Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4857/2023 13.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44760,0 manat pul vəsaitinin və 5000 manat ƏDV-nin, ilkin mediasiya sesiyasında iştirak üçün ödənilmiş 200 manat mediasiya xərcinin, 10 manat poçt və kargüzarlıq xərcinin və 39,28 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 05 yanvar 2021-ci il tarixli 05 nömrəli alqı-satqı müaviləsi bağlanmışdır. Müqaviləyə əsasən mal alınması üçün iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 30000,0 manat və xx.xx.2021-ci il tarixdə isə 37016,25 manat olmaqla ümumulikdə 67016,25 manat (ƏDV-siz) məbləğində pul vəsaiti cavabdehin ABB-nin Nərimanov filialında olan bank hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən yalnız bir dəfə 22256,25 manat (ƏDV-siz) məbləğində mal iddiaçıya təqdim edilmişdir. Bununla bağlı Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixli EBAX seriyalı 165651 nömrəli elektron qaimə təqdim edilmişdir. 05 yanvar 2021-ci il tarixli 05 nömrəli alqı-satqı müaviləsinə əsasən 44760,0 manat məbləğində (ƏDV-siz) mal Cavabdeh MMC tərəfindən bu günə qədər təqdim edilməmişdir. 44760,0 manat pul vəsaitinin və 5000,0 manat ƏDV-nin iddiaçıya ödənilməsi üçün cavabdehə şifahi qaydada dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir bir nəticəsi olmamışdır. 44760,0 manat pul vəsaitinin və 5000,0 manat ƏDV-nin 5 iş günü müddətində ödənilməsi üçün xx.xx.2023-cü il tarixdə etaxes.gov.az saytı vasitəsi ilə cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin həmin məktuba heç bir cavab verilməmiş və 44760,0 manat pul vəsaiti və 5000,0 manat ƏDV cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh tərəfdən heç bir səlahiyyətli nümayəndə mediasiya sesiyasında iştirak etmədiyindən mediator tərəfindən “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə Arayış tərtib edilmiş və ilkin mediasiya sesiyasında iştirak etmək üçün tərəflərindən 200,0 manat ilkin mediasiya xərci və 10,0 manat poçt və kargüzarlıq xərci ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, hazırkı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmiş, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Tərəflər arasında 05 saylı, xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən alıcı (iddiaçı) satıcıdan (cavabdeh) armatur yayması almağı öz öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən satılan malın bir tonunun qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı malın dəyərini köçürmə yolu ilə qabaqcadan ödəyir.
11. Müqavilənin 3.2-ci bəndinə əsasən malın göndərilməsi zamanı qaimə-faktura tərtib edilir.
12. İddiaçı tərəfindən cavabdehə EBAX 165651 nömrəli xx.xx.2021-ci il tarixli (26262,38 manat) elektron qaimə təqdim edilmişdir.
13. İddiaçı tərəfindən təqdim olunmuş ödəniş sənədlərindən görünür ki, xx.xx.2021-ci il tarixində 30000 manat, xx.xx.2021-ci il tarixində 37016,25 manat vəsait cavabdehin hesabına köçürülmüşdür.
14. Köçürmənin aparılması haqqında bildirişlərə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə 6662,92 manat, xx.xx.2021-ci ildə 5400 manat ƏDV ödənilmişdir.
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş sorğuya xx.xx.2023-cü il tarixli cavaba əlavə edilmiş sənədlərə əsasən cavabdeh tərəfindən iddiaçıya 05 saylı, xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə EBAX 165651 nömrəli xx.xx.2021-ci il tarixli (26262,38 manat) elektron qaimə təqdim edilmişdir.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alq-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
25. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
26. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
27. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (maddə 491.2). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (maddə 491.3).
29. Məhkəmə qeyd etmək istəyir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.
30. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə beh deyil, avans ödənildiyi, ödənilmiş avansın müqabilində cavabdeh tərəfindən iddiaçıya mal təqdim edilmədiyi müəyyən edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir.
31. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 44760 manat məbləğində pul, 5000 manat ƏDV (əlavə dəyər vergisi) tutularaq iddiaçıya ödənilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 249,28 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 44760 manat məbləğində əsas borc, 5000 manat ƏDV, ödənilmiş 249,28 manat dövlət rüsumu, ümumilikdə 50009,28 (əlli min doqquz manat iyirmi səkkiz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova