Məhkəmə qərarları › İş №e-2-2(113)-4852/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4852/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4852/2024 24.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Cəmşid Naxçıvanski adına Hərbi Lisey”-ə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, pul tələbi) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseydən 03/13 saylı, xx.xx.2023-cü il tarixli “Xidmət Müqaviləsi”nə görə yaranmış 2262,10 manat məbləğində borc pulun və dövlət rüsumuna görə ödənilmiş 43 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyin komandiri X1 ilə 01 noyabr 2023-cü il tarixdə, 03/13 saylı “Xidmət Müqaviləsi” bağlamışdır. Aralarında bağlanmış “Xidmət Müqaviləsi”nin məqsədi cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ərazisində yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması, zərərsizləşdirilməsi və konteynerlərin ərazisinin həftə ərzində bir dəfə olmaqla, ay ərzində isə dörd dəfə olmaq şərti ilə dezinfeksiya olunmasından ibarət idi və bunu öhdəlik olaraq üzərinə götürmüşdür. Cavabdeh isə müqavilə öhdəliklərindən irəli gələn daşınma ilə əlaqədar lazım olan şəraiti yaratmağı və müvafiq xidmət haqqının vaxtında ödənilməsini təmin etməyi öhdəlik olaraq üzərinə götürmüşdür. Bundan sonra iddiaçı (icraçı) Bakı şəhəri, Zəğ-1 ünvanında olan Hərbi şəhərciyin ərazisində yerləşən fərdi və ya ümumi istifadə etmə zibilxanalarında qoyulmuş zibil konteynerlərinə toplanmış bərk məişət və istehsalat tullantılarının ay ərzində 12 dəfə daşınmasını təmin etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, göstərilən xidmətlərin dəyəri və hesablanması qaydası Azərbaycan Respublikası Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli, 05 saylı qərarına əsasən müəyyən edilərək həyata keçirilmişdir. Belə ki, daşınan bir kub metr (m3) bərk məişət tullantısının tarif qiyməti dezinfeksiya ilə birlikdə 10 (on) manat məbləğində təşkil etməsi müəyyənləşdirilmişdir. Bir ay ərzində daşınan məişət tullantılarının xidmət haqqı isə ƏDV ilə birlikdə 969,55 manat məbləğində təşkil etmişdir. İcraçı tərəfindən aparılan işlərə görə hesablanmış xidmət haqqının ödənilmə qaydası köçürmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Xidmət Müqaviləsi”nin 4-cü bölümünün 4.1-ci bəndində qeyd edilir ki, “Sifarişçi” məişət və istehsalat tullantılarının daşınması ilə bağlı ödənişləri 20 gündən artıq gecikdirərsə “İcraçı” “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Bakı şəhərində məişət tullantılarının yığılması və utilizasiyası qaydaları haqqında” əsasnamədən irəli gələn təsirli ölçülərdən və qüvvədə olan digər qanunvericilikdə nəzərdə tutulan hüquqlardan istifadə edə bilər. Lakin göründüyü kimi cavabdeh xidmət haqqını nəinki 20 gün müddətinə gecikdirmiş, üstəlik o, 2024-cü ilin yanvar-fevral aylarının, mart ayından isə 10 günün xidmət haqqını ödəməmişdir. Bundan başqa, həmin müqavilənin 5ci bölümünün 5.1-ci bəndində qeyd olunur ki, müqavilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədədir. Halbuki, cavabdeh müqavilənin sözegedən bəndinin şərtlərini nəzərə almadan, onları rəsmi xəbərdar etmədən, müqavilənin şərtlərini pozmuş və digər bir başqa xidmət sahəsi ilə müqavilə bağlamışdır. Cavabdehin 2024-cü ilin yanvar-fevral ayları üçün 1939,10 manat məbləğində, mart ayı üçün isə 323 manat məbləğində,ümumilikdə isə 2262,10 manat məbləğində borcu vardır. Qeyd edir ki, əldə olunan mənfəətə görə vergilərin ödənilməsi ilə bağlı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə vergi orqanlarına elektron qaimə-faktura göndərilmiş və vergilər tam şəkildə ödənilmişdir. Həmçinin bununla bağlı 2024-cü ilin yanvar, fevral və mart ayları üçün hesab fakturalar da tərtib edilmişdir. O cümlədən 2024-cü ilin yanvar-fevral aylarında məişət tullantılarının daşınmasının həcminə dair “Akt” da tərtib edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh borcunu bu günədək ödəməmişdir. Ona görə də pretenziya qaydasına əməl edərək, xx.xx.2024-cü il tarixdə yaranmış borcun 10 (on) gün müddətinə ödənilməsinə dair cavabdehə 03/16-02 saylı məktub göndərilmişdir. Beləliklə, yaranmış mübahisənin sülh yolu ilə həll olunmadığından məhkəməyə müraciət etməli olur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 449.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ həcmində müqavilədə nəzərdə tutulmuş xidmətlər göstərilmişdir. Həmin hissədə iddianı mübahisələndirmir. Lakin qanunvericilikdə olan son dəyişikliyə əsasən 01 yanvar 2024-cü il tarixindən etibarən tender keçirilməklə, tenderin nəticələrinə uyğun olaraq müqavilə bağlanmalı idi. Lakin tender keçirilməmiş, elan verilməmiş, bununla bağlı iddiaçı tərəfə əvvəlcədən məlumat verilməmişdir. Buna görə də cavabdeh tərəfindən iddiaçıya ödəniş üçün maliyyə ayrılmasına baxmayaraq Xəzinədarlıq tərəfindən ödəniş olunmamışdır. Sonda o, iddia tələbinin təmin olunmasına etiraz etməmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Sifarişçi” “Cəmşid Naxçıvanski adına Hərbi Lisey” ilə “İcraçı" İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03/13 nömrəli xidmət müqaviləsinin predmetindən görünür ki, İcraçı Sifarişçiyə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması zərərsizləşdirilməsini və konteynerlərin ərazisini həftə ərzində bir dəfə ay ərzində isə dörd dəfə olmaq şərti ilə dezinfeksiya olunmasını, Sifarişçi isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən işlərin dəyəri Azərbaycan Respublikası Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 05 nömrəli qərarına əsasən müəyyən edilərək hesablanır. Bir m3 daşınan bərk məişət tullantısının tarif qiyməri dezinfeksiya ilə birlikdə 10 AZN təşkil edir. Bir ayda daşınan məişət tullantısının daşınma xərci ƏDV ilə birlikdə 969,55 AZN təşkil edir. Müqavikənin 5.1-ci bəndinə əsasən müqavilə 01 noyabr 2023-cü ildən 30 noyabr 2024-cü ilədək qüvvədədir. EBDW seriyalı, 554681 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 969,55 manat, EBDX seriyalı, 977154 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 969,55 manat dəyərində göstərilmiş xidmətlər İddiaçı MMC tərəfindən “Cəmşid Naxçıvanski adına Hərbi Lisey”ə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC ilə “Cəmşid Naxçıvanski adına Hərbi Lisey” arasında tərtib edilmiş 2024-cü ilin yanvar ayı üzrə aktdan görünür ki, 2024-cü ilin yanvar ayı ərzində “Cəmşid Naxçıvanski adına Hərbi Lisey”-dən 96,955 k/m məişət tullantısı daşınmışdır. İddiaçı MMC ilə “Cəmşid Naxçıvanski adına Hərbi Lisey” arasında tərtib edilmiş 2024-cü ilin fevral ayı üzrə aktdan görünür ki, 2024-cü ilin fevral ayı ərzində “Cəmşid Naxçıvanski adına Hərbi Lisey”-dən 96,955 k/m məişət tullantısı daşınmışdır. İddiaçı MMC tərəfindən “Cəmşid Naxçıvanski adına Hərbi Lisey”-ə təqdim edilmiş 01 nömrəli hesab fakturadan görünür ki, 2024-cü ilin yanvar ayı üçün məişət tullantısının daşınmasına görə görülmüş işlərin dəyəri 969,55 manat müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən “Cəmşid Naxçıvanski adına Hərbi Lisey”-ə təqdim edilmiş 12 nömrəli hesab fakturadan görünür ki, 2024-cü ilin fevral ayı üçün məişət tullantısının daşınmasına görə görülmüş işlərin dəyəri 969,55 manat müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən “Cəmşid Naxçıvanski adına Hərbi Lisey”-ə təqdim edilmiş 03 nömrəli hesab fakturadan görünür ki, 2024-cü ilin mart ayı üçün məişət tullantısının daşınmasına görə görülmüş işlərin dəyəri 323 manat müəyyən edilmişdir. 31 may 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 43 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Cavabdeh ödəniş edilməməsinin səbəbini qanunvericilikdə baş vermiş dəyişikliklə əlaqələndirmiş, lakin həmin dəyişikliklə bağlı iddiaçı vaxtında məlumat verməmiş, tender elan etməmiş, 2024-cü ilin yanvar, fevral aylarında və mart ayının 10-a kimi iddiaçının xidmətlərindən istifadə etmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla, həmçinin nümayəndənin izahatı ilə öz təsdiqini tapır. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən muzdun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən xidmətlərin cavabdehə göstərildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə 2262,10 manat pulu ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 2262,10 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 43 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseydən 03/13 saylı, xx.xx.2023-cü il tarixli “Xidmət Müqaviləsi”nə görə yaranmış 2262 (iyirmi iki min altmış iki) manat 10 (on) qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar