Məhkəmə qərarları › İş №e-2-2(113)-4813/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4813/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4813/2023 13.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 151.208,21 manat məbləğində əsas borc, 32.241,64 manat məbləğində dəbbə pulu, 400 manat məbləğində mediasiya xərcinin və 83,44 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında malların alqı-satqısına dair xx.xx.2020-ci il tarixli №2294/20M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMiCsə alıcı qismində çıxış etmişdir Mallar qəbuledilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar,çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləriəsasında malalındıqdan sonra Alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimələr, üzləşdirmə aktı və “Malların təhvil-qəbul” aktlarından aydın olur ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Satıcı tərəfindən 537.625,57 AZN (beş yüz otuz yeddi min altı yüziyirmi beş manat, 57 qəpik) (ƏDV daxil) məbləğində mallar Alıcıya satılmışdır. Lakin, Alıcımüqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malların dəyərini təşkil 537.625,57 AZN (beş yüz otuz yeddi min altı yüz iyirmi beş manat, 57 qəpik) (ƏDV daxil) məbləğindən Cavabdeh MMC tərəfindən 298.300 AZN (iki yüz doxsan səkkiz min üç yüz manat) əsas məbləğ, 78.117,28 (yetmiş səkkiz min yüz on yeddi manat, 28 qəöik) ƏDV məbləği köçürülmüş, qalan məbləğ olan 161.208,21 AZN (yüzaltmış bir min iki yüzsəkkiz manat, 21 qəpik) (ƏDV daxil) isə bu günki günə qədər cavabdeh tərəfindən ödənilməyib. Cavabdehin iddiaçıya olan borcundan əlavə, tərəflər arasında bağlanmış №2294/20M saylımüqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında(lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, əsas borc 161.208,21 AZN (yüzaltmış bir min iki yüzsəkkiz manat, 21 qəpik) (ƏDV daxil) təşkiledir, həmin məbləğin 20 (iyirmi) faizi 32.241,64 AZN (otuz iki min iki yüz qırx bir manat, 64 qəpik) təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 161.208,21+32.241,64=193.449,85 (yüz doxsan üç min dörd yüz qırx doqquz manat 85 qəpik) manat tələb məbləği yaranmışdır. Cavabdeh MM-Cyə 13 iyun 2023-cü il tarixində, 000745 saylı məktubla müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə bizim tərəfimizdən məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbuledilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də kiməktuba bir cavab alınmışdır. 30 iyun 2023-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif olunmasına baxmayaraq, cavabdeh tərəfindən bu təklif cavablandırılmamışdır. 11 iyul 2023-cü il tarixində iddiaçı tərəfindən məcburi mediasiya üçün Mediasiya Şurasına müraciət olunmuşdur, xx.xx.2023-cü il tarixində isə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixli №2294/20M nömrəli müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Sözügedən müqaviləyə əlavə olaraq tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Malların nisyə alqı-satqısına dair Əlavə Razılaşma”nın 2.1-ci bəndində satıcı tərəfindən nisyə qaydada təqdim edilmiş malların dəyəri nisyə qaydada satış edilən gündən 15 gün ərzində ödənilməsi nəzərdə tutulmuş, 4.1-ci bəndində isə Alıcı tərəfindən razılaşdırılmış müddətdə malların dəyəri ödənilmədikdə, Satıcının hər gecikdirilən gün üçün ödənilməmiş Malların dəyərinin 0,1% miqdarında cərimə tətbiq etmək hüququ nəzərdə tutulmuşdur. Lakin bugünədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdeh tərəfindən 10000 manat ödəniş edilmiş, bu səbəbdən iddia tələbinin həcmi həmin məbləğdə tərəflərindən azaldılmışdır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır.

5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli 2294/20M nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkin hissəsi sayılan “X1” göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir.

9. Müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1 faizi miqdarında cərimə ödəməlidir.

10. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində 01 oktyabr 2020-ci il tarixli 2294/20M nömrəli alqı-satqı müqaviləsinə əlavə razılaşma imzalanmışdır.

11. Razılaşmanın 2.1-ci bəndinə əsasən tərəflər razılaşdırlar ki, satıcı tərəfindən nisyə təqdim edilmiş maalrın dəyəri nisyə satış edilən gündən geci 15 gün ərzində ödəniləcəkdir.

12. Razılaşmanın 4.1-ci bəndinə əsasən alıcı tərəfindən razılaşdırılmış müddətdə malların dəyəri ödənilmədikdə, satıcı hər gecikdirilmiş gün üçün ödənilməmiş malların dəyərinin 0,1% miqdarında cərimə tətbiq etmək hüququna malikdir.

13. Tərəflər arasında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolları imzalanmışdır.

14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki,cavabdehin iddiaçıya 161208,21 manat borcu var.

15. İddiaçı tərəfindən cavabdehə EBDA 218639 nömrəli xx.xx.2023-cü il tarixli (4092,24 manat), EBDA 312251 nömrəli xx.xx.2023-cü il tarixli (46211,16 manat), EBDA 312919 nömrəli xx.xx.2023-cü il tarixli (48710,40 manat), EBDA 322950 nömrəli xx.xx.2023-cü il tarixli (47577,60 manat), EBDA 324023 nömrəli xx.xx.2023-cü il tarixli (44946,20 manat), EBDA 358049 nömrəli xx.xx.2023-cü il tarixli (50529,96 manat), EBDA 358051 nömrəli xx.xx.2023-cü il tarixli (50529,96 manat), EBDA 358052 nömrəli xx.xx.2023-cü il tarixli (49234,32 manat), EBDA 358054 nömrəli xx.xx.2023-cü il tarixli (45347,40 manat), EBDA 376818 nömrəli xx.xx.2023-cü il tarixli (2610,27 manat), EBDA 581268 nömrəli xx.xx.2023-cü il tarixli (44745,60 manat), EBDA 617168 nömrəli xx.xx.2023-cü il tarixli (27030,73 manat), EBDA 689263 nömrəli xx.xx.2023-cü il tarixli (50536,33 manat), EBDA 864439 nömrəli xx.xx.2023-cü il tarixli (4297,56 manat), EBDB 362339 nömrəli xx.xx.2023-cü il tarixli (5883,48 manat), EBDB 862707 nömrəli xx.xx.2023-cü il tarixli (6301,20 manat), EBDC 776809 nömrəli xx.xx.2023-cü il tarixli (9041,16 manat) elektron qaimələr təqdim edilmişdir.

16. Ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 298300 manat əsas borc, xx.xx.2023-cü il tarixində isə 78117,28 manat ƏDV ödənilmişdir.

17. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədinə əsasən iddiaçıya cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində 10000 manat pul ödənilmişdir.

18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli 2294/20M nömrəli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

26. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

28. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 151208,21 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

31. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli 2294/20M nömrəli alqı-satqı müqaviləsinə əsasən hesablanmış 32241,64 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

34. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

35. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 7500 manat məbləğində müəyyən edilməlidir.

36. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 151208,21 manat məbləğində əsas borc, 7500 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 483,44 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 151208,21 manat məbləğində əsas borc, 7500 manat cərimə, ödənilmiş 483,44 manat dövlət rüsumu, ümumilikdə 159191,65 (bir yüz əlli doqquz min bir yüz doxsan bir manat altmış beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar