Məhkəmə qərarları › İş №e-2-2(113)-4834/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4834/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4834/2022 11.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən CD- 34/2020 saylı xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə malın dəyəri qismində 2719,99 manat (ƏDV daxil), malın dəyərinin gecikdirilməsinə görə həmin müqavilənin 5-ci maddəsinə əsasən cərimə olaraq 271 manat, mediasiya xərci 60 manat, vəkil xərci 150 manat, poçt xərci 8 manat, cəmi 3208,99 manat tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyətimiz və Cavabdeh MMC arasında CD-34/2020 saylı xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə 2719,99 manat (ƏDV daxil) həcmində mal verilmiş, lakin dəyəri ödənilməmişdir. Bundan əlavə tərəflər arasında olan müqavilənin 5-ci maddəsinə əsasən malın dəyərinin gecikdirilməsinə görə alıcı (cavabdeh) gecikdirilmiş məbləğin 0,1 faizi həcmində əlavə haqq ödəməlidir. Bu cərimə məbləği 271 manatdan ortıq olsa da həmin maddəyə uyğun olaraq 10 faizi aşa bilməz. Bu baxımdan həmin cərimə məbləği 271 manat təşkiledir. Cavabdeh malın dəyərini ödəmədiyi üçün ilk öncə mediasiyaya, bundan sonra isə məhkəməyə müraciət etməli olmuşuq. Bununla bağlı 60 manat mediasiya xərci, 150 manat vəkil xərci çəkmişik. Cavabdeh malın dəyərini ödəmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşuq. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflərin arasında 2020-ci ildən davamlı münasibətlər yaranmış, Cavabdeh MMC-yə satılan mallarla bağlı ayrı-ayrı vaxtlarda məhkəməyə təqdim edilən çıxarışa əsasən 9 elektron qaimə vurulmuş, onlardan yalnız xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ödəniş aparılmamışdır. Odur ki, qeyd olunanları nəzər alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış CD- 34/2020 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə hazırki müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən “əlavə protokol”da nəzərdə tutulan malları təqdim etməyi, Cavabdeh MMC isə həmin malı qəbul edib razılaşdırılmış dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 5-ci maddəsinə əsasən İddiaçı MMC malın təhvil verilməsini, yaxud Cavabdeh MMC dəyərinin ödənilməsini bu müqavilədə nəzərdə tutulduğu müddətdən gec həyata keçirdikdə hər gecikdirilmiş gün üçün malın dəyərinin və ya ödənişin 0,1 %-i miqdarda cərimə ödəyir. Həmin cərimə 10 %-dən artıq ola bilməz. xx.xx.2022-ci il tarixli EBBR seriyalı 043366 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 2719,99 manat məbləğində mal satmışdır. 01 iyul 2022-ci il tarixli MŞB/5-02177 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. 12 sentyabr 2022-ci il tarixli **********/475090755 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosuna 150 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddələrinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə borcunu ödəmişdir. 2020-2022-ci illərdə tərəflərin arasında davamlı münasibətlərin olduğunu cavabdehə cəmi 9 elektron qaimə vurulduğunu, onlardan 8 elektron qaimə üzrə ödənişlərin aparıldığını, yalnız xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ödəniş aparılmadığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının əsas borc, mediasiya xərci, poçt xərçi və hüquqi yardımla bağlı tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu (cərimə) tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 32,01 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 2719,99 manat əsas borc, 32,01 manat cərimə, 60 manat mediasiya xərci, 150 manat hüquqi yardım, 8 manat poçt xərci cəmi 2970 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2719,99 manat əsas borc, 32,01 manat cərimə, 60 manat mediasiya xərci, 150 manat hüquqi yardım, 8 manat poçt xərci cəmi 2970 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar