Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-482/2023 03.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndələri X4, X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə üzrə əsas borc 5318.64 manat, 515.00 manat vurulmuş zərərin, 3968.00 manat qalıq borc üzrə əlavə hesablanmış cərimə məbləğinin, 30.00 manat dövlət rüsumunun, 100.00 manat mediasiya sessiyasına müraciət üçün ödənilmiş dövlət rüsumunun, ümumilikdə 9931.64 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində iddiaçı ilə cavabdeh arasında 73/21 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Təsdiqlənmiş müqaviləyə əsasən xx.xx.2021–ci il tarixində 311 nömrəli təhvil təslim aktı və EBBG 380982 saylı elektron qaiməyə əsasən avadanlıqlar (Fujikura 90S+ Fusion SplicerCT50 / Jonard JİC-375 X6 / Jonard Tools FDS-312 X8 Cable Stripper for FTTH Drop Cables / Shinewaytech VLP-5B 10km - optical detector / X3 meter OPM 15A / Shinewaytech STABİLİZED LASER SOURCH SLS-21A-07) təhvil verilmişdir. Lakin bu günədək təhvil verilmiş avadanlıqlara əsasən 5318.64 manat ödənilməmiş olaraq qalır. Borcun ödənilməsi üçün məktubla müraciət olunsa da heç bir nəticə olmamışdır. Müqavilənin 8.6-cı bəndinə əsasən müqavilə üzrə ödəmələr vaxtında həyata keçirilmədiyi halda hər gecikdirilən gün üçün geçikdirikmiş məbləğin 0.2 %-i miqdarında cərimə hesablanaraq “Alıcı” tərəfindən “Satıcı”ya ödənilməlidir. Buna əsasən xx.xx.2021-ci il tarixindən bu günədək 373 gün üçün 3968.00 manat cərimə hesablanmışdır. Müqavilə üzrə borcun və əlavə hesablanmış cərimə borcunun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixində elektron məhkəmə sistemi vasitəsi ilə qarşı tərəfə pretenziya ərizəsi göndərilərək xx.xx.2022-ci il tarixinədək borc və hesablanmış cərimə üzrə ödənişin həyata keçirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin müraciətdən sonra da heç bir ödəniş olunmamışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi L.Qurbanova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, satılmış malların dəyərinin bir qismi avans olaraq ödənilmiş, ƏDV hissəsi tam ödənilmiş, lakin qalan hissə ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi D.Musayeva iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 73/21 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq alıcı malın dəyərini ödəməyi, satıcı isə alıcıya əlavədə göstərilən malların zəmanətli və tam işlək verməsini öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin dəyəri bu müqavilənin ayrılmaz hissəsi olan X2 ilə tənzimlənir və köçürmə yolu ilə alıcı tərəfindən satıcıya ödənilir. Müqavilənin 8.6-cı bəndinə əsasən müqavilə üzrə ödəmələr vaxtında həyata keçirilmədiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,2 % miqdarında cərimə hesablanaraq alıcı tərəfindən satıcıya ödənilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli qiymətlətin razılaşdırma protokoluna əsasən iddiaçı cacabdehə 7383,52 ABŞ dolları məbləğində mal təhvil verməyi öhdəsinə götürmüşdür. Ödəniş 50 % əvvəlcədən, 50 % mallar təhvil verildikdən sonra 60 gün ərzində alıcı tərəfindən satıcıya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Ödəmə AR Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsi ilə hesabalnaraq Azərbaycan manatı ilə ödənilməlidir. İddiaçı ilə cavabdeh arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 311 nömrəli aktdan görünür ki, xx.xx.2021-ci i tarixli 73/21 nömrəli müqaviləyə əsasən 7383,52 ABŞ dolları məbləğində mal cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EBBG 380982 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən cavabdehə 12551,99 manat məbləğində mal təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli EBBG 380982 nömrəli qaiməyə əsasən 957,36 manat malların ƏDV ödənişi edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli 7321 saylı alqı-satqı müqaviləsinə əsasən 957,35 manat malların ƏDV ödənişi edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli 7321 saylı alqı-satqı müqaviləsinə əsasən 5318,64 manat avans ödənişi edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 73/21 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə əsas borc üzrə 5318.64 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən əsas borc üzrə 5318.64 manat tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı cavabdehdən gecikdirilmiş müddət üçün Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 515.00 manat məbləğində faiz borcunun ödənilməsi tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 515.00 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 515.00 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 73/21 nömrəli alqı-satqı müqaviləsinin 8.6-ci bəndinə əsasən hesablanmış 3968.00 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 200 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5318.64 manat əsas borc, 200 manat cərimə, ümumilikdə 5518,64 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/9-00498 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci cavabdehə və ödənilmiş 30 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5318.64 (beş min üç yüz on səkkiz manat altmış dörd qəpik) manat əsas borc, 200 (iki yüz) manat cərimə, ümumilikdə 5518,64 (beş min beş yüz on səkkiz manat altmış dörd qəpik) manat məbləğində pul və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-482/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-482/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver