Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-485/2022 17.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin və dəbbə pulunun verilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 1699 manat məbləğində pulun, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 % faiz hesablamaqla 1600,64 manat dəbbə pulu, 60 manat məbləğində mediasiya xərci və 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Sirena“ MMC ilə cavabdeh arasında mülkiyyətində olan “Changan CS 15” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, Ban LS5A3ASE0JD003000Y minik avtomobilinə dair 25.06.2018-ci ildə kasko sığorta müqaviləsi bağlanmış, “Atasığorta “ ASC-dən kasko (tam) sığorta şəhadətnaməsi alınmışdır. “Sirena“ MMC-nin mülkiyyətində olan “Changan CS 15“ markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən sürücü X4 07.09.2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Bakı şəhəri, Salamzadə küçəsi istiqamətində hərəkət etdiyi zaman “Hundai Elantra“ markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirmiş və “Sirena“ MMC-nin mülkiyyətində olan “Changan CS 15“ markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və nəticədə nəqliyyat vasitəsinə ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı “Sirena“ MMC-nin mülkiyyətində olan avtonəqliyyat vasitəsinə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Hadisə yerinə Bakı şəhər Yol Polis İdarəsinin əməkdaşları gəlmiş, hadisə ilə bağlı araşdırma aparmışlar. Avtoqəza nəticəsində kasko sığortalı avtomobilə 1699 manat ziyan dəymişdir. Kasko sığorta şəhadətnaməsi almış **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın qısa müddətdə “Sirena“ MMC-nin bank hesabına ödənilməsi xahiş edilisə də, hazırkı vaxta qədər sığorta ödənişi edilməmişdir. Sürücü ayıq vəziyyətdə olmuş , avtomobili idarəetməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Hadisə nəticəsində sığortalı avtomobilə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında 30.12.2018-ci il tarixdə MC********** saylı sığorta müqaviləsi bağlanmış və “Changan CS 15“ markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq müvafiq sığorta növü üzrə sığorta təminatı almışdır. İddiaçı MMC "xxxx" ASC-yə məktubla müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin 07.09.2020-ci il tarixdə qəzaya uğradığını və nəticədə “Changan CS 15” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş məktuba baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsi qərara alınmışdır. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 454 (dörd yüz əlli dörd) manat məbləğində müəyyən edilmişdir. Daha sonra İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 1699 (bir min altı yüz doxsan doqquz) manat sığorta ödənişinin, 1600,64 manat (bir min altı yüz manat altmış dörd qəpik) dəbbə pulunun, 60 (altmış) manat mediator xərcinin və iddianın verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat rüsumun olmaqla, ümumilikdə 3459,64 manat (üç min dörd yüz əlli doqquz manat altmış dörd qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı qeyd olunan iddia ərizəsində göstərilən xüsusatlarla bağlı qeyd edilir ki, İddiaçı MMC-nin "xxxx" ASC-yə təqdim etdiyi sığorta tələbi barədə müraciətinə əsasən "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyanın məbləği 454 (dörd yüz əlli dörd) manat məbləğində müəyyən edilmişdir. Əlavə olaraq tərəflər arasında bağlanmış sığorta müqaviləsindən də göründüyü kimi, hər sığorta hadisəsi üçün 450 (dörd yüz əlli) manat azadolma məbləği nəzərdə tutulmuşdur. AR Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Qeyd olunan maddəyə əsasən 07.09.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etmək "xxxx" ASCnin hüququdur. “İcbari sığortalar haqqında” AR Qanunun 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. “İcbari sığortalar haqqında” AR Qanunun 16.2-ci maddəsinə əsasən zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Göründüyü kimi, "xxxx" ASC tərəfindən “İcbari sığortalar haqqında” AR Qanununun tələblərinə uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə əmlaka dəymiş zərər müəyyən edilmişdir. Odur ki, qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı dəbbə pulunun hesablanmasından söhbət belə gedə bilməz. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinə etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin qismən – 4 (dörd) manat hissədə təmin edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AD seriyalı, 360752 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Changan Alsvin V3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, Ban nömrəli LS5A3ASE0JD003000 olan nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. - 7758 nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC mülkiyyətində olan “Changan Alsvin V3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, Ban nömrəli LS5A3ASE0JD003000 olan” minik markalı avtomobilini X2 29.08.2020-ci il tarixdən 28.09.2020-ci il tarixədək idarə etməyi etibar etmişdir. - 12.09.2020-ci il tarixli qüsur aktına əsasən İddiaçı MMC-nin Servis Mərkəzində texniki baxış keçirilmiş “Changan Alsvin V3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1699 manat məbləğində müəyyən edilmişdir. - MC********** nömrəli Sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Changan Alsvin V3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 30.12.2018-ci il tarixdən 30.12.2023-cü il tarixədək dövr üzrə sığortalanmış, 1600,80 manat məbləğində sığorta haqqı ödənişi və 450 manat hər hadisə üzrə şərtsiz azadolma məbləği nəzərdə tutulmuşdur. - 07.09.2020-ci il tarixdə Bakı şəhəri DYPİ polis mayoru X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, “Changan Alsvin V3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - İddiaçı "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC "xxxx" ASC-də sığortalanmış və kasko sığorta şəhadətnaməsi almış avtomobilə dəymiş zərərin İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2022-ci il tarixli, 9/2534 saylı ekspert rəyindən müəyyən olunur ki, 12.09.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Changan Alsvin V3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bəpa xərci hadisə baş verən tarixə təxminən 1639 manat müəyyən olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Sirena“ MMC ilə cavabdeh arasında iddiaçının mülkiyyətində olan “Changan CS 15” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair 25.06.2018-ci il tarixli kasko sığorta müqaviləsi bağlanmış, “Atasığorta “ ASC-dən kasko (tam) sığorta şəhadətnaməsi alınmışdır. Sığorta şəhadətnaməsinə əsasən avtomobil 30.12.2018-ci il tarixdən 30.12.2023-cü il tarixədək dövr üzrə sığortalanmış, 1600,80 manat məbləğində sığorta haqqı ödənişi və 450 manat hər hadisə üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. İddiaçı qeyd edilən avtomobili etibarnamə əsasında sürücüyə 29.08.2020-ci il tarixdən 28.09.2020-ci il tarixədək idarə etməyi etibar etmiş, sürücü idarə etdiyi “Changan Alsvin V3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 07.09.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş, sığorta hadisəsi baş vermiş, nəticədə nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərərin əvəzini təşkil edən 1699 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülərək, dəymiş zərər 1639 manat məbləğində müəyyən olunmalı, göstərilən hissədə iddia qismən təmin olunmalı, dəymiş ziyanın məbləği olan 1639 manatdan 450 manat azadolma məbləği çıxılmaqla, 1189 (min yüz manat səksən doqquz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə təmin olunmamalıdır. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 1600,64 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 70 (yetmiş) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Müəyyən olunur ki, iddiaçı hazırkı iş üzrə yalnız 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Lakin mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, artıq ödənilmiş həmin məbləğ cavabdehdən tutula bilməz. Eləcə də, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 60 (altmış) manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 40 (qırx) manat hissəsi İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1189 (min yüz səksən doqquz) manat sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləği, 70 (yetmiş) manat dəbbə pulu, 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 1319 (min üç yüz on doqquz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 60 (altmış) manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 40 (qırx) manat hissəsi İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-485/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-485/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver