Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-482/2022 21.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabadehin 17.02.2020-ci il tarixli, 3 saylı müqaviləyə əsasən iddiaçıya vurduğu 53922 manat maddi ziyanın, habelə məbləğin əsassız əldə edilməsi və ondan faydalanmağa görə 2944,96 manat məbləğində pulun cavabdehdən tutlaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 21.01.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı məhkəməyə tərəflər arasında imzalanmış barışıq sazişi təqdim edərək, sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini və bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq həmin barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Barışıq sazişinin məzmununa görə:
1. Birinci tərəf (iddiaçı) 17.02.2020-ci il tarixli 3 saylı müqavilə üzrə ikinci tərəfin (cavabdeh) yaranmış 53922 manat məbləğində borcunun müqabilində ikinci tərəfdən 25000 manat məbləğində ödənişi qəbul edir.
2. İkinci tərəf (cavabdeh) 17.02.2020-ci il tarixli 3 saylı müqavilə üzrə 53922 manat məbləğində borcunun müqabilində birinci tərəfə (iddiaçı) 25.000 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür.
3. İkinci tərəf ödənişi barışıq sazişi hər iki tərəfdən imzalandıqdan sonra iki həftə ərzində ödəməyi öhdəsinə götürür. Məhkəmə barışıq sazişini müzakirə edərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış barışıq sazişinin aşağdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. İddiaçı 17.02.2020-ci il tarixli, 3 saylı müqavilə üzrə Cavabdeh MMC-nin yaranmış 53922 (əlli üç min doqquz yüz iyirmi iki) manat məbləğində borcunun müqabilində Cavabdeh MMC-dən 25000 (iyirmi beş min) manat məbləğində ödənişi qəbul edir.
2. Cavabdeh MMC 17.02.2020-ci il tarixli, 3 saylı müqavilə üzrə 53922 (əlli üç min doqquz yüz iyirmi iki) manat məbləğində borcunun müqabilində İddiaçı 25.000 (iyirmi beş min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür.
3. Cavabdeh MMC ödənişi barışıq sazişi hər iki tərəfdən imzalandıqdan sonra iki həftə ərzində ödəməyi öhdəsinə götürür. İddiaçı və Cavabdeh MMC-yə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova