Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4841/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən "xxxx" ASC-nin xeyrinə SC091/2023 nömrəli, 04 avqust 2023-cü il tarixl aqlı-satqı müqaviləsi üzrə bugünədək dəyəri ödənilməyən malın müvafiq dəyəri olan 64497,78 AZN (ƏDV daxil) məbləğində pulun və ödənilmiş 283,49 AZN məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında SC091/2023 nömrəli, “04” avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə ilə müvafiq elektron qaimə-faktura sənədlərində göstərilən ölçüdə, çeşiddə və miqdarda məhsulların həmin müqavilə üzrə “Alıcı” qismində çıxış edən Cavabdeh MMC-yə satılması “Satıcı” qismində çıxış edən "xxxx" ASC-nin, həmin malların müvafiq dəyərinin razılaşdırılmış şərtlər əsasında "xxxx" ASC-yə ödənilməsi isə Cavabdeh MMC-nin öhdəliyi kimi razılaşdırılmışdır. Hazırki işin mübahisəsiz halıdır ki, SC091/2023 nömrəli, “04” avqust 2023-cü il tarixli Alqı-satqı müqaviləsi üzrə “Satıcı” qismində çıxış edən "xxxx" ASC tərəfindən sözügedən müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, SC091/2023 nömrəli,“04” avqust 2023-cü il tarixli Alqısatqı müqaviləsinin 2.2-ci maddəsinin tələblərinə uyğun olaraq, xx.xx.2023-cü il tarixli, EBDO 661806 nömrəli elektron qaimə-faktura əsasında 34.711,18 AZN (ƏDV daxil) dəyərində künclük, xx.xx.2023-cü il tarixli, EBDP 336973 nömrəli elektron qaimə-faktura əsasında cəmi 26.287,27 AZN (ƏDV daxil) dəyərində şveller, künclük, profil və xx.xx.2023-cü il tarixli, EBDP 772074 nömrəli elektron qaimə-faktura əsasında cəmi 3.499,33 AZN (ƏDV daxil) dəyərində növlü polad olmaqla, ümumilikdə dəyəri 64.497,78 AZN (ƏDV daxil) olan malın “Alıcı” qismində çıxış edən Cavabdeh MMC-yə təhvil verilməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmayaraq təhvil aldığı malın müvafiq dəyəri olan 64497,78 AZN (ƏDV daxil) məbləğin ödənilməsi bugünədək təmin olunmamışdır. "xxxx" MMC tərəfindən təhvil alınan yuxarıda göstərilən mallar ilə əlaqədar "xxxx" ASC tərəfindən göndərilmiş “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” müvafiq nömrə və tarixlielektron qaimə-fakturaların elektron sistem vasitəsilə təsdiqlənməsi ilə təsdiq olunur. Həmin çıxarış ilə "xxxx" MMC-nin “03” iyul 2024-cü il tarixinə "xxxx" ASC-yə 64.497,78 AZN (ƏDV daxil) məbləğində borcu olduğu hər hansı şübhə olmadan təsdiqlənmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 427.4, 442, 443.1, 445.1, 448.1, 501, 567, 599.1, 606.1, 606.4-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı olaraq "xxxx" ASC ilə alıcı olaraq "xxxx" MMC arasında bağlanmış 04 avqust 2023-cü il tarixli SC091/2023 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” elektron qaimə-faktura sənədlərində göstərilən, ölçüdə, çeşiddə və miqdarda məhsulları “Alıcı” isə öz növbəsində alınan malların dəyərini bu müqavilənin 3-cü maddəsi ilə razılaşdırılmış şərtlər əsasında “Satıcı”ya ödəməyi şərtləşdirmişlər. Müqavilənin 2.1-ci bəndinə əsasən malların çeşidi, ölçüləri, miqdarı və qiyməti tərəflər arasında əvvəlcədən razılaşdırılacaqdır. Müqavilənin 2.2-ci bəndinə əsasən “Satıcı” malı elektron qaimə-faktura sənədlərin əsasında Alıcıya təhvil verilməsi şərtləşdirilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti hər partiya üçün elektron-qaimə faktura əsasında razılaşdırılmışdır. EBDO seriyalı, 661806 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 34711,18 manat, EBDP seriyalı, 772074 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3499,33 manat, EBDP seriyalı, 336973 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 26287,27 manat məbləğdə müxtəlif mallar "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.Qaydaların 2.5.3-cü bəndinə əsasən elektron qaiməfaktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur. Qaydaların 3.4-cü bəndinə əsasən Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Qaydaların 3.8-ci bəndin əsasən Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaiməfaktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür. Qeyd olunanlara əsasən hesab edirik ki, Qaydalara uyğun olaraq müvafiq elektron qaimə-fakturada hər hansı düzəliş edilmədikdə və ya ləğv edilmədikdə bu, malların faktiki olaraq təhvil-təslim edilməsi kimi qiymətləndirilməlidir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC 284 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 632.3-cü maddəsinə əsasən əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur. 641.3-cü maddəsinə əsasən malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərrə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş mallarla bağlı ödənişlərin edilməsi üçün cavabdehə elektron qaimələr göndərilmiş, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr təqdim edilməsindən artıq bir ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən malların təhvil verilməsi ilə bağlı hər hansı pretenziya irəli sürülməmiş və ya elektron qaimənin ödənilməsindən imtina edilməmişdir. Bu onu göstərir ki, iddiaçı tərəfindən müqavilədə şərtləşdirilmiş miqdarda və sayda mallar cavabdehə təhvil verilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mallar iddiaçı tərəfindən təhvil verilmədiyi və ya qüsurlu olduğu halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Bu bir daha təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi mallar qəbul edilmişdir, ona görə ki, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır. Həmçinin tərəflər arasında bağlanmış müqaviləyə əsasən malların təhvil verilməsi və qiymətləri elektron qaimə-faktura əsasında müəyyənləşməsi şərtləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 64497,78 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 64497,78 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 283,49 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən SC091/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 64497 (altmış dörd min dörd yüz doxsan yeddi) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində əsas borc, habelə ödənilmiş 283 (iki yüz səksən üç) manat 49 (qırx doqquz) qəpik məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4841/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4841/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver