
39. Tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması, bu müqavilə əsasında tərəflər arasında cəmi 197189 ABŞ dollar məbləğində mal dövriyyəsinin (iddiaçı tərəfindən cavabdehə 197189 dollar məbləğində mallar çatdırılması) olması və cavabdeh tərəfindən iddiaçıya həmin malların dəyərindən 91.433,28 ABŞ dolları məbləğində ödənişin nağdsız (bank hesabından köçürmə yolu ilə) qaydada edilməsi işin mübahisəsiz halıdır (müqavilə, gömrük bəyannamələri, ödəniş sənədləri iş materiallarında mövcüddur, həmçinin tərəflərin izahatları ilə təsdiq edilir).
40. Cavabdehin mübahisələndirdiyi hallar ondan ibarətdir ki, digər ödənişlər nəğd formada 10080 dollar iddiaçı şirkətin Türkiyədəki ofisində ödənilmiş və 18070 dollar iddiaçı şirkətin nümayəndəsi Korhan Kaçara Bakıdakı ofisində ödənilmiş və iddiaçı şirkətə 77606 dollar borc yaranmışdır. Bununla belə tərəflər arasında olan şifahi razılaşmaya əsasən 77606 dollar vəsaiti əhatə edən mal satılmadığından, bəzi mallar dəyərindən aşağı razılaşdırılmaqla satıldığından qalan 77606 dollar borc hər iki şirkətin ziyanı hesab edilərək yarıbayarı hesab edilməsi kimi razılaşdırılmışdır. İddiaçı ilə dəfələrlə məhkəmə dövründə bu razılaşmaya əsasən aralarında olan mübahisənin tənzimlənməsi üçün təkliflər göndərilsə də iddiaçı şirkət üzləşməyə gəlməmişdir. Buna görə də hal-hazırda iddiaçı şirkətə 38803 ABŞ dolları borcular qalmışdır.
41. Lakin, məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, tərəflər arasında ödənişlərin edilməsinə dair işgüzar münasibətlər bank hesabından köçürmə qaydasında formalaşmışdır. Malların bir qisminin nəğd qaydada ödənişinə dair cavabdeh sübut qismində yalnız şahid ifadəsi və kassa mədaxil qəbzlərini təqdim etmişdir. Lakin, həmin qəbzlərdən pulların kimin tərəfindən təhvil alınması, həmin mədaxil qəbzlərinin və təhvil alan şəxsin iddiaçı şirkətə aidiyyəti müəyyən edilmir. Şahid ifadəsi isə yazılı və ya digər hər-hansı sübutları ilə öz təsdiqini tapmadığı və iddiaçı tərəfindən də təsdiq edilmədiyi üçün məhkəmə tərəfindən mötəbər və yetərli sübut qismində qiymətləndirilə bilməz.
42. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, gömrük bəyannamələri, malların təhvil verilməsinə dair cavabdehin etirafı, qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 105.756,48 ABŞ dolları məbləğinə dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
43. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 105.756,48 ABŞ dolları borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 105.756,48 ABŞ dolları tutularaq iddiaçıya ödənilməlidir.
44. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 484 manat dövlət rüsumu və hüquqi yardım xərci olaraq 5070 manat ödənilmişdir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində təmin edildiyi üçün (iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq) 470 manat dövlət rüsumunun və 1000 manat vəkil xərcinin əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 105.756,48 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) əsas borc məbləği, vəkil xərcinin əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 470 manat tutularaq iddiaçı “Arimpex İç və Dış Ticaret Anonim Şirkəti”-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova