Məhkəmə qərarları › İş №e-2-2(113)-4839/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4839/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4839/2021 15.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 08 fevral 2021-ci il tarixli müqavilə üzrə yaranmış 1129.17 (bir min yüz iyirmi doqquz manat, on yeddi qəpik) manat borcun və iş üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 08 fevral 2021-ci il tarixində 020 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı sifariş edilmiş malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl edilməklə cavabdehə ümumi dəyəri 1129.17 (bir min yüz iyirmi doqquz manat, on yeddi qəpik) manat olan mal təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.1.-ci bəndinə əsasən “Satıcı” tərəfindən təhvil verilmiş malı qəbul etmək və malın dəyərini 2.2-ci maddədə nəzərdə tutulmuş qaydada ödəmək “Alıcı”nın vəzifəsidir. Lakin cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Maliyyə arayışına əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 1129.17 (bir min yüz iyirmi doqquz manat, on yeddi qəpik) manat borcu qalmışdır. Cavabdeh tərəfindən ödənilməmiş borc öhdəliyinin icra edilməsi barədə ona dəfələrlə şifahi və 26.07.2021-ci il tarixində APC133/2021 nömrəli bildirişlə isə yazılı müraciət edilmişdir. 20.08.2021-ci il tarixində mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh öhdəliyin icrasından qərəzli olaraq yayınaraq iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini kobud surətdə pozmağa davam etmişdir. Cavabdeh 22.09.2021-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Ona görə də, cavabdeh tərəfindən borc öhdəliyinin icra edilməsi barədə məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq məhkəməyə izahatında qeyd etdi ki, qarşı tərəfin “Cafe Fiesta” adlı restoran işlədir və onlardan aldıqları məhsulları həmin restoranda istifadə edirlər. Bununla bağlı olaraq qarşı tərəfə göndərilən elektron qaimələrdə, həmçinin, tərtib edilmiş təhvil-təslim aktlarında qısaldılmış şəkildə “Caffiesta” adı qeyd olunmuşdur. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəni məhkəməyə təqdim edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC “satıcı” "xxxx" MMC “alıcı” olmaqla imzalanmış 08 dekabr 2021-ci il tarixli 020 saylı müqaviləyə əsasən bu müqavilənin predmetini müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavə ilə müəyyən edilən malların “satıcı” tərəfindən “alıcı”-nın mülkiyyətinə verilməsi, “alıcı” tərəfindən isə bu malların mülkiyyətə qəbul edilməsi və haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Malların təsviri, çəkisi, dəyəri və digər vacib şərtlər 1 saylı əlavədə əks olunur. "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanmış 08 dekabr 2021-ci il tarixli 020 saylı müaqviləyə 1 saylı əlavənin 1.1 bəndinə əsasən “satıcı” aşağıdakı cədvəldə qeyd edilmiş məhsulları “alıcı”ya razılaşdırılmış vaxtda və keyfiyyətli şəkildə çatdırılmasını təmin etməlidir. Müxtəlif tarixlərdə tərtib edilmiş elektron qaimələrə əsasən "xxxx" MMC tərəfindən ümumilikdə 1.129,17 (bir min yüz iyirmi doqquz manat, on yeddi qəpik) manat "xxxx" MMC-yə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında alğı-satqı müqaviləsi bağlanmışdır. "xxxx" MMC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməyərək, öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin 1.129,17 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımınca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqaviləsi üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 1129.17 (bir min yüz iyirmi doqquz manat, on yeddi qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X2” MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1129.17 (bir min yüz iyirmi doqquz manat, on yeddi qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X2” MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar