Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4832/2022 31.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı sığorta haqqının ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4.499,61 manat (dörd min dörd yüz doxsan doqquz manat, altmış bir qəpik) sığorta haqqı borcunu, mediasiya xərci və dövlət rüsumuna görə ödənilmiş 65 (altmış beş) manat məbləğində olan vəsaitin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixində QAL-00024059 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmış, xx.xx.2019-cu il tarixində həmin müqaviləyə PR-01 saylı prolonqasiya imzalanmışdır. QAL-00024059-PR-01 saylı sığorta müqaviləsi üzrə 4 499,61 manat məbləğində sığorta haqqı borcu mövcuddur. Cavabdeh MMC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-nin rəhbərliyinə təqdim olunmuş xx.xx.2021 il tarixli öhdəlik məktubu ilə 4 499,61 manat məbləğində sığorta haqqı borcunun ödənilməsinə zəmanət verilməsinə baxmayaraq, mövcud sığorta haqqı borcu ödənilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Sığorta Şirkəti ASC “sığortaçı”, "xxxx" MMC “sığortalı” olmaqla imzalanmış xx.xx.2018-ci il tarixli QAL-00024059 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə əsasən sığortalının qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi əsasında avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri fəaliyyətinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstilikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. "xxxx" MMC tərəfindən, İddiaçı Sığorta Şirkəti ASC-yə ünvanlanan xx.xx.2021 tarixli məktubda müqavilə və onun əlavələri üzrə hesablanmış 4499,61 manat məbləğində sığorta haqqını hesabda olan sərəncam götürüldükdən sonra ödəniləcəyini bildirmişdir. EBAD seriyalı 525368 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 6.234,6 manat , İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022 tarixli 1143 nömrəli ödəniş tapşırığına əsasən 60 manat məbləğində mediasiya xərci Bakı 9 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. xx.xx.2022 tarixli ödəniş qəbzinə əsasən 5 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Sığorta Şirkəti ASC ilə cavabdeh "xxxx" MMC arasında sığorta müqaviləsi imzlanmışdır. "xxxx" MMC həmin müqavilə üzrə sığorta haqqlarını ödəmək öhdəliyini götürsə də qeyd olunan öhdəliyini tam olaraq yerinə yetirməmiş, imzalanmış müqavilələr üzrə sığorta haqqlarını tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.4-cü maddəyə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 903.1-cü maddəyə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.2-ci maddəyə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. İşin yuxarıda qeyd olunan hallarına və sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin imzalanmış müqavilə üzrə ödənilməmiş sığorta haqqı borcunun olması öz təsdiqini tapdığından iddiaçı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi sığorta haqqı hissəsində tam sübuta yetirildiyindən 4.499,61 manat sığorta haqqı borcu İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 60 manat mediasiya xərci və 5 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 4.499,61 manat sığorta haqqı borcunu, mediasiya xərci və dövlət rüsumuna görə ödənilmiş 65 (altmış beş) manat İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4.499,61 manat (dörd min dörd yüz doxsan doqquz manat, altmış bir qəpik) sığorta haqqı, 60 (altımış) manat mediasiya xərci və 5 (beş) manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4832/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4832/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver