Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4839/2025 04.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, əqdin etibarlılığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli S1141/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 9319,8 manat əsas borc, 465,99 manat cərimə məbləği və ödənilmiş 160 manat ilkin mediasiya xərcinin, 119,46 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında S1141/23 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş malları cavabdehə sataraq onun mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı tərəfindən çatdırılması hallarında təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. 2.2. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalar əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektronqaimələrə əsasən ƏDV daxil olmaqla 9319,8 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan müqavilənin 6-cı maddəsinin tələbinə görə tərəflər arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu göndərilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 567, 597.1, 598.3-cü və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndələri X2 və X3 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdilər və eyni zamanda göstərdilər ki, iddiaçı Xəyyam adlı işçi ilə xidmət müqaviləsi bağlamış, sonuncu isə iddiaçıya məxsus mallara alıcı tapmağa məsul olmuşdur. Bu qaydada cavabdehlə alqı-satqı müqaviləsi bağlanmış, mal verilmiş, lakin malların dəyəri ödənilməmişdir. xx.xx.2023-cü il tarixli qaimə-fakturada adı qeyd olunan Xəyyam həmin işçi olmuşdur.
6. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdilər və bildirdilər ki, cavabdeh tərəfindən iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanmamışdır. Belə ki, iddiaçı tərəfindən müqavilə bağlamağa təklif irəli sürülsə də, cavabdeh digər şirkətlə əməkdaşlıq etmişdir. Həmçinin poçt rabitəsi vasitəsilə elektron qaiməyə də etiraz edilmişdir. Lakin uzun müddət keçdiyindən məktubun göndərilməsini təsdiq edən qəbzi əldə edib məhkəməyə təqdim edə bilmir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Satıcı qismində) ilə cavabdehin (Alıcı qismində) tərəf qismində göstərildiyi 30 may 2023-cü il tarixli S1141/23 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya bundan sonra “Mal” satır, “Alıcı” isə həmin “Mal”ı qəbul edir və “Müqavilə” ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini “Satıcı”ya ödəyir. Bu “Müqavilə” çərçivəsində “Mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur (1.1). “Mal”ların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər “Mal”lara əlavə edilən qaimələrlə və hesab-fakturalarla “Tərəf”lərin razılaşdığı və hazırkı “Müqavilə”nin ayrılmaz hissəsi sayılan “Əlavə”lərdə əks olunur (1.2). “Mal”ların təhvil verilməsi ilə eyni vaxtda “Satıcı” Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq “Mal”ların dövriyyəsinin qanuniliyini təsdiq edən onlarla əlaqəli sənədləri (təsdiq edilmiş surətləri) “Alıcı”ya təhvil verməlidir (1.3). Xarici görünüşü, çeşidi, yer sayı və içlərinin tamlıqla doluluğu üzrə “Mal”ların qəbulu “Alıcı”nın anbarında həyata keçirilir və qaimədə “Mal”ı qəbul etmiş şəxsin vəzifəsi, imzasının açıqlaması qeyd olunmaqla, eləcə də “Alıcı”nın möhürü ilə təsdiqlənərək rəsmiləşdirilir. “Mal”ları qəbul edən şəxsin səlahiyyəti müvafiq qaydada rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq edilməlidir (3.2). “Mal”ların “Satıcı” tərəfindən çatdırılması hallarında, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır (4.1).
11. İş materiallarında olan 30 may 2023-cü il tarixli 0000-004615 nömrəli qaiməfakturadan görünür ki, ƏDV daxil olmaqla 9319,8 manat dəyərində malın Xəyyam adlı şəxs tərəfindən imza edilərək təhvil verilmişdir.
12. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli EBDG 868850 seriya və nömrəli elektron qaimədən görünür ki, həmin elektron qaimə ƏDV daxil olmaqla 9319,8 manat dəyərində malın verilməsi üçün tərtib edilərək cavabdehə göndərilmiş, elektron qaimə sistem tərəfindən təsdiq edilmişdir.
13. İddiaçı 30 may 2023-cü il tarixli S1141/23 nömrəli alqı-satqı müqaviləsi əsasında təhvil verilən malların dəyəri olan 9319,8 manat məbləğində pulun ödənilməsini tələb edir.
14. Cavabdeh iddiaya etiraz edərək 30 may 2023-cü il tarixli S1141/23 nömrəli alqısatqı müqaviləsinə imza etmədiyini, malları qəbul etmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.
15. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
16. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
19. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən ... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
21. Məhkəmə tərəfindən Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarında ifadə olunan hüquqi mövqeyə uyğun olaraq, cavabdehin etirazlarına əsasən xx.xx.2025-ci il tarixli e-2-2(113)-4839/2025 nömrəli qərardad ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: iş materiallarında olan xx.xx.2023-cü il tarixli S1141/23 nömrəli alqısatqı müqaviləsinin 1-ci, 2-ci və 3-cü səhifəsinin aşağı sağ tərəfində “Alıcı:” yazısının altındakı imza və xətt nümunəsi, müqavilənin 3-cü səhifəsində yerləşən 10-cu hissənin sağ tərəfində “Alıcı”, “Ünvan:”, “VÖEN”, “Tel.:” sözlərinin qarşısındakı xətt nümunələri, “İmza/ Soyad/ Adı, Ata adı/ Vəzifə:” yazısının altındakı imza və xətt nümunəsi Cavabdeh tərəfindən icra edilmişdirmi? İş materiallarında olan 30 may 2023-cü il tarixli 0000-004615 nömrəli qaimə-fakturanın aşağı sağ tərəfində “Müştəri” yazısının altındakı imza və xətt nümunəsi Cavabdeh tərəfindən icra edilmişdirmi?
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2025-ci il tarixli 4/1457 nömrəli ekspert rəyinə əsasən, S1141/23 saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 1-ci, 2-ci səhifələrində “Alıcı” qrafalarında “CavabdehE” yazıları və imzalar, 3-cü səhifəsində “Alıcı”, “Ünvan:”, “Vöen” “Tel:” qrafalarındakı yazılar, “İmza/Soyadı/Adı, Ata adı/ Vəzifə:” qrafalarındakı yazılar və imza, səhifənin aşağısında “Alıcı” qrafasında “CavabdehE” yazıları və imza; 0000-004615 saylı xx.xx.2023-cü il tarixli qaimə-fakturada “Müştəri” qrafasındakı “Xəjjaм” yazısı və imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
23. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
25. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
26. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
28. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).
29. Məhkəmə qeyd edir ki, 30 may 2023-cü il tarixli S1141/23 nömrəli alqı-satqı müqaviləsi cavabdeh tərəfindən imza edilmədiyindən həmin müqavilənin əqdin subyekt tərkibi ilə bağlı meyara uyğun olaraq etibarlılığından söhbət gedə bilməz. Həmçinin həmin müqavilə üzrə satış qaimə-fakturasının da cavabdeh tərəfindən imza edilmədiyi müəyyən olunduğundan sonuncunun konklyudent hərəkətləri və rəftarı ilə (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsi qənaətinə gəlinməsi də mümkün deyildir.
30. Digər tərəfindən, təqdim edilən xx.xx.2023-cü il tarixli EBDG 868850 seriya və nömrəli elektron qaiməyə münasibətdə isə göstərilməlidir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
31. Hazırda isə müqavilənin və onun əsasında tərtib edilən satış qaimə-fakturasının cavabdeh tərəfindən imza edilmədiyi müəyyən edilməklə bərabər tərəflər arasında qarşılıqlı münasibətin mövcud olması, hər hansı işgüzar praktikanın formalaşması da öz təsdiqini tapmır.
32. Beləliklə, malların cavabdehə təhvil verildiyi iş materiallarında olan sübutlarla təsdiq olunmadığından və iddiaçının tələbinin faktiki əsasını təşkil edən 30 may 2023-cü il tarixli S1141/23 nömrəli müqavilənin etibarsız olduğu müəyyən olunduğundan məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi rədd olunmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
33. İddiaçı həmçinin ödənilmiş 160 manat ilkin mediasiya xərcinin, 119,46 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
34. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Beləliklə, iddia tələbinin rədd edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova