Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4834/2024 25.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti 1.İddiaçı MMC Cavabdeh MMC-yə qarşı kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 17 fevral 2023-cü il tarixli 300/266 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 355.58 manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 17 fevral 20223-cü il tarixli 300/266 nömrəli alqı-satqı Müqaviləsi bağlanmışdır. Müqavilənin 3.2-ci bəndinə əssən, satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri E-qaimə və E-VHF təqdim olunduqdan sonra 12 gün ərzində satıcının hesablaşma hesabına ödənilir. Cavabdeh müqaviləyə əsasən müxtəlif tarixlərdə təhviltəslim aktına əsasən götürdüyü mallara dair ödənişlər etmişdir, lakin sonuncu dəfə tərəflər arasında tərtib edilmiş üzləşmə aktına əsasən ödənilməli olan 355.58 manat pul hazıradək ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və 02 aprel 2024-cü il tarixli pretenziya məktubu əsasında yazılı xəbərdarlıq edilmişdir. 3.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı həmçinin ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. 5.Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri: 6.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Satıcı İddiaçı MMC və Alıcı “Bakiroğlu MMC” arasında bağlanan 17 fevral 2023cü il tarixli 300/266 nömrəli alqı-satqı müqaviləsinin: 1-ci bəndinə əsasən, satıcı malı Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 2-ci bəndinə əsasən, bu müqavilə üzrə alqı-satqı obyekti olan malın adı və miqdarı qaimə fakturaya əsasən müəyyən olunur. 3.2-ci bəndinə əsasən, satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri Eqaimə və E-VHF təqdim olunduqdan sonra 12 gün ərzində satıcının hesablaşma hesabına ödənilir.
8. İddiaçı MMC tərəfindən “Bakiroğlu MMC”-yə ünvanlanmış EBDG seriyalı 148859 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 574.22 manat təşkil etmişdir.
9. xx.xx.2023-cü il tarixli satış fakturasından görünür ki, yekun borc məbləği 531.58 manat təşkil etmişdir.
10. xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, 35 manat ödəniş olunmuşdur.
11. xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, 176 manat ödəniş olunmuşdur.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış “Alqısatqı” müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
14. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 17 fevral 2023-cü il tarixli 300/266 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək cavabdehə ümumi dəyəri 574.22 manat təşkil edən malları təhvil vermiş, lakin cavabdeh öhdəliyini lazımı qaydada icra etməyərək mallarının dəyərinin bir qismi üzrə ödənişini həyata keçirməmişdir. Sözügedən Müqavilənin 3.2-ci bəndinə əssən, tərəflər satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri elektron qaimə və elektron vergi hesab fakturası təqdim olunduqdan sonra 12 gün ərzində satıcının hesablaşma hesabına ödənilməli olması barədə razılığa gəlmişlər. İş materiallarından aydın olur ki, cavabdeh tərəfindən sözügedən müqaviləyə üzrə 355.58 manat borc (531.58-176=355.58) ödənilməmiş qalmışdır.
15. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin tam icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, müqavilənin icrası zamanı tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, o cümlədən cavabdeh tərəfindən ödənişlərin edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 355.58 manat məbləğində borc məbləği tutularaq İddiaçıya ödənilməlidir.
III. Nəticə:
16. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 17 fevral 2023-cü il tarixli 300/266 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 355.58 (üç yüz əlli beş manat əlli səkkiz qəpik) manat borc məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov