Məhkəmə qərarları › İş №e-2-2(113)-4848/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4848/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4848/2025 07.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “satış müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “satış müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı ASC iddia və iddia tələbinin həcminin azaldılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh ASC arasında bağlanmış 07 avqust 2023-cü il tarixli, 234-AZC-CEC/23 saylı ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən yaranmış və cavabdeh tərəfindən qismən ödənilməsindən sonra qalan 550,02 manat əsas borcun, 844,80 manat cərimə məbləğinin, 320 manat vəkil xərcinin, 114 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Göstərilən fəaliyyətlə əlaqədar Cavabdeh ASC ilə aralarında 07 avqust 2023-cü il tarixli, 234-AZC- CEC/23 saylı ehtiyat hissələrinin satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (əlavə 1,əlavə 2 və sair.) göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Bundan əlavə, 07 avqust 2023-cü il tarixli müqavilənin 4.1.3-cü maddəsinə əsasən "Alıcı"ya hesab-faktura təqdim olunduqdan sonra həmin mallar üzrə ödəniş 30 gündən artıq ləngiyərsə, "Alıcı" hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0.1%-i həcmində cərimə ödəyəcək, lakin bu cərimənin miqdarı çatdırılması gecikdirilmiş malın müqavilə dəyərinin 10 faizindən artıq olmamalıdır. Bu əsas üzrə cavabdehin müəssisəyə əlavə olaraq 844,80 manat cərimə borcu da yaranmışdır. Həmçinin bildirilir ki, xx.xx.2024-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə də borcun mövcudluğu sübut edilmişdir. Borclu hüquqi şəxsin öz borcunu və cərimə məbləğini ödəməsi üçün xx.xx.2025-ci il tarixli pretenziya məktubu da elektron kargüzarlıq qaydasında göndərilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427, 427.3, 441.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin həcminin azaldılması barədə ərizələrdə cavabdeh tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində, ümumilikdə 5.900 manat, xx.xx.2025-ci il tarixində 1.998,92 manat olmaqla, cəmi 7.898,92 manat ödənişin edildiyi qeyd olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı İddiaçı ASC ilə alıcı Cavabdeh ASC arasında imzalanmış 07 avqust 2023-cü il tarixli, 234-AZC-CEC/23 saylı “ehtiyat hissələrinin satışı müqaviləsi”nin 1.1-ci bəndinə əsasən "Satıcı", Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş malları "Alıcı"ya satmağı və "Alıcı" isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilmişdir. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək (1.2). 4.1.3-cü bəndə əsasən əgər "Alıcı"ya hesab-faktura təqdim olunduqdan sonra həmin mallar üzrə ödəniş 30 gündən artıq ləngiyərsə, "Alıcı" hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0.1 %-i həcmində cərimə ödəyəcəkdir. 07 Avqust 2023-cü il tarixli 234-AZC-CEC/23 saylı alqı-satqı müqaviləsinə dair xx.xx.2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən X2 12V 75AH adlı məhsulun qiyməti ƏDV daxil 123,50 manat, xx.xx.2023-ci il tarixli, 02 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən X2 12V 100AH və X2 12V 190AH adlı malların dəyəri ƏDV daxil 1,506.69 manat, xx.xx.2023-cü il tarixli, 03 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən X2 12V 75A11 adlı məhsulun dəyəri ƏDV daxil 123,50 manat, xx.xx.2023-cü il tarixli, 04 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən X2 12V 190AH, X2 12V 75AH, X2 12V 100AH və X2 12V 60AH adlı məhsulların dəyəri ƏDV daxil 1,927.55 manat, xx.xx.2023-cü il tarixli, 05 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən X2 12V 75AH adlı məhsulun dəyəri 123,50 manat, xx.xx.2023-cü il tarixli, 06 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən X2 12V 100AН adlı məhsulun dəyəri 164,35 manat, xx.xx.2024-cü il tarixli, 08 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən 02 ədəd X2 12V 100AH adlı adlı məhsulun dəyəri 328,70 manat razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli, 01 nömrəli təhvil-təslim aktına əsasən 123,50 manat, xx.xx.2023-cü il tarixli, 02 nömrəli təhvil-təslim aktına əsasən 1,506.69 manat, xx.xx.2023cü il tarixli, 03 nömrəli təhvil-təslim aktına əsasən 123.50 manat, xx.xx.2023-cü il tarixli, 04 nömrəli təhvil-təslim aktına əsasən 1,927.55 manat, xx.xx.2023-cü il tarixli, 05 nömrəli təhvil-təslim aktına əsasən 123,50 manat, xx.xx.2023-cü il tarixli, 06 nömrəli təhvil-təslim aktına əsasən 164,35 manat, xx.xx.2024-cü il tarixli, 07 nömrəli təhvil-təslim aktına əsasən 2,078.90 manat, xx.xx.2024-cü il tarixli, 08 nömrəli təhvil-təslim aktına əsasən 328.70 manat, xx.xx.2024-cü il tarixli, 09 nömrəli təhvil-təslim aktına əsasən 575.70 manat, xx.xx.2024-cü il tarixli, 10 nömrəli təhvil-təslim aktına əsasən 569.47 manat, xx.xx.2024-cü il tarixli, 11 nömrəli təhvil-təslim aktına əsasən 569.47 manat, xx.xx.2024-cü il tarixli, 12 nömrəli təhvil-təslim aktına əsasən 12,199.74 manat, xx.xx.2024-cü il tarixli, 13 nömrəli təhvil-təslim aktına əsasən 3,761.98 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də imza və möhürü ilə aktları təsdiq etməklə malları qəbul etmişdir. EBDX seriyalı, 206882 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 328,70 manat, EBDX seriyalı, 619628 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 569.47 manat, EBDX seriyalı, 513284 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 589 manat, EBDX seriyalı, 378091 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 575,70 manat, EBDW seriyalı, 855967 nömrəli, xx.xx.2024cü il tarixli, dəyəri 2.078,90 manat, EBDT seriyalı, 441849 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1.927,55 manat, EBDS seriyalı, 326090 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 123,50 manat, EBDS seriyalı, 328822 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1.506,69 manat, EBDR seriyalı, 767774 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 123,50 manat, MT2406 seriyalı, 10104308 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 3.761,98 manat, EBED seriyalı, 758305 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 12.199,63 manat, EBDV seriyalı, 449930 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 164,35 manat, EBDU seriyalı, 154736 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 123,50 manat məbləğində borcun ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə elektron qaimə-fakturalar təqdim olunmuşdur. Təhvil-təslim aktlarında və elektron qaimə-fakturalarda qeyd olunan mallarla bağlı iddiaçı tərəfindən cavabdehə hesab-fakturalar da təqdim olunmuşdur. Ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən 07 avqust 2023-cü il tarixli, 234-AZC-CEC/23 saylı müqavilə üzrə iddiaçıya 3.223,73 manat, 2.000 manat, 8.000 manat, 1.440 manat, 360 manat, 580.27 manat, 3.000 manat olmaqla, cəmi 18.604 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli “qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı”ndan görünür ki, Cavabdeh ASC xx.xx.2024-cü il tarixə iddiaçıya 8.449,06 manat məbləğində borcunun qaldığını həmin aktı imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir. 05 mart 2025-cü il tarixli, 0138/СEC/25 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, "X1" ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 234-AZC-CEC/23 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri ƏDV daxil olmaqla 24052,94 manat dəyərində mal satılmışdır. Borclu ilə "X1" ASC arasında olan 20383,85 manat məbləğindəki əsas, 3669,09 manat məbləğindəki ƏDV məbləği üzrə olan maliyyə dövriyyəsi üzrə borclu tərəfindən, 13223,73 manat məbləğində əsas, 2380,27 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. Hazırkı maliyyə arayışının tərtib edildiyi günə isə borclunun ümumi olaraq 7160,12 manat məbləğində əsas, 1288,82 manat məbləğində isə ƏDV olmaqla ümumilikdə 8448,94 manat məbləğində yekun borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli, **********80 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 114 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, xx-xx-2025-ci il tarixli, EM-1927VK- 32261/25 nömrəli “hüquqi yardımın göstərilməsi haqqinda müqavilə”nin 2.1-ci bəndinə əsasən iddiaçı tərəfindən hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (üzləşmə aktı, təhvil-təslim aktları, elektron qaimələr, hesabfakturalar, məhkəmə prosesi gedişində cavabdehin müqavilə üzrə qalıq borcun bir hissəsini ödəməsi) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, əksinə qalan borcun çox hissəsini ödəmişdir. Buna görə də, iddiaçının Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən cavabdehdən satdığı malların qalan dəyərini tələb etmək hüququ var və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, əsas borc üzrə qalıq 550,02 (8448,94 ilkin tələb üzrə borc; 7898,92 məhkəmə prosesi gedişində ödənilən məbləğ; qalıq 550,02 manat) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 844,80 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq müqavilə üzrə 200 manat müəyyən olunmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 114 manat dövlət rüsumunun 30 manat məbləğində hissəsi, həmçinin hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 550,02 manat əsas borc, 200 manat cərimə məbləği olmaqla, ümumilikdə 750 ( yeddi yüz əlli) manat 2 (iki) qəpik pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş 320 manatın və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatının əvəzi tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar