Məhkəmə qərarları › İş №e-2-2(113)-4848/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4848/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4848/2022 06.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh «4 №-li X1» MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “4 №-li X1» MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə imzalanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin dəyəri olan 115180 manat olan pul vəsaitinin, mediasiya xərci üçün ödənilmiş 400 manat pul vəsaitinin, hüquqi yardım üçün ödənilmiş toplamda 5000 manat pul vəsaitinin, ümumilikdə 120580 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdeh) mal-material satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilədə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəliyinə götürmüşdür. 24 sentyabr 2021-ci il tarixli 2021/05-09 nömrəli müqaviləyə edilmiş 05 yanvar 2022-ci il tarixli 2 nömrəli Əlavəyə əsasən malların qiyməti barədə razılığa gəlinmişdir. xx.xx.2022-ci il tarixli EBBP seriyalı 710324 saylı malların təqdim edilməsi haqqında elektron qaimədən göründüyü kimi iddiaçı tərəfindən 95391,20 manat, xx.xx.2022-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına və xx.xx.2022-ci il tarixli EBBV seriyalı 741389 saylı malların təqdim edilməsi barədə elektron qaimədən də göründüyü kimi isə 19788,62 manat dəyərində xidmət və mal cavabdehə təqdim edilmişdir. 24 sentyabr 2021-ci il tarixli 2021/05-09 nömrəli müqavilənin 5.2-ci bəndinə əsasən mallar alıcıya tam təhvil verildikdən sonra alıcı 30 iş günü ərzində malların dəyərinin 100% həcmində ödəniş etməlidir. Dəfələrlə şifahi şəkildə müraciət etməyinə və xx.xx.2022-ci il tarixində rəsmi qaydada pretenziya məktubu ünvanlamağına baxmayaraq cavabdeh tərəfindən bu günə qədər hər hansı müsbət cavab tədbiri görülməmiş, ödəniş həyata keçirilməmişdir. Tərəflərin izahatı: Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında barışıqla bağlı razılıq əldə edilmiş, ilkin mərhələdə 40000 manat pulun ödənilməsi, qalan məbləğin bir neçə ay ərzində ödənilməsi razılaşdırılmış, lakin sonradan cavabdeh ilkin ödənişi qısa müddət ərzində ödəməyə imkanının olmadığını bildirmiş, bu səbəbdən mübahisənin məhkəmədənkənar həlli mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında barışıqla bağlı razılıq əldə edilmiş, ilkin mərhələdə 40000 manat pulun ödənilməsi, qalan məbləğin bir neçə ay ərzində ödənilməsi razılaşdırılmış, lakin sonradan iddiaçı ilkin ödənişin 2 gün müddətində ödənilməsini tələb etmiş, cavabdeh ilkin ödənişi qısa müddət ərzində ödəməyə imkanının olmadığını bildirmiş, bu səbəbdən mübahisənin məhkəmədənkənar həlli mümkün olmamışdır. Bundan əlavə nümayəndə izahatında göstərdi ki, həmin malların cavabdehə hansı qaydada çatdırılması, iddiaçı tərəfindən malların haradan əldə edilməsi barədə zəruri sübutlar iddiaçı tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, hüquqi yardımla bağlı vəsaitin ödənilməsini təsdiq edən hər hansı sənəd yoxdur, habelə iddiaçı müqavilə bağlanan zaman cavabdeh MMC-nin işçisi olmuşdur. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsinə məlumat verilmiş, nümayəndə xx.xx.2022-ci il tarixdə Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnaməyə əsasən iddiaçı xx.xx.2004-cü ildə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli 2021/05-09 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya mal-material satır, Alıcı isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən malların növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri qiymətlərin razılaşdırma protokolu ilə müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti və miqdarı müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokoluna əsasən müəyyənləşdirilir. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı sifariş olunan malları dəyərinin 50 % həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 30 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir. 05 yanvar 2022-ci il tarixli razılaşdırma protokolundan görünür ki, iddiaçı ilə cavabdeh protokolda qeyd edilən malların qiyməti barədə razılığa gəlmişlər. 24 sentyabr 2021-ci il tarixli 2021/05-09 nömrəli müqaviləyə 3 nömrəli 05 yanvar 2022-ci il tarixli əlavə razılaşdırma protokoluna əsasən iddiaçı ilə cavabdeh protokolda qeyd edilən malların qiyməti barədə razılığa gəlmişlər. 11 iyun 2020-ci il tarixli İNİL-195/2020 nömrəli Azırbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyaya əsasən iddiaçıya “Girdmançay” qum-çınqıl yatağı ünvanında dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasını həyata keçirməyə icazə verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixinə qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən xx.xx.2022-ci il tarixinə bağlanmış müqaviləyə əsasən cavabdehin iddiaçıya 115179,82 manat (ƏDV daxil) borcu vardır. İddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsi ilə bağlı EBBP 710324 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 741389 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubunda borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə Məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli 2021/05-09 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 115180 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 115180 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddia ərizəsində həmçinin tərəflər arasında yaranmış hazırkı mübahisənin hüquqi həlli istiqamətində tərəfindən çəkilmiş 5000 manat hüquqi yardım xərcinin ödənilməsi tələbi də göstərilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci ildə bağlanmış kommersiya mübahisəsi ilə bağlı hüquqi yardım göstərilməsinə dair müqaviləyə 22 iyul 2022-ci il tarixli Əlavənin 2.1-ci bəndi üzrə ödəmə şərti 5000 manat müəyyən edilir. 2000 manat müqavilə imzalandığı gün, qalan məbləğ isə müvəqqəti təmin qərardadı elan edildiyi gün ödənilməlidir. Lakin iddiaçı qeyd olunan məbləğin ödənilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, Məhkəməyə də sonradan təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu səbəbdən məhkəmə iddia ərizəsini “5000 manat hüquqi yardım xərcinin ödənilməsi” hissəsində əsassız hesab edir. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə elektron qaydada Məhkəməyə iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinin bildirişini və iddiaçının cavabdeh MMC-də mühəndis peşəsinə keçirilməsi barədə əmri təqdim etmiş, lakin həmin sənədlər Mülki Prosessual Qanunvericiliyin tələblərinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər deyil, bilavasitə məhkəmə baxışı zamanı təqdim edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan əlavə, məhkəmə təqdim edilmiş həmin sənədlərlə bağlı bildirir ki, cavabdehdən tələb edilən məbləğ tərəflər arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli 2021/05-09 nömrəli alqı-satqı müqaviləsi ilə bağlıdır. İddiaçının əlavə iş yerinin cavabdeh MMC olması irəli sürülmüş tələblə bağlı olmadığına görə mübahisənin həlli üçün əhəmiyyətli hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 115180 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/6-4599 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «4 №-li X1» MMC-dən 115180 (bir yüz on beş min bir yüz səksən) manat məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar