Məhkəmə qərarları › İş №e-2-2(113)-4845/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4845/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4845/2021 03.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı məhdud məsuliyyətli müəssisəsinin cavabdeh X1 qarşı cavabdehdən 336.50 manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 84 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın, cəmi 440,5 manatın tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 336.50 manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 84 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın, cəmi 440,5 manatın tutularaq iddiaçıya ödənilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 11 fevral 2016-ci il tarixində satış (alqı-satqı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan tikinti materialları (qatqılar) almış və qeyd olunan borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra isə 11 fevral 2016-ci il tarixində tarixində tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən cavabdehin müqavilə üzrə iddiaçıya 336.50 manat məbləğində borcun olduğu müəyyən olunmuşdur. Həmçinin, cavabdeh tərəfindən borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla həmin məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 11 fevral 2016-cı il tarixli Malların alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, iddiaçı, ona məxsus qiymət cədvəlində göstərilən materialları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini qiymət cədvəlində müəyyən edilən məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 11 fevral 2016-cı il tarixli Üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya olan borcu 336,50 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-ci və 551.2.3-cü maddələrinə əsasən zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 11 fevral 2016-cı il tarixli Malların alqı-satqısı haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı, ona məxsus qiymət cədvəlində göstərilən materialları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini qiymət cədvəlində müəyyən edilən məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə mallar satılmış, lakin cavabdeh tərəfindən malların dəyəri iddiaçıya ödənilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasındakı öhdəliklər mallar satışı ilə bağlı alqı-satqı müqaviləsindən yaranan öhdəliklərdir. Belə ki, həmin öhdəliklərə əsasən iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Yəni hazırki tələb mallar satışı üzrə yaranmış tələbdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində bütün öhdəliklərin və bir sıra konkret öhdəliklərin xitamı üçün müddətlər müəyyən edilmişdir. Həmin maddədə göstərilən konkret öhdəliklərdən bir də mallar satışı üzrə öhdəliklərdir ki, göstərilən maddədə həmin öhdəliklər üzrə tələb müddəti beş il müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdehin iddiaçıya olan borcu 11.02.2016-cı il tarixə olan borcdur, iddiaçı isə hazırki tələblə məhkəməyə 29.09.2021-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci və 551.2.3-cü maddələrinə əsasən mallar satışı üzrə tələb müddətinin beş il olmasını nəzərə aldıqda, iddiaçının tələb etdiyi mallar satışı üzrə tələb müddəti keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, malların satışı üzrə tələb qüvvəsini itirdiyindən iddia həmin tələbə aid hissədə rədd edilməlidir. İddia tələbinin borcun gecikdirilməsinə görə faizin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən tələb əsas tələblə (borc) birlikdə ondan asılı olan əlavə öhdəlik olduğundan, həmin tələb də müddətin keçməsinə görə qüvvəsini itirmişdir (Mülki Məcəllənin 554.3-cü maddəsi). Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı məhdud məsuliyyətli müəssisəsinin cavabdeh X1 qarşı cavabdehdən 336.50 manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 84 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın, cəmi 440,5 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar