Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4827/2022 28.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62,055.5 (altmış iki min əlli beş manat, əlli qəpik) manat borcun, 1027,23 (min iyirimi yeddi manat, iyirimi üç qəpik) manat cərimənin, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manatın, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1665 (min altı yüz altmış beş) manatın ümumilikdə cəmi 65157.73 (altmış beş min yüz əlli yeddi manat, yetmiş üç qəpik) manat ödənişin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında 01 iyul 2021-cı il tarixli MT-28-01/07 saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı satır, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan hesblaşma sənədlərində (hesab-faktura, elektron qaimə, qiymətlərin razılaşma protokolu və s.) göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan mal-materialı satıcıdan alır və malın müqabilində satıcıya hesab-fakturalardakı qiymətə əsasən müvafiq məbləği ödəyir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edərək malları cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməyərək iddia ərizəsi ilə müraciət edilən tarixədək malların dəyərinin bir hissəsini iddiaçıya ödəməkdən yayınmışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixədək cavabdehin iddiaçıya 62,055.5 (altmış iki min əlli beş manat, əlli qəpik) manat borcu yaranmışdır. 16 may 2022-ci il tarixdə tərəflər arasında imzalanmış qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə cavabdeh borcunu bir daha etiraf etmişdir. Borcunu ödəməsi ilə bağlı cavabdehə pretenziya göndərilmiş, cavabdeh isə pretenziyaya cavab verməmişdir. Həmçinin, mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün cavabdehə mediasiyaya dəvət məktubu göndərilsə də cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla da dəfələrlə şifahi və yazılı müraciətə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Beləliklə, yuxarıda göstərilənlər bir daha sübut edir ki, cavabdeh 01 iyul 2021-cı il tarixli MT-28-01/07 saylı müqaviləyə əsasən malları qəbul etmiş və 16 may 2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə borcunu etiraf etmiş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh iddiaçıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır. Daha sonra iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə verərək, 38.455,5 (otuz səkkiz min dörd yüz əlli beş manat, əlli qəpik) manat borcun, 1027,23 (min iyirimi yeddi manat, iyirimi üç qəpik) manat cərimənin, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manatın, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1665 (min altı yüz altmış beş) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etmiş, cavabdeh tərəfindən ödəniş borcun bir qisminin ödənildiyini bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC “satıcı” Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı “alıcı” olmaqla imzalanmış 01 iyul 2021-ci il tarixli müqaviləyə əsasən alıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan hesablaşma sənədlərində göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan mal-materialı satıcıdan almaq və malın müqabilində satıcıa hesab-fakturalardakı qiymətə əsasən müvafiq məbləği ödəmək öhdəliyi götürmüşdür. İddiaçı MMC və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasindakı Filialı arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktında 71.307,88 manat borc qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 1665 manat 6 saylı Vəkil Bürosunun Hesabına köçürülmüşdür. Müxtəlif tarixlərdə tərəflər arasında tərtib edilmiş elektron qaimələr İddiaçı MMC tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi üçün təqdim edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasindakı Filialı arasında alğı-satqı müqaviləsi imzalanmış, tərəflər arasında bu müqavilədən irəli gələn öhdəliklər yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi icra edərək razılaşdırılmış malları cavabdehə satmış, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmiş, məhsulların dəyərini tam ödəməmiş, nətiəcədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə iddiaçının cavabdehə olan borcunun yuxarıda sadalanan iş materialları ilə eləcə də qarşılıqlı üzləşmə aktı ilə təsdiq olunduğunu əsas götürərək hesab edir ki, 38.455,5 (otuz səkkiz min dörd yüz əlli beş manat, əlli qəpik) manat borc Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tututalaraq İddiaçı MMC-yə ödənilməlidir. Eyni zamanda iddiaçı 1027,23 (min iyirimi yeddi manat, iyirimi üç qəpik) manat cərimənin tutulmasını da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 11.2-ci bəndinə əsasən, tərəflərdən biri müqvilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa,yəni mal materialların təqdim edilməsi satıcı tərəfindən, ödəniş isə alıcı tərəfindən gecikdirilərsə, günahkar tərəf digər tərəfə hər gün üçün müqavilənin ümumi dəyərinin 0,01% məbləğində cərimə ödəməli, cərimə məbləği müqavilənin ümumi məbləğinin 5%-dən artıq olmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tələb olunan 1027,23 manat dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 384 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 400 (dörd yüz manat) manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1665 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan məbləğ hesab edir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyul 2021-ci il tarixli alqı-satqısına dair müqaviləyə əsasən 38.455,5 (otuz səkkiz min dörd yüz əlli beş manat, əlli qəpik) manat borc, 384 manat cərimə məbləği, iş üzrə ödənilmiş 410 manat məbləğində mediasiya xərci hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1665 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 38.455,5 (otuz səkkiz min dörd yüz əlli beş manat, əlli qəpik) manat, 384 manat cərimə məbləği, iş üzrə ödənilmiş 410 manat məbləğində mediasiya xərci, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1665 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4827/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4827/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver