Məhkəmə qərarları › İş №e-2-2(113)-4829/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4829/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4829/2022 24.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, KTT-21/3834 saylı müqaviləyə əsasən pulun tutulması, müqaviləyə xitam verilməsi və avadanlığın saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 19 mart 2021-ci il tarixli KTAKTT- 21/3834 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən 2.349,27 manat gecikdirilmiş əsas borcu, 477,22 manat gecikdirilmiş günlərə görə cərimə borcu nəzərə alınmaqla, ümumillikdə 2.826,49 manat və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 19 mart 2021-ci il tarixli KTA-KTT- 21/3834 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsinə xitam verilməsi və lizinq predmetini təşkil edən 1 ədəd “X4 PRO 230” markalı torpaq frezi və 1 ədəd “AGROTECH PULLUK/145” markalı kotanın saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 19 mart 2021-ci il tarixli KTAKTT-21/3834 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “X4 PRO 230” markalı torpaq frezi və 1 ədəd “AGROTECH PULLUK/145” markalı kotan cavabdehə 30 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar 02 aprel 2021-ci il tarixli Lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 12.750 manat təşkil etmişdir. Həmin məbləğin 4470 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 3.180 manat məbləğində ilkin ödəniş və 127,50 manat müqavilənin rəsmiləşdirmə komissiyası, 40 manat lizinq obyektinin qeydiyyat xərcləri, 350,63 manat sığorta haqqı Cəmiyyətlərinə ödənilmişdir. Eyni zamanda, Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə xx.xx.2022-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 2.349,27 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixinə 477,22 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəflərindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixli, PLX-22/0050 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa qeyd edirlər ki, xx.xx.2022-ci il tarixdə, saat 14:00-a təyin edilmiş mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Tərəflərindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat həcmində mediasiya xərci ödənilmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə qədər 2.349,27 manat gecikdirilmiş əsas borcu, 477,22 manat gecikdirilmiş günlərə görə cərimə borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh arasında 19 mart 2021-ci il tarixli KTAKTT- 21/3834 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qimsində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyekti 2020-ci il buraxılışlı Hindistan istehsalı olan X4 Pro 230 markalı torpaq frezi və 2019-cu il buraxılışlı Türkiyə istehsalı olan Agrotech Pulluk/145 markalı kotandır. 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 12.750 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 4.470 manat təşkil edir. 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 nömrəli Əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir. 11.2-ci bəndinə görə hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, lizinq verənin mükafatından, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərdən ibarətdir. Mükafat məbləği hesablanarkən bir ay – 30 gün , bir il-360 gün kimi nəzərə alınır. 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% -i miqdarında cərimə hesablamaq hüququna malikdir. 14.1-ci bəndinə əsasən bəndinə görə lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.3. Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir. 19 mart 2021-ci il tarixli KTAKTT-21/3834 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə 1 saylı əlavəyə əsasən lizinq obyektini 2020-ci il buraxılışlı Hindistan istehsalı olan X4 Pro 230 markalı torpaq frezi və 2019-cu il buraxılışlı Türkiyə istehsalı olan Agrotech Pulluk/145 markalı kotan təşkil edir. Əlavə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən X4 Pro 230 markalı torpaq frezi və Agrotech Pulluk/145 markalı kotan İddiaçı ASC-dən Cavabdeh təhvil verilmişdir. Akt İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmışdır. 19 mart 2021-ci il tarixli KTAKTT-21/3834 nömrəli X3 müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 30 ay müddətində hər ay cəmi 170 manat (sonuncu ay 96,33 manat) məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş cədvəli tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən arayışın verildiyi tarixə Cavabdeh 19 mart 2021-ci il tarixli KTAKTT-21/3834 nömrəli lizinq müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu 2.349,27 manat, cərimə borcu 477,22 manat, cəmi borcu 2.826,49 manat təşkil edir. İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli sonuncu pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilmədiyi halda lizinq obyektinin lizinq verənin anbarına təhvil verilməsi və borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin şərtlərinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin dərhal icra ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 19 mart 2021-ci il tarixli KTAKTT-21/3834 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən İddiaçı ASC müqavilə üzrə öhdəlikləri icra edərək lizinq obyekti olan otbiçəni lizinq alan Cavabdeh təhvil vermiş, lakin lizinq alan ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmiş, nəticədə lizinq alanın lizinq verənə 2.349,27 manat məbləğində əsas borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Göründüyü kimi lizinq alan Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinq verən İddiaçı ASC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin həyata keçirilməsini, lizinq obyektinin işlək vəziyyətdə geri alınmasını və bununla da lizinq müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 19 mart 2021-ci il tarixli KTAKTT-21/3834 saylı müqavilə üzrə 120 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 48,26 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qiymətinin 90%-ə yaxın hissəsi təmin edildiyindən məhkəmə xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanhmış xx.xx.2021-ci il tarixli, KTT-21/3834 saylı müqavilə ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, KTT-21/3834 saylı X3 müqaviləsi üzrə 2.349,27 manat (iki min üç yüz qırx doqquz manat iyirmi yeddi qəpik) məbləğində gecikdirilmiş əsas borc, 120 manat (yüz iyirmi) məbləğində dəbbə pulu, cəmi 2.469,27 (iki min dörd yüz altmış doqquz manat iyirmi yeddi qəpik) məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Lizinq obyekti olan 1 ədəd “X4 Pro 230” markalı torpaq frezi və 1 ədəd “Agrotech Pulluk/145 markalı kotan cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar