Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4844/2021 11.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "SOCAR AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" Şirkətinin cavabdeh "SOCAR AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 17.03.2017-cu il tarixli Xidmət müqaviləsinə əsasən 1079696.50 manatın, 632058.70 ABŞ dollarının, 72236.78 Avronun, 719.54 İngiltərə funt sterlinqinin, hüquqi yardıma görə ödənilmiş 17000 manatın, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat haqqın, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı 17.03.2017-cu il tarixli Xidmət müqaviləsinə əsasən 1079696.50 manatın, 632058.70 ABŞ dollarının, 72236.78 Avronun, 719.54 İngiltərə funt sterlinqinin, hüquqi yardıma görə ödənilmiş 17000 manatın, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat haqqın, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 məhkəməyə vəsatət təqdim edərək, izahatında bildirdi ki, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinə dair iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış 17 mart 2017-ci il tarixli, LVC-GBR-S-1642 nömrəli “Xidmət Müqaviləsi”nə istinad etməklə, həmin müqavilə üzrə göstərilmiş xidmətlərin pul məbləğinin ödənilməsini tələb edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 17 mart 2017-ci il tarixli, LVC-GBR-S-1642 nömrəli “Xidmət Müqaviləsi”nin 5.1ci bədinə əsasən podratçı və sifarişçi arasındakı hər hansı mübahisə danışıqlar yolu ilə həll edilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, belə mübahisə müvafiq prosessual qaydalara uyğun olaraq İngiltərə İqtisad Məhkəməsinə təqdim olunur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 17 mart 2017-ci il tarixli, LVC-GBR-S-1642 nömrəli “Xidmət Müqaviləsi”ndə, müqavilə tərəfləri aralarında yaranmış mübahisənin danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, belə müabahisənin müvafiq prosessual qaydalara uyğun olaraq İngiltərə İqtisad Məhkəməsində baxılmalı olmasını qarşılıqlı olaraq müəyyənləşdirmişlər. Buna baxmayaraq, cavabdeh tərəfindən hazırkı mübahisəyə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasına nail olmaq üçün məhkəməyə təqdim etdiyi 17 mart 2017-ci il tarixli, LVC- GBR-S- 1642 nömrəli “Xidmət Müqaviləsi”nin kserosurətində müqavilənin 5.2-ci bəndinin mövcud olmaması “görüntüsünü” yaratmaq cəhdi göstərilmiş və müqavilənin kserosurətində həmin bənd çıxarılmışdır. Halbuki, həmin Müqavilənin 5.2-ci bəndində razılaşdırılmışdır ki, mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, belə mübahisənin həlli üçün (bu Məhkəmənin) müvafiq prosessual qaydalarına uyğun olaraq İngiltərə İqtisad Məhkəməsinə müraciət olunur. İddiaçının Məhkəməyə təqdim etdiyi Müqavilənin surətində - vərəqlər təhrif edilərək 5.2-ci bənd “itirilmiş” olsa da Müqavilənin əslində 5.2-ci bəndi mövcuddur. Müqavilənin 5.2-ci bəndinin şərtlərinə əsasən hazırkı mübahisəyə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmalı deyildir. Sonda cavabdehin nümayəndəsi və vəkili iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətlə bağlı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.6-cı maddəsinin tələbinə görə, Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dovlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Qeyd olunan maddənin məzmununa əsasən, əgər tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, xarici hüquqi şəxslərin iştirak etdikləri işlərin məhkəmələrə aidiyyəti Azərbaycan Respublikasının hüquqi şəxslərinin iştirak etdiyi mübahisələrin aidiyyəti ilə tam eynidir. İşdə olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 mart 2017-ci il tarixli, LVC- GBR-S-1642 nömrəli “Xidmət Müqaviləsi”nin 5.2-ci bəndinə əsasən mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, belə mübahisə müvafiq prosessual qaydalara uyğun olaraq İngiltərə İqtisad Məhkəməsinə təqdim olunur. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilədə onların iştirak etdikləri işlərin məhkəmələrə aidiyyəti müəyyən edilərək mübahisənin İngiltərə İqtisad Məhkəməsinə təqdim olunması nəzərdə tutulmuşdur. Belə olan halda onların iştirak etdikləri işin məhkəmələrə aidiyyəti Azərbaycan Respublikasının hüquqi şəxslərinin iştirak etdiyi mübahisələrin aidiyyəti ilə eyni olması ilə əlaqədar olan mübahisə olmaması səbəbi ilə işə kommersiya məhkəməsi tərəfindən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, "xxxx" Şirkətinin "SOCAR AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı "xxxx" Şirkətinin cavabdeh "SOCAR AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 17.03.2017-cu il tarixli Xidmət müqaviləsinə əsasən 1079696.50 manatın, 632058.70 ABŞ dollarının, 72236.78 Avronun, 719.54 İngiltərə funt sterlinqinin, hüquqi yardıma görə ödənilmiş 17000 manatın, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat haqqın, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4844/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4844/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver