Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4829/2023 17.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3.577,40 manat, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq ödənilmiş 60 manat və göstərilmiş hüquqi xidmətə görə 120 manat məbləğində pulun Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə iddiaçı arasında 31 yanvar 2022ci il tarixdə 100/1400 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 (alıcı) iddiaçı "xxxx" MMC-dən (satıcı) ərzaq və qeyri-ərzaq mallarını almış və əvəzində həmin malların satış dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Malların alınması ilə bağlı təhvil-təslim aktları qoşmaya əlavə olunur. Daha sonra 30 sentyabr 2022-ci il tarixində tərtib olunan qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh2 müqavilə üzrə 3.577,40 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Lakin, iddiaçı tərəfindən həmin şəxsə elektron qaimələrin göndərilməsinə baxmayaraq, həmin qaimələr üzrə heç bir ödəniş edilməmişdir. Göründüyü kimi Cavabdeh2 malları qəbul etməsinə baxmayaraq, indiyədək qarşılıqlı üzləşmə aktında göstərilən 3.577,40 manat məbləğində borcu ödəməkdən yayınmaqdadır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçının nümayəndəsi və vəkili elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında 31 yanvar 2022-ci il tarixdə 100/1400 nömrəli alqı-satqı müqaviləsi və müqaviləyə 01 nömrəli əlavə imzalanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı 2-ci maddədə göstərilən ərzaq və qeyri-ərzaq mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiyməti elektron qaimə-fakturaya əsasən müəyyən olunur.
12. Müqavilə və 01 saylı əlavə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir
14. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
15. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBBR 679488 saylı xx.xx.2022-ci il tarixli dəyəri 260,69 manat olan, EBBR 679489 saylı xx.xx.2022-ci il tarixli dəyəri 352,52 manat olan, EBBS 547371 saylı xx.xx.2022-ci il tarixli dəyəri 214,65 manat olan, EBBS 717341 saylı xx.xx.2022-ci il tarixli dəyəri 665,04 manat olan, EBBT 191164 saylı xx.xx.2022-ci il tarixli dəyəri 348,58 manat olan, EBBT 240605 saylı xx.xx.2022-ci il tarixli dəyəri 154,86 manat olan, EBBT 721032 saylı xx.xx.2022-ci il tarixli dəyəri 248,23 manat olan, EBBU 847300 saylı xx.xx.2022-ci il tarixli dəyəri 345,43 manat olan, EBBV 033712 saylı xx.xx.2022-ci il tarixli dəyəri 58,83 manat olan, EBBV 604796 saylı xx.xx.2022-ci il tarixli dəyəri 128,16 manat olan, EBBV 850366 saylı xx.xx.2022-ci il tarixli dəyəri 80,82 manat olan, EBBV 940809 saylı xx.xx.2022-ci il tarixli dəyəri 16,24 manat olan, EBBW 067375 saylı xx.xx.2022-ci il tarixli dəyəri 80,29 manat olan, EBBW 206169 saylı xx.xx.2022-ci il tarixl dəyəri 76,15 manat olan, EBBW 641870 saylı xx.xx.2022-ci il tarixli dəyəri 214,92 manat olan, EBBU 164310 saylı xx.xx.2022-ci il tarixli dəyəri 27,23 manat olan, EBBU 164309 saylı xx.xx.2022-ci il tarixli dəyəri 22,42 manat olan, EBBU 545072 saylı, xx.xx.2022-ci il tarixli, dəyəri 140,21 manat olan, EBBU 054817 saylı xx.xx.2022-ci il tarixli dəyəri 142,12 manat olan elektron qaimələr göndərilmişdir.
17. Sadə riyazi hesablama ilə, elektron qaimələrdəki məbləğlərin cəmi 3.577,40 manat təşkil edir.
18. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinin şərtləri, yəni tərəflərin özlərinin mal mübadiləsinin elektron qaimələr üzərindən həyata keçirilməsi də, nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
20. Bundan başqa iş materiallarından görünür ki, elektron qaimələrdə göstərilmiş məbləğlərdə və miqdarda malların təhvil verilməsi barədə qaimə fakturalar (təhvil-təslim akt) tərtib edilmişdir.
21. Məhkəmə qeyd edir ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsə də, zərflər geri qayıtmış, cavabdehin “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunan əlaqə nömrəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat “sms” xəbərdarlıq şəklində göndərilmiş, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmişdir.
22. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia 3577,40 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır.
23. İş materiallarına əlavə olunmuş MŞB/18/2023-01057 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 60 manat məbləğində pul İddiaçı tərəfindən Bakı 18 saylı Mediasiya Təşkilatına ödənmişdir.
24. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
25. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, hüquqi yardımın göstərilməsinə görə İddiaçı Məhdud Məsuliyyətli tərəfindən “Kəngərli və partnyorları” Vəkil Bürosuna 120 manat məbləğində pul ödənmişdir.
26. Ona görə də, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 120 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
27. Yekun olaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3577 (üç min beş yüz yetmiş yeddi) manat, 40 (qırx) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə verilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov