Məhkəmə qərarları › İş №e-2-2(113)-4833/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4833/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4833/2022 05.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 may 2021-ci il tarixli, 160521-1 nömrəli “Alğı-satqı” müqaviləsinin icrası ilə bağlı cavabdehə artıq ödənilmiş 32.301.6 manatın və iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 may 2021-ci il tarixli, “X1”sinin icrası ilə bağlı icarə haqqını ödəməməsinə görə 3300.30 manatın, mediasiya xidmətinin göstərilməsinə görə 200 manatın və hüquqi yardımla bağlı vəkilə ödədinilmiş 200 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 16 may 2021-ci il tarixli, 160521-1 nömrəli “Alğı-satqı” müqaviləsi bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” hazırkı müqavilə ilə şərtləndirilən ərzaq məhsullarını “Alıcıya” təhvil vermək öhdəliyini, “Alıcı” isə həmin məhsulları qəbul edərək, məhsulların dəyərini “Satıcı”ya ödəmək öhdəliyini götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, ödəniş üçün hesab tərəflərin səlahiyyətli şəxslərinin imzaladığı təhvil təslim aktı əsasında həyata keçirilir. Cavabdeh tərəfindən iddiaçıya mal təhvil verilmiş və həmin mal ilə bağlı satıcı tərəfindən alıcıya xx.xx.2021-ci il tarixli, EBBC № 365736 saylı elektron qaimə göndərilmiş, həmin elektron qaiməyə əsasən iddiaçıya təhvil verilən malın razılaşdırılmış qiyməti 130.513,33 manat göstərilmişdir. Eyni zamanda həmin müqaviləyə əsasən, satıcı tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə mal təhvil verilmiş və həmin mal ilə bağlı xx.xx.2021-ci il tarixli, EBBF № 538064 saylı elektron qaiməyə əsasən iddiaçıya təhvil verilən malın qiyməti 63.603,35 manat göstərilmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən elektron qaimələrə, yəni xx.xx.2021-ci il tarixli, Seriya: EBBC № 365736 və xx.xx.2021-ci il tarixli, Seriya: EBBF № 538064 elektron qaimələrə əsəsən cavabdehdən cəmi, 194.116,68 manat dəyərində məhsul alınmışdır. İddia ərizəsinə əlavə edilmiş № 0021, xx.xx.2021 tarixli ödəniş tapşırıqlarının surətindən göründüyü kimi Seriya: EBBC № 365736 elektron qaimə üzrə cavabdehin bank hesabına 2 dəfəyə 65.256,67 (55.302,26+9.954,41=65.256,67) manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarının surətindən göründüyü kimi Seriya: EBBC № 365736 elektron qaimə üzrə cavabdehin bank hesabına 2 dəfəyə 30.000 (25.423,73+4.576,27=30.000) manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarının surətindən göründüyü kimi Seriya: EBBC № 365736 elektron qaimə üzrə cavabdehin bank hesabına 2 dəfəyə 34.256,67 (29.878,53+5.378,14=35.256,67) manat ödəniş etməklə, cəmi 130.513,34 manat ödəniş edilmişdir. İddiaçının cavabdehə qeyd olunan alğı-satqı müqaviləsinə görə 65.603,34 (194.116,68-130.513,34=65.603,34) manat borcu qalmışdı. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Təhvil-Təslim Aktı” ilə cavabdeh iddiaçıya satdığı 194.116,68 manat dəyərində maldan, 105.853,28 manat dəyərində olan hissəsini təhvil götürərək aparmış və bununla da iddiaçıya 65.603,34 manat borcu yaranmış və tərəflər arasında razılaşmaya əsasən, cavabdeh yaranmış borcunu 2022-ci ilin mart ayının sonunadək ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərindən cavabdehə razılaşma əsasında anbardan apardığı 105.853,28 manat dəyərində mal ilə bağlı, xx.xx.2022-ci il tarixli, Seriya: EBBS № 925549 və xx.xx.2022-ci il tarixli, Seiya: EBBS № 924822 elektron qaimə ilə 105.853,28 (74.161,11+31.692,17=105.853,28) manatı tələb etmişlər. İşin yuxarıda göstərilən faktiki hallarından göründüyü kimi, cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə iddiaçıya cəmi 194.116,68 manatlıq mal satmış, həmin malın dəyərindən 130.513,34 manatı tərəflərindən ödənilmiş və cavabdehə həmin mala görə cəmi 63.603,34 manat borcları qalan zaman cavabdeh aralarında olan təhvil-təslim aktı əsasında iddiaçıya məxsus anbardan 105.853,28 manat dəyərində malı aparmış və nəticədə cavabdehin iddiaçıya həmin müqavilə üzrə tərəflərindən cavabdehə artıq ödənilmiş 42.249,94 manat qaytarmaq vəzifəsi yaranmış, bununla bağlı cavabdehlə dəfələrlə danışıq aparsalar da hər dəfə qeyd olunan məbləği qısa zamanda ödəməyə söz vermiş, lakin qeyd olunan məbləği ödəməmiş, yalnız xx.xx.2022-ci il tarixdə 3000 manat və xx.xx.2022-ci il tarixdə 6.948,34 manat, cəmi, 9.948,34 manat bank hesablarına ödəmişdir. Hazırda cavabdehin iddiaçıya qeyd olunan müqavilə üzrə borcu 32.301.6 manat qalmaqdadır. Eyni zamanda tərəflər arasında 16 may 2021-ci il tarixli, “X1”sinə əsasən, cavabdeh 30 kv.metr olan qeyriyaşayış sahəsini icarəyə götürmüşdür. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya hər təqvim ayı üçün 300 manat ödəməlidir. Həmin Müqavilənin 4.1-cimaddəsinə əsasən, İcarəçi nəzərdə tutulmuş icarə haqqının 14 %-nin vergi şəkilində ödənilməsi ilə bağlı məsuliyyət daşıyır. Həmin İcarə müqaviləsinə əsasən cavabdehin iddiaçıya 3300.30 manat icarə haqqından borcu qalmışdır. İddia ərizəsinə əlavə edilmiş və iddiaçı tərəfindən cavabdehə göndərilmiş 2021-ci il may, iyun, iyul ayları üçün Seriya: EBBG № 249901 (900,08 manat), xx.xx.2021-ci il tarixli; 2021-ci ilin avqust, sentyabr, oktyabr, noyabrayları üçün Seriya: EBBM № 234408 (1200,11 manat), xx.xx.2021-ci il tarixli; 2021-ci ilin dekabr ayı üçün Seriya: EBBM № 234886 (300,03 manat), xx.xx.2021–ci il tarixli; 2022-ci ilin yanvar, fevral, mart ayları üçün Seriya: EBBR № 867349 xx.xx.2022-ci il tarixli (900,08 manat) elektron qaimələri icarə haqlarının ödənilməsi ilə bağlı göndərmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında bağlanmış 16 may 2021-ci il tarixli 160521-1 saylı müqaviləyə əsasən satıcı hazırkı müqavilə ilə şərtləndirilən şərtlərdə ərzaq məhsullarını alıcıya təhvil vermək öhdəliyini, alıcı isə onları qəbul etmək və ödəmək öhdəliyini götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən məhsulun çeşidi, sayı, bir vahidinin qiyməti hesablarda və hazırkımüqaviləyə əlavələrdə göstərilir. Müqavilənin 3.2-ci bəndinə əsaəsn məhsulun hər bir partiyasının alıcı tərəfindən ödənilməsi təchizatçı tərəfindən təqdim edilən hesab əsasında, hesabın təqdim edilməsi alınandan sonra 20 gün ərzində 100 % ödəniş qaydasında aparılır. Ödəniş üçün hesab tərəflərin səlahiyyətli şəxslərinin imzaladığı təhvil-təslim aktı əsasında təqdim edilir. İddiaçı (icarədar) ilə cavabdeh (icarəçi) arasında bağlanmış 16 may 2021-ci il tarixli X1sinə əsasən icarədar ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı icarəyə verir, icarəçi isə həmin daşınmaz əmlakı qeyri-yaşayış məqsədi kimi icarəyə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi bu müqavilənin 1.1-ci maddəsində göstərilən daşınmaz əmlakın 30 m2 otaq hissəsini icarəyə götürülməsi müqavilində icarədara hər təqvim ayı üçün 300 manat məbləğində icarə haqqı ödəyəcək. xx.xx.2021-ci il tarixli 0021 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBBC 365736 nöməli elektron qaimə əsasında 9954,41 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2021-ci il tarixli 0021 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBBC 365736 nöməli elektron qaimə əsasında 55302,26 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə EBBC 365736 nömrəli elektron qaimə əsasında 4576,27 manat məbləğində pul göndərilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə EBBC 365736 nömrəli elektron qaimə əsasında 25423,73 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2021-ci i tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə EBBC 365736 nömrəli elekron qaimə əsasında 5378,14 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2021-ci il tarixli 0015 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə EBBC 365736 nömrəli elektron qaimə əsasında 29878,53 manat məbləğində pul löçürülmüşdür. xx.xx.2022-ci il tarixli iddiaçı ilə cavabdeh arasında bağlanmış təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə aktda qeyd olunan mallar təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə EBBF 538064 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 365736 nömrəli xx.xx.2021-ci il tarixli, EBBS 925549 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 924822 nömrəli xx.xx.2022-ci il tarixli, EBBG 249901 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM nömrəli 234408 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 234886 nömrəli xx.xx.2021-ci il tarixli, EBBR 867349 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir. xx.xx.2022-ci il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli EBBS 924822 EBBS 925549 nömrəli iadə qaiməsinə əsasən ödənilmiş məbləğ geri qaytarılmışdır. İddiaçının xx.xx.2022-ci il tarixli hesab üzrə çıxarışından görünür ki, dövrün sonuna balansı 219 manat təşkil edir. xx.xx.2022-ci il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən 51827,57 manat ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin hazırkı tələbləri tərəflər arasında bağlanmış alqı-satqı və icarə müqavilələrindən irəli gəlir. Cavabdehin həmin müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı və icarə müqavilələri, habelə Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 679-cu maddəsinə əsasən kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xx.xx.2021-ci il tarixli alqı-satqı və 16 may 2021-ci il tarixli sub-icarə müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun alqı-satqı müqaviləsi üzrə iddiaçıya 32.301.6 manat və icarə müqaviləsi üzrə 3300.30 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcların ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 32.301.6 manat və icarə haqqını ödəməməsinə görə 3300.30 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində hüquqi yardımla bağlı ödənilmiş 200 manat pulun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqısatqı müqaviləsi üzrə 32.301.6 manat borc və icarə haqqını ödəməməsinə görə 3300.30 manat, ümumilikdə 35601,90 manat məbləğində pul və 200 manat hüquqi yardıma görə vəsait tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan göründüyü kimi, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 32301.60 (otuz iki min üç yüz bir manat altmış qəpik) manat borc və ödənilməmiş icarə haqqına görə 3300.30 (üç min üç yüz otuz manat otuz qəpik) manat, ümumilikdə 35601,90 (otuz beş min altı yüz bir manat doxsan qəpik) manat məbləğində pul, 200 (iki yüz) manat hüquqi yardıma görə xərc və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar