Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4855/2023 27.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas borc, mediasiya xərci, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış 90-923 nömrəli xx.xx.2022 tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, EBCH seriyalı 755737 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin bank hesabına köçürülən ƏDV daxil 18860 manat məbləğində pulun tutulub İddiaçı MMC-nin bank hesabına qaytarılması, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə göndərilən EBCH seriyalı 755737 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimənin ləğv edilməsi, tərəflər arasında yaranmış mübahisənin məhkəməyə müraciət etməmişdən əvvəl həll edilməsindən ötrü mediasiyaya müraciət edilməsi ilə bağlı ödənilmiş 205 manat pulun və hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 148 manat pulun əvəzinin Cavabdeh MMC-dən tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra-İddiaçı MMC) ilə Cavabdeh (bundan sonra-Cavabdeh MMC) arasında bağlanmış 90-923 nömrəli xx.xx.2022 tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh müvafiq malları iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə malları qəbul edib razılaşdırılmış qiymətləri cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ödəniş şərtlərinə uyğun olaraq, Cavabdeh MMC-nin göndərdiyi EBCH seriyalı 755737 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə malların dəyəri olan ƏDV daxil 18860 manat (15983.05 manat və ƏDV depozit hesabından 2876.95 manat) pul iddiaçının bank hesabından köçürmə yolu ilə cavabdehə tam ödənilmişdir. Lakin, cavabdeh elektron qaimədə göstərdiyi 23 ədəd “Vestel W 1012G DS” markalı paltaryuyan məişət avadanlıqlarını bu günədək iddiaçıya çatdırmamışdır. Halbuki, tərəflər arasında bağlanmış adıçəkilən müqavilənin 4-cü bəndinə görə malları alıcının yəni, iddiaçının Səngəçal ərazisində yerləşən ünvanına çatdırmaq və çatdırılma xərclərini ödəmək satıcının yəni, cavabdehin öhdəliyinə daxildir. Bununla da cavabdeh alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə tələb etmələrinə baxmayaraq, cavabdehin bank hesabına iddiaçının köçürdüyü pul da cavabdeh tərəfindən indiyədək geri qaytarılmamış, hesabda saxlanılaraq, ondan qanunsuz istifadə edilməkdədir. Malın qiyməti ödəndikdən sonra EBCH seriyalı 755737 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədə göstərilən 23 ədəd “Vestel W 1012G DS” markalı paltaryuyan məişət avadanlıqlarını cavabdehin iddiaçının ünvanına çatdırmaması borclunun icranı gecikdirməsi sayılır. Həmçinin cavabdeh tərəf müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur və müraciətlərə cavab vermədiyinə görə cavabdehlə müqaviləni razılaşma yolu ilə ləğv etmək mümkün olmamışdır. Bunlardan əlavə, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 nömrəli 14 mart 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”ın 3.7ci bəndinin mənasına görə “Elektron qaimə-fakturada göstərilən mal tamamilə göndərilmədiyinə görə onun ləğv edilməsinə də zərurət yaranmışdır. Beləliklə, müqavilə şərtlərinə lazımınca əməl edən iddiaçı cavabdehin göndərdiyi EBCH seriyaıl 755737 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən, malların dəyəri olan ƏDV daxil 18860.00 manat pulu xx.xx.2022-ci il tarixdə satıcı cavabdehin bank hesabına köçürməsinə baxmayaraq, həmin malların iddiaçının ünvanına çatdırılması indiyədək təmin edilməmişdir. İstinad edilən fakt və hallarla təsdiq edilir ki, qiyməti tam ödənilən elektron qaimədə göstərilən malların cavabdeh tərəfindən iddiaçının ünvanına çatdırılmaması nəticəsində iddiaçının hüququ pozulmuş, ödədiyi pulun geri qaytarılmasına dair cavabdehə dəfələrlə müraciət isə təmin edilməmişdir. Qeyd edilməlidir ki, cavabdehlə aralarında yaranmış mübahisənin məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həll edilməyə çalışılsa da, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və bu barədə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiyasının tətbiqi ilə bağlı iddiaçı tərəfindən mediasiya təşkilatına 205 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.1.3-cü maddələrində müəyyən edilmişdir ki, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faiziməbləğində dövlət rüsumu tutulur. İddia tələbi 18860 manat məbləğdən ibarət olduğuna görə ödənilməli dövlət rüsumunun məbləği 147 manat olacaqdır.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək pulun qaytarılması, müqavilənin və elektron qaimə-fakturanın ləğv edilməsi tələbinə dair iddia ərizələri ilə bağlı 2-2(113)-4855/2023 nömrəli kommersiya işində iddia tələbinin “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 90-923 nömrəli xx.xx.2022 tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi” hissəsində azaldılmasının nəzərə alınmamasını xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi yenidən iddia tələbinin azaldılması barədə ərizə verərək pulun qaytarılması, müqavilənin və elektron qaimə-fakturanın ləğv edilməsi tələbinə dair iddia ərizəmizlə bağlı 2-2(113)-4855/2023 nömrəli kommersiya işində iddia tələbinin “EBCH seriyalı 755737 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimənin ləğv edilməsi” hissəsində azaldılmasının nəzərə alınmamasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
10. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 90-923 saylı alqı-satqı müqaviləsinə əsasən:
11. Müqavilənin 3-cü bəndinə əsasən satıcı bu müqavilənin şərtləri əsasında müvafiq malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları bu müqavilənin şərtləri əsasında qəbul etməyi və razılaşdırılmış qiymətlərini ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin 4-cü bəndinə əsasən malları alıcının Səngəçal ərazisində yerlşən ünvanına çatdırmaq və çatdrıılma xərclərini öz üzərinə götürmək və alıcı tərəfindən qəbul edilməsi anına qədər malların təsadüfən məhv olması və zədələnməsi riskini öz üzərinə götürmək satıcının hüquq və öhdəlikləri kimi müəyyən edilmişdir.
13. Müqavilənin 5-ci bəndinə əsasən malların vaxtında və tələb olunan ünvana çatdırılmasını satıcıdan tələb etmək, razılaşdırılmış qiyməti bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəmək alıcının hüquq və öhdəlikləri kimi nəzərdə tutulmuşdur.
14. Müqavilənin 6-cı bəndinə əsasən malların qiymətləri qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir.
15. Müqavilənin 7-ci bəndinə əsasən təqdim olunan yekun qiymətə ƏDV daxildir.
16. Müqavilənin 8-ci bəndinə əsasən ödəniş manatla, qaimə-faktura və hesabfaktura əsasında 100% öncədən satıcının bank hesbına ödənilir.
17. xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən satılacaq Paltaryuyan Vestel W 1012G DS yekun məbləği 41000 manat müəyyən olunur.
18. xx.xx.2022-ci il tarixli, 288 saylı HF-ya əsasən 3127,12 manat məbləğində avans ƏDV ödənişi həyata keçirilmişdir.
19. xx.xx.2022-ci il tarixli, 538447/00279 saylı ödəniş tapşırığına əsasən xx.xx.2022ci il tarixli 288 saylı hesab-faktura üzrə Xəzər Trade MMC tərəfindən cavabdehin hesabına 17372,88 manat avans ödəniş edilmişdir.
20. xx.xx.2022-ci il tarixli, EBCA618725 saylı e-qaiməyə əsasən 17 ədəd “Vestel W 1012G DS” markalı paltaryuyan məişət avadanlıqlarının İddiaçı MMC-yə satılması və bunun əvəzində 13940 (ƏDV daxil 2126,44 manat) manat pulun ödənilməsi nəzərdə tutulmuşdur.
21. xx.xx.2022-ci il tarixli, EBCH755737 saylı e-qaiməyə əsasən 23 ədəd “Vestel W 1012G DS” markalı paltaryuyan məişət avadanlıqlarının İddiaçı MMC-yə satılması və bunun əvəzində 18860 (ƏDV daxil 2876.95 manat) manat pulun ödənilməsi nəzərdə tutulmuşdur.
22. xx.xx.2022-ci il tarixli, 538447/00302 saylı ödəniş tapşırığına əsasən xx.xx.2022ci il tarixli müqavilə üzrə Xəzər Trade MMC tərəfindən cavabdehin hesabına 10423,73 manat ödəniş edilmiş və xx.xx.2022-ci il tarixli, EBCH755737 saylı e-qaimə üzrə 1876,27 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir.
23. 23.11.2023-cü il tarixli maliyyə arayışına əsasən tərəflər arasında 90-923 nömrəli xx.xx.2022 tarixli alqı-satqı müqaviləsi bağlanandan sonra İddiaçı MMC-nə ƏDV daxil 41000.0 manat pulun ödənilməsinə dair Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli EBBV 005053 nömrəli elektron qaimə göndərilmişdir. Həmin elektron qaiməyə əsasən, xx.xx.2022-ci il tarixdə iddiaçının bank hesabından ümumilikdə 34745.76 manat və ƏDV depozit hesabından 6254.24 manat olmaqla, malların dəyəri cavabdehə ödənilmiş, adıçəkilən elektron qaimədə qeyd olunan 50 ədəd “Vestel W 1012G DS” markalı paltaryuyan məişət avadanlıqları cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Yenə müqavilə şərtlərinə əsasən, malların alınması üçün xx.xx.2022- ci il tarixdə ƏDV daxil 20500 manat pul avans olaraq iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Ödənilmiş avans pula görə cavabdeh tərəfindən xx.xx.20222-ci il tarixdə EBCA seriyalı 618725 nömrəli qaimə faktura ilə dəyəri ƏDV daxil 13940 manat olan 17 ədəd “Vestel W 1012G DS” markalı paltaryuyan məişət avadanlıqları iddiaçıya təhvil verilmişdir. Bu zaman cavabdehin iddiaçıya 6560 manat (20500,0-13940 =6560,0) borcu qalmışdır. Yenə də müqavilə şərtlərinə əsasən, cavabdeh tərəfindən 23 ədəd “Vestel W 1012G DS” markalı paltaryuyan məişət avadanlıqlarının satınalınması üçün iddiaçıya ƏDV daxil 18860 manat pulun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli EBCH seriyalı 755737 nömrəli qaimə faktura təqdim olunmuşdur. Cavabdehin iddiaçıya 6560 manat qalıq borcunun olması nəzərə alınmaqla, xx.xx.2022- ci il tarixdə ƏDV daxil olmaqal 12300 manat pul iddiaçı tərəfindən cavabdehə ödənilmiş, lakin bu günə qədər xx.xx.2022-ci il tarixli EBCH seriyalı 755737 nömrəli qaimə fakturada qeyd olunan 23 ədəd “Vestel W 1012G DS” markalı paltaryuyan məişət avadanlıqları iddiaçıya təqdim edilməmişdir. Əlavə olaraq, xx.xx.2023cü il tarixdə cavabdeh tərəfindən iddiaçının bank hesabına 1083.50 manat və ƏDV depozit hesabına 878.95 manat pul geri qaytarılmış, lakin qalıq borc olan 18860 manat pulun tam ödənilməsi üçün şifahi razılaşmaya əsasən həmin pul (1083.50 manat əsas məbləğ və 878.95 manat ƏDV) xx.xx.2023- cü il tarixdə iddiaçı tərəfindən geri qaytarılmışdır. Hazırda cavabdehin iddiaçıya ƏDV daxil olmaqla, ümumilikdə 18860 manat (6560+12300=18860)borcu qalmışdır.
24. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
26. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 18860 manat dəyərində malların dəyərini cavabdehə ödəmiş, cavabdeh isə həmin malları iddiaçıya təhvil verməmişdir.
27. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
28. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 90-923 saylı alqı-satqı müqaviləsinin 3-cü bəndinə əsasən satıcı bu müqavilənin şərtləri əsasında müvafiq malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları bu müqavilənin şərtləri əsasında qəbul etməyi və razılaşdırılmış qiymətlərini ödəməyi öhdəsinə götürür.
30. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. İddiaçı tərəfindən malların dəyərinin cavabdehə ödənildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək dəyəri ödənilmiş malları təhvil vermədiyini, iddiaçının ödənişin geri qaytarılmasını və ya təhvil verilməmiş malların verilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 18860 manat borcun tutulması ilə bağlı əsaslıdır və ödənilməmiş həmin pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
33. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 205 manat ödəniş edilmişdir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
36. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, 90-923 saylı alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 18860 (on səkkiz min səkkiz yüz altmış) manat borc məbləği və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 205 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova