Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4848/2021 07.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2660 (iki min altı yüz altmış) manat xidmət haqqı, 532 (beş yüz otuz iki) manat cərimə, 60 (altmış) manat mediasiya və 110 (bir yüz on) manat vəkilə ödənilmiş xərc olmaqla, ümumilikdə 3362 (üç min üç yüz altmış iki) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18.07.2020-ci il tarixli xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” (İddiaçı) bu müqaviləyə əlavə edilmiş əlavədə göstərilən xidmətlərin yerinə yetirilməsini (işlər görülməsini), Sifarişçi (Cavabdeh) isə müqavilə ilə müəyyən olunmuş xidmət haqqının ödənilməsini təmin edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə göstəriləcək xidmətlər barədə məlumatlar, habelə xidmətin dəyəri, təhvil müddəti və digər şərtləri Müqavilənin tərkib hissəsi olan əlavədə göstərilir. Müqavilənin 20.2.6-cı bəndinə əsasən xidmətlrin dəyərini müqavilə ilə nəzərdə tutulmuş qaydada ödəmək “Sifarişçi”nin vəzifəsidir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18.07.2020-ci il tarixli xidmət müqaviləsinə 18.07.2020-ci il tarixli Əlavə 1 və Əlavə 2 bağlanmışdır. 18.07.2020-ci il tarixli Əlavə 1-ə əsasən “İcraçı” “Sifarişçi”nin tapşırığına əsasən ümumi dəyəri 2700 ( iki min yeddi yüz) manat məbləğində olan Veb səhifənin hazırlanması (filtr, online, səbəb) xidmətini göstərir. 01 saylı Əlavənin 2.1-ci bəndinə əsasən “Sifarişçi” 18.07.2020-ci il tarixdən başlayaraq 18.11.2020-ci il tarixi də daxil olmaqla hər ay 540 (beş yüz qırx) manat məbləğində olmaqla, ümumilikdə 2700 (iki min yeddi yüz) manat məbləğində ödəniş həyata keçirilməli idi. Həmin əlavənin 3.1-ci bəndinə əsasən bu Əlavə üzrə xidmətlər təhvil-təslim aktı əsasında təhvil verilir. Təhvil-təslim Aktı “İcraçı” tərəfindən tərtib edilərək “Sifarişçi”yə təqdim edilir. “Sifarişçi” təhvil-təslim Aktı təslim edildiyi gün ərzində aktı imzalamalı və yaxud xidmətlərə dair əsaslandırılmış yazılı iradını bildirməlidir. Təhvil-təslim Aktının “Sifarişçi” tərəfindən müəyyən olunmuş müddətə imzalanmaması və ya hər-hansı bir iradın bildirirlməməsi xidmətlərin “Sifarişçi” tərəfindən qəbul edilməsi kimi dəyərləndirilir. 18.07.2020-ci il tarixli Əlavə № 2-yə əsasən “İcraçı” Sifarişçi”nin tapşırığına əsasən ümumi dəyəri 500 (beş yüz) manat məbləğində olan SMM ximdətlərini göstərir. 02 saylı Əlavənin 2.2-ci bəndinə əsasən ilk ayın xidmət haqqısı müqavilə imzalandığı tarixdən 5 (beş) təqvim günündən gec olmayaraq, “Sifarişçi” tərəfindən “İcraçı”ya ödənilir. Digər aylar üçün xidmət haqqı müqavilə bağlandığı tarixdən 30 təqvim günü intervalı ilə ən geci 5 (beş) gün ərzində ödənilir. Həmin əlavənin 3.1-ci bəndinə əsasən bu Əlavə üzrə xidmətlər təhvil-təslim aktı əsasında təhvil verilir. Təhvil-təslim aktı “İcraçı” tərəfindən tərtib edilərək “Sifarişçi”yə təqdim edilir. “Sifarişçi” təhvil-təslim aktı təqdim edildiyi gündən 5 (beş) gün ərzində aktı imzalamalı və yaxud xidmətlərə dair əsaslandırılmış hər hansı bir iradın bildirilməməsi xidmətlərin “Sifarişçi” tərəfindən qəbul edilməsi kimi dəyərləndirilir. Bildirilmişdir ki, 18.07.2020-ci il tarixli Xidmət müqaviləsinin 01 saylı və 02 saylı müqavilələri üzrə “İcraçı” tərəfindən bütün öhdəliklər lazımı qaydada icra olunub təhviltəslim aktı tərtib edilməklə “Sifarişçi”yə təqdim edilsə də, “Sifarişçi” tərəfindən təhvil-təslim aktının imzalanmasından yayınılmış, eyni zamanda müqavilə üzrə nəzərdə tutulan xidmət haqqı məbləği ödənilməmişdir. Bununla bağlı İddiaçı MMC tərəfindən 10.03.2021-ci il tarixdə “Sifarişçi” Cavabdeh MMC-nin hüquqi ünvanı olan Nərimanov rayonu, X2 küçəsi, ev 3, mənzil 7 ünvanına rəsmi qaydada xəbərdarlıq məktubu, pretenziya ünvanlanmış, 2660 manat qalıq borcun və həmin borca hesablanmış 532 manat cərimə borcunun ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan xidmət haqqının ödənilməsindən imtina olunmuşdur və hazırkı günə qədər də icra edilməmiş öhdəliklər mövcuddur. Müqavilənin 8.3-cü bəndinə görə tərəflər arasında yaranmış mübahisələrin pretenziyanın təqdim edilməsi yolu ilə həll olunması nəzərdə tutulmuşdur. Bununla bağlı qeyd olunan borcun ödənilməsi üçün pretenziya məktubu cavabdehin hüquqi ünvanına göndərilmiş, lakin cavabdeh tərəfindən borc ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından gğrünür ki:: - İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında 18 iyul 2020-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. - İddiaçı MMC ilə Cavabdeh MMC bağlanmış 18 iyul 2020-ci il tarixli xidmət müqaviləsinə 18.07.2020-ci il tarixli Əlavə 1-ə əsasən “İcraçı” “Sifarişçi”nin tapşırığına əsasən ümumi dəyəri 2700 ( iki min yeddi yüz) manat məbləğində olan Veb səhifənin hazırlanması (filtr, online, səbəb) xidmətini göstərir. 01 saylı Əlavənin 2.1-ci bəndinə əsasən “Sifarişçi” 18.07.2020-ci il tarixdən başlayaraq 18.11.2020-ci il tarixi də daxil olmaqla hər ay 540 (beş yüz qırx) manat məbləğində olmaqla ümumilikdə 2700 (iki min yeddi yüz) manat məbləğində ödəniş həyata keçirilməli idi. - 18 iyul 2020-ci il tarixli xidmət müqaviləsinə 18 iyul 2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən İcraçı” Sifarişçi”nin tapşırığına əsasən ümumi dəyəri 500 (beş yüz) manat məbləğində olan SMM ximdətlərini göstərir. 2 saylı Əlavənin 1.1-ci bəndinə əsasən icaçı sifarişçiyə: 1) SMM postlar üçün brendə uyğun şablonun hazırlanması; 2) Aylıq 20 ədəd post dizaynının hazırlanması; 3) Postlar üçün Azərbaycan və ya rus dillərində kopirayt və post mətninin yazılması; 4) Facebook və İnstagram səhifələri üçün profil şəklinin hazırlanması; 5) Facebook səhifəsi üçün cover şəklinin hazırlanması; 6) Əlavə olaraq bayram və özəl günlərdə mövzu ilə bağlı postların hazırlanması; 7) Postların ardıcıl paylaşım planının hazırlanması; 8) Sosial şəbəkələrdə biznesin hədəf kütləsinə uyğun reklam targetinqinin seçilməsi; 9) Postların plana uyğun Facebool və İnstagram (biznesdən asılı olaraq Linkedin) səhifələrində paylaşılması; 10) Postların müştəri ilə məsləhətli formada razılaşdırılmış büdcəyə uyğun reklama qoyulması; 11) Giveaway-lərdə iştirak edərək izləyici sayının artırılması xidmətlərini təqdim edir. Həmin Əlavənin 2.2-ci bəndinə əsasən ilk ayın xidmət haqqısı müqavilə imzalandığı tarixdən 5 (beş) təqvim günündən gec olmayaraq “Sifarişçi” tərəfindən “İcraçı”ya ödənilməlidir. Digər aylar üçün xidmət haqqı müqavilə bağlandığı tarixdən 30 təqvim günü intervalı ilə ən geci 5 (beş) gün ərzində ödənilir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 10.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. -İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 18.07.2020-ci il tarixli xidmət müqaviləsinin 8.4-cü bəndinə əsasən, tərəflər arasında baş verən və 7 (yeddi) təqvim günü ərzində həllini tapmayan mübahisələr məhkəmə qaydasında həll olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 18.07.2020-ci il tarixli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını, eləcə də cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və “Cavabdehndən 2660 (iki min altı yüz altmış) manat xidmət haqqı, 532 (beş yüz otuz iki) manat cərimə, 60 (altmış) manat mediasiya və 110 (bir yüz on) manat hüquqi yardım xərci olmaqla, ümumilikdə 3362 (üç min üç yüz altmış iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinə görə 60 manat və hüquqi xidmət haqqına görə 110 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 2660 (iki min altı yüz altmış) manat məbləğində xidmət haqqı, 532 (beş yüz otuz iki) manat cərimə, 60 (altmış) manat mediasiya xərci, 110 (yüz on) manat hüquqi yardım xərci olmaqla, cəmi 3362 (üç min üç yüz altmış iki) manat məbləğində pul tutularaq iddiaçı "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4848/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4848/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver