Məhkəmə qərarları › İş №e-2-2(113)-483/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-483/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-483/2020 26.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdeh “X4 Zavodu” ASC-yə qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) borcun tutulması tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı “X4 Zavodu” ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı qaimə-fakturaların və qarşılıqlı borcların üzləşdirilməsi aktının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X4 Zavodu” X2rşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 191.764 manat borcun və 30 manat dövlət rüsumunun cavabdeh “X4 Zavodu” X3 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansında olan "X4 və X7" ilə xx xxxx 2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtinə görə iddiaçı həmin zavoda nisyə olaraq tibb avadanlıqlarının ehtiyat hissələrini təhvil verməyi, zavod isə həmin ehtiyyat hissələrini ondan qəbul etdikdən sonra malların dəyəri olan pul borcunu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz növbəsində bağlanmış müqavilənin şərtinə əməl edib rəsmi qaimə əsasında zavoda 361.794 manat dəyərində tibb avadanlıqlarının ehtiyat hissələrini təhvil vermiş və zavodun maddi məsul şəxsləri də həmin ehtiyat hissələrini ondan təhvil almaları barədə tərtib olunmuş qaimələrdə imza edərək bu əməliyyatların reallığını zavod rəhbərliyinin imzası və zavoda məxsus olan dairəvi möhürlə təsdiq etmişlər. 2016-cı ilin dekabr ayının sonuna qədər zavod ona olan 361.794 manat məbləğində borcundan 115.000 manat ödəmiş, xx xxxxxx 2017-ci il tarixə 246.764 manat məbləğində pul borcunu qalıq borc kimi saxlamışdır. xx xxxxxx 2017-ci tarixdə həmin borcdan 50.000 manat, 2017ci ilin dekabrında isə 5.000 manat ödənilmiş və bugünə kimi 191.764 manat borclu qalmışdır. Sonrakı dövrlərdə iddiaçıya məlum olmuşdur ki, zavod ondan təhvil aldığı bütün tibb avadanlıqlarının ehtiyat hissələrini tibb təşkilatlarında quraşdırmış, görülmüş işlərin yekunlaşması barədə istismar aktı tərtib olunmuş və həmin təşkilatlar da zavoda olan borcunu tam olaraq ödəmişdir. Dəfələrlə zavoddan ona olan borcunun ödənilməsi rəsmi və şifahi formada tələb edilsə də, müxtəlif bəhanələrlə borc ödənilməmişdir. xx xxxxxxxx 2019-cu il tarixində İddiaçı MMC adından qalıq borcun ödənilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin balansında olan X4 ve X6 məktub göndərilmişdir. “xxxx” ASC-nin sədri Cavanşir Vəliyev xx xxxxxxxx 2019-cu ildə məktublarına cavab olaraq bildirmişdir ki, ehtiyat hissələri 2015-ci ildə zavodun vəsaitinə alınmış, direktor müavini Afət Babayev alınan ehtiyat hissələrini sənədləşdirmişdir. Lakin sonra məlum olmuşdur ki, göstərilən ehtiyat hissələrinin çoxu heç alınmamış, yalnız aktlaşdırılmışdır. Anbardar və ekspeditorun izahatında isə göstərilir ki, onlar iddiaçının direktoru Daşqın Süleymanovu heç görməmiş, ehtiyat hissələrini də qəbul etməmişlər. Tibb avadanlıqlarının ehtiyat hissələri Azərbaycanda istehsal olunmadığı üçün ehtiyat hissələrinin gömrük sənədlərinin təqdim olunması və Azərbaycan Respublikasının Prokurorluğundan aktlaşdırılan işlərin yoxlanılması üçün komissiya təşkil olunması xahiş edilmişdir. Halbuki xx xxxxxx 2017-ci il tarixdə cavabdehlə qarşılıqlı üzləşdirmə aktı bağlanmış və həmin akta əsasən də cavabdeh xx xxxxxx 2017-ci il tarixə 246.711,54 manat məbləğində qalıq borcunun olmasını etiraf etmişdir. xx xxxx 2020-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 Zavodu” ASC ilə İddiaçı MMC arasında tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı və qaimə-fakturaların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “X4 Zavodu” ASC ilə İddiaçı MMC arasında xx xxxx 2016-cı il və xx xxxx 2016-cı il tarixlərində alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin şərtinə görə satıcı malları alıcıya təhvil verməyi, alıcı həmin malların əvəzində ödənişi icra etməyi öhdəsinə götürmüşdür. Qeyd edir ki, “X8 Zavodu” ASC cavabdeh İddiaçı MMC-dən 246.711 manat məbləğində mal almamış, qeyd edilən məbləğ tamamilə şişirdilmiş və Cəmiyyətin mühasibatlıq sənədlərində həmin malların qəbul edilməsinə dair heç bir mötəbər sənəd mövcud deyil. Buna baxmayaraq həmin aktı imzalayan zaman “X4 Zavodu” ASC-nin həmin dövrdəki direktoru İbrahim Vəlibəyov mühasibatlıq sənədlərini araşdırmadan qeyd olunan aktı imzalamışdır. Qeyd etməyi zəruri hesab edir ki, müqavilədə və qaimə-fakturada qeyd edilən mallar “X4 Zavodu” ASC-yə təqdim edilməyib. Həmin qeyd edilən mallar yalnız kağız üzərində olub. Sözügedən malların İddiaçı MMC tərəfindən alınmasını təsdiq edən heç bir mötəbər sənəd və sübut yoxdur. İddiaçı MMC-nin həmin dövrdəki rəhbərliyi ilə “X4 Zavodu” ASC-nin direktor əvəzi A.S.Babayev əlbir olub həmin dövrlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4 və X6 dövlət tərəfindən ayrılmış pul vəsaitlərini öz mənafeləri üçün silmək məqsədilə rəsmiləşdirmə aparmışlar. Həmçinin xx xxxx 2016-cı il tarixli müqaviləyə 1 N°-li Əlavə də mövcud deyil. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ilkin iddia tələbini müdafiə edib ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Kommersiya qurumlarının dövlət reyestrindən məlumatlardan Çıxarışla müəyyən edilir ki, İddiaçı MMC xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir. Kommersiya qurumlarının dövlət reyestrindən məlumatlardan Çıxarışla müəyyən edilir ki, cavabdeh “X4 Zavodu” ASC xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir. Satıcı qismində İddiaçı MMC (**********) ilə alıcı qismində “X4 Baza Zavodu” (VÖEN: **********) arasında xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alıcıya mal-material satmağı, alıcı isə həmin malların qəbul etməyi və razılaşdırılmış müddətlərdə malın haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx xxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117131 saylı qaimə-fakturaya əsasən İddiaçı MMC tərəfindən “X4 Baza Zavodu”na 19.578 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117132 saylı qaimə-fakturaya əsasən İddiaçı MMC tərəfindən “X4 Baza Zavodu”na 27.940 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117133 və 117134 saylı qaimə-fakturalara əsasən İddiaçı MMC tərəfindən “X4 Baza Zavodu”na 38.212, 60 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117139 və 117140 saylı qaimə-fakturalara əsasən İddiaçı MMC tərəfindən “X4 Baza Zavodu”na 28.098 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117141 saylı və 117142 saylı qaiməfakturalara əsasən İddiaçı MMC tərəfindən “X4 Baza Zavodu”na 44.616 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117147 saylı qaimə-fakturaya əsasən İddiaçı MMC tərəfindən “X4 Baza Zavodu”na 13.454 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117148 saylı qaimə-fakturaya əsasən İddiaçı MMC tərəfindən “X4 Baza Zavodu”na 14.482 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117153 saylı qaimə-fakturaya əsasən İddiaçı MMC tərəfindən “X4 Baza Zavodu”na 17.126 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117158 və 117159 saylı saylı qaiməfakturalara əsasən İddiaçı MMC tərəfindən “X4 Baza Zavodu”na 17.836 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117166-11770 saylı qaimə-fakturalara əsasən İddiaçı MMC tərəfindən “X4 Baza Zavodu”na 53.875 manat məbləğində mallar təhvil verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə təsdiq edilir ki, xx.xx.2017-ci il tarixə “X4 Baza Zavodu”nun İddiaçı MMC-yə borcu 246.711,54 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X4 Zavodu” ASC (əvvəlki adı “X4 Baza Zavodu”) arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda ilkin iddia üzrə İddiaçı MMC müqavilə əsasında malların təhvil verilməsinə dair təhvil-təslim aktlarına və xx.xx.2017-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına istinad edərək ilkin iddia üzrə cavabdeh “X4 Zavodu” ASC-nin onlara 191.764 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun tutulmasını tələb edir. “X4 Zavodu” ASC isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin istinad etdiyi qaimə-fakturaların və qarşılıqlı borcların üzləşdirilməsi aktının zavodun əvvəlki rəhbərliyi tərəfindən imzalanmasına baxmayaraq həmin qamə-fakturalar əsasında malların zavoda verilmədiyini, üzləşdirmə aktında göstərilmiş borcun mövcud olmadığını əsas göstərərək qaimə-fakturaların və üzləşdirmə aktlarının etibarsız hesab edilməsini tələb edir. Məhkəmə ilkin iddia üzrə məhkəmənin gəldiyi nəticənin qarşılıqlı iddia üzrə gəldiyi nəticədən asılı olduğunu nəzərə alaraq ilk öncə qarşılıqlı iddia üzrə iddiaçı “X4 Zavodu” ASC-nin qaimə-fakturaların və qarşılıqlı borcların üzləşdirilməsi aktının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibət bildirilməsini zəruri sayır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı “X4 Zavodu” ASC qarşılıqlı iddiasını qaimə-fakturaların və üzləşdirmə aktının formal xarakter daşıması və qaiməfakturalarda göstərilən malların onlara təqdim edilməməsi ilə əsaslandırmış, lakin tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə mübahisəli qaimə-fakturalarda göstərilmiş malların qarşılıqlı iddia üzrə iddiaçıya təqdim edilməsi, eləcə də qarşılıqlı borcların üzləşdirilməsi aktında göstərilmiş borcun mövcud olması faktı həmin sənədlərə qarşılıqlı iddia üzrə iddiaçının adından imza etmiş səlahiyyətli vəzifəli şəxslərin imzaları və müəssisənin möhürü ilə təsdiq edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəf isə həmin qaimə-fakturaları və qarşılıqlı borcların üzləşdirilmə aktını imzalamış şəxslərin səlahiyyətlərini, eləcə də imzasının həqiqiliyini mübahisələndirməmişdir. Belə olan halda isə həmin sənədlər Mülki Məcəllənin 49.2-ci maddəsinin tələblərinə uyğun olaraq qarşılıqlı iddia üzrə iddiaçı üçün mülki hüquqi vəzifələr yaradır. Mülki Məcəllənin 49.1-ci maddəsinə görə hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Qarşılıqlı iddia üzrə iddiaçı “X4 Zavodu” ASC-nin istinad etdiyi məhkəmə tərəfindən sorğu verilməsinə baxmayaraq qarşı tərəfin malların AR ərazisinə gətirilməsi barədə gömrük bəyannamələrini məhkəməyə təqdim etməməsi barədə dəlilinə münasibətdə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin mübahisəli mallara dair gömrük bəyannamələrini təqdim edə bilməməsi; MMC-də həmin mallara dair gömrük bəyannamələrinin olmaması faktı özü-özlüyündə qaimə-fakturalarda göstərilmiş malların qarşılıqlı iddia üzrə iddiaçıya təqdim edilməməsi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, “X4 Zavodu” ASC onu təmsil edən şəxslərin müəssisənin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla hərəkət etmədiklərini hesab etdiyi təqdirdə Mülki Məcəllənin 49.3-cü maddəsinin tələblərinə əsasən həmin şəxslərdən vicdansız hərəkətləri nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 49.3.-cü maddəsinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. İlkin iddiaya münasibətdə isə məhkəmə qeyd edir ki, həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 385.1, 567, 600.1-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə görəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir İşin yuxarıda göstərilən halları ilə isə təsdiq edilir ki, ilkin iddia üzrə iddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra edərək malları ilkin iddia üzrə cavabdehə təqdim etmiş, ilkin iddia üzrə cavabdeh isə malların dəyərinin bir hissəsini - 191.764 manat məbləğində pulu - ödəməməklə müqavilə üzrə öhdəliklərini pozmuşdur. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan ilkin iddia üzrə iddiaçının borclu olan ilkin iddia üzrə cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 191.764 manat məbləğində borcun tutulması tələbinə dair ilkin iddia əsaslı olduğundan təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə ilkin iddianin təmin edildiyini, qarşılıqlı iddianın isə rədd edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia ödənilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdeh “X4 Zavodu” ASC-yə qarşı borcun tutulması tələbinə dair ilkin iddiası təmin edilsin. İlkin iddia üzrə cavabdeh “X4 Zavodu” ASC-dən 191.764 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı “X4 Zavodu” ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı” MMC-yə qarşı qaimə-fakturaların və üzləşmə aktının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar