Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4852/2021 18.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 3170.66 manat, öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş maddi ziyana görə 1000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 250 manat, ilkin mediasiya sesiyasına görə ödənilən 100 manat, cəmi 4520,66 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 3170.66 manatın, öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş maddi ziyana görə 2000 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın, cəmi 5200,66 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 3170.66 manat, öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş maddi ziyana görə 1000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 250 manat, ilkin mediasiya sesiyasına görə ödənilən 100 manat, cəmi 4520,66 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, 2020-ci ilin sentyabr ayında İcraçı qismində iddiaçı ilə Sifarişçi qismində cavabdeh arasında xidmətlərin göstərilməsi haqqında AZ-İND2020/011 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı, cavabdeh üçün müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qiymətlərlə mexaniki laboratoriya testlərini icra etməyi, cavabdeh isə ona göstərilmiş xidmət müqabilində bu müqavilədə nəzərdə tutulmuş ödənişləri iddiaçının bank hesabına ödəməyi öz öhdəsinə götürmüşlər. İcra ediləcək xidmətlərin qiymətləri müqaviləyə əlavə olunmuş 1 və 2 saylı əlavələrlə müəyyən olunmuşdur. Müqavilənin 4-cü bəndinə əsasən Sifarişçi faktiki icra edilmiş xidmət haqqını 30 gün ərzində köçürmə yolu ilə İcraçının bank hesabına köçürməlidir. Lakin cavabdeh könüllü şəkildə öhdəliklərini icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə iddiaçı arasında müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin icrasına başlanılmış və iki mərhələdən ibarət olmaqla görülən işlər müvafiq olaraq Sifarişçiyə təhvil verilmiş və Sifarişçi tərəfindən heç bir narazılıq və iddiası olmadan işlər qəbul edilmişdir. Belə ki, müqaviləyə uyğun olaraq müəyyən edilmiş işlərin və xidmətlərin dəyəri ƏDV daxil olmaqla 3170.66 manat müəyyən edilmişdir. Sifarişçi tərəfindən işlər qəbul edilsə də, göstərilən xidmətlərin dəyəri iddiaçıya ödənilməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh təşkilatın rəhbərliyi həmin pulu iddiaçıya qaytarmaqdan yayınmış və hər dəfə bir bəhanə gətirməklə öhdəliyin icrasından boyun qaçırmışdır. Bu səbəbdən iddiaçı tərəfindən 19.05.2021-ci il tarixdə borcun qaytarılması və mübahisənin məhkəməyədək 7 gün müddətində həll edilməsindən ötrü rəsmi pretenziya məktubu ilə cavabdeh təşkilata müraciət olunmuş və bu məktub onlar tərəfindən alınmışdır. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən yenə də heç bir tədbir görülməmiş, hətta telefon zənglərinə belə cavab verilməmişdir. Məlum olduğu kimi hər bir sahibkar, kommersiya və ya qeyrikommersiya təşkilatı dayanıqlı rəqabət aparmaq üçün öz işgüzar nüfuzunu qorumağa çalışır. Çünki bu, onun cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və gəlirlərinin artmasına xidmət edir. Lakin mülki hüquq pozuntusu (delikt) törətmiş cavabdehin hərəkətləri ilə bağlı hüquqlarının pozulması nəticəsində təşkilat olaraq bazar subyektləri arasında işgüzar nüfüzüna və təsərrüfat fəaliyyətinə zərbə dəymişdir. Buna görə də qanunvericiliyə əsasən cavabdehdən hüquqa zidd əməlləri ilə vurmuş olduğu maddi zərərin əvəzi kimi 1000 manat tələb edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRMA HİSSƏSİ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış AZ-İND2020/011 saylı müqavilədən və 1 və 2 saylı İş sifarişlərindən müəyyən olunur ki, iddiaçı, cavabdeh üçün müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qiymətlərlə mexaniki laboratoriya testlərini icra etməyi, cavabdeh isə ona göstərilmiş xidmət müqabilində bu müqavilədə nəzərdə tutulmuş ödənişləri iddiaçının bank hesabına ödəməyi öz öhdəsinə götürmüşlər. İdiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin dəyəri 2687 manat (ƏDV daxil deyil) təşkil etmişdir. 11.11.2020-ci il tarixli EBAS seriyalı 435605 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş laborator xidmətlərin dəyəri 3170,66 manat (2687 manat + 483,66 manat ƏDV) təşkil etmişdir. 30.09.2020-ci il tarixli ******* saylı fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş laborator xidmətlərin dəyəri ƏDV daxil 3170,66 manat təşkil etmişdir. 08.09.2021-ci il tarixli İMX seriyalı 148361 saylı Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak etmək üçün 100 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında AZ- İND2020/011 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı, cavabdeh üçün müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qiymətlərlə mexaniki laboratoriya testlərini icra etməyi, cavabdeh isə ona göstərilmiş xidmət müqabilində bu müqavilədə nəzərdə tutulmuş ödənişləri iddiaçının bank hesabına ödəməyi öz öhdəsinə götürmüşlər. İdiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin dəyəri 2687 manat (ƏDV daxil deyil) təşkil etmişdir. İddiaçı tərəfindən ƏDV daxil 3170,66 manat dəyərində laborator xidmətləri göstərilmiş, cavabdeh tərəfindən göstərilən xidmətlərin dəyəri iddiaçıya ödənilməmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, laborator xidmətləri göstərilmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, AZ-İND2020/011 saylı müqaviləyə əsasən 3170,66 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddia ərizəsində maddi ziyanın 1.000 manat məbləğində olması qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 2021-ci ilin avqust ayı üzrə aylıq hesabatdan göründüyü kimi iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə “Femida” vəkil bürosunun hesabına 250 manat ödənilmişdir. Məhkəmə iddianın təmin edilmiş hissəsini nəzərə alaraq, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 250 manat məbləğin 100 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 3170.66 manat, vəkilin göstərdiyi yardıma görə 100 manat, 100 manat mediasiyaya dair xərc, cəmi 3370,66 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 3170.66 manat, vəkilin göstərdiyi yardıma görə 100 manat, 100 manat mediasiyaya dair xərc, cəmi 3370,66 manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4852/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4852/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver