Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-483/2021 18.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 55090 ABŞ dolları borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “Cavabdeh Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “Cavabdeh Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) arasında müəyyən avadanlıqların iddiaçı tərəfindən cavabdehə satılması barədə razılaşma olmuşdur. İddiaçı tərəfindən sifarişdə qeyd edilmiş malların təhvil verilməsi, cavabdeh tərəfindən isə həmin malların qəbul edilməsi tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olduğunu sübut edir. Həmin razılaşmaya əsasən xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində ümumi dəyəri 86090 ABŞ dolları olan avadanlıq iddiaçı tərəfindən cavabdehin müəyyən etdiyi ünvana göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Malların təhvil alınmasından sonra iddiaçı tərəfindən əvəzinin ödənilməsi üçün cavabdehə göndərilmiş mallara uyğun olaraq ödəniş edilməsi üçün hesab-fakturalar (invoice) göndərilmişdir. Lakin cavabdeh sifarişlərdə qeyd edilmiş bütün avadanlıqları təhvil aldığı halda malların dəyərini tam ödəməmiş, artıq axırıncı sifarişdən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh təhvil aldığı avadanlıqlar üçün cəmi 31000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Son avadanlıqların təhvil verilməsinin üstündən uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən hələ də heç bir üzrlü səbəb olmadan ödənişdən imtina edilir. Bu barədə cavabdehə dəfələrlə şifahi müraciətlər edilmiş, hətta mübahisənin məhkəmədən kənar həll edilməsi üçün ödənişin qısa vaxt ərzində ödənilməsi üçün cavabdehə yazılı bildiriş (pretenziya məktubu) də göndərilmişdir. Bütün bunlardan sonra da cavabdeh ödənişdən qərəzli olaraq boyun qaçırdığı üçün mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Cavabdeh tərəfindən öhdəliyin icrasından boyun qaçırılması iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnmişdir. Ona görə də iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi və cavabdehdən borclu olduğu məbləğin tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsi zəruridir. Hal-hazırda cavabdehin iddiaçıya ödənilməmiş 55090 ABŞ dolları məbləğində borcu mövcuddur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - xx.xx.2019-cu il tarixli alış şifarişindən görünür ki, 50875 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilmişdir. - xx.xx.2019-cu il tarixli alış şifarişindən görünür ki, 7600 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilmişdir. - xx.xx.2019-cu il tarixli alış şifarişindən görünür ki, 2598 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilmişdir. - xx.xx.2019-cu il tarixli alış şifarişindən görünür ki, 3100 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilmişdir. - xx.xx.2019-cu il tarixli alış şifarişindən görünür ki, 13200 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilmişdir. - xx.xx.2019-cu il tarixli alış şifarişindən görünür ki, 8717 ABŞ dolları dəyərində mal İddiaçı tərəfindən “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilmişdir. - “İddiaçı nümayəndəsi tərəfindən cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanan pretenziya məktubundan görünür ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına müraciət edərək 55090 ABŞ dolları məbləğində borcun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı tərəfindən cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ümumilikdə 86090 ABŞ dolları dəyərində mal verilmişdir. Cavabdeh həmin malların dəyərinin 31000 ABŞ dolları hissəsini ödəmiş və iddiaçıya 55090 ABŞ dolları məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi pretenziya məktubu ilə cavabdehə müraciət edərək borc məbləğinin 5 gün müddətində ödənilməsini xahiş etsə də, cvaabdeh tərəfindən həmin borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə araşdırma zamanı müəyyən olunanlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 55090 ABŞ dolları məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 55090 (əlli beş min doxsan) ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulsun. “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-483/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-483/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver