Məhkəmə qərarları › İş №e-2-2(113)-487/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-487/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-487/2022 11.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 24235 ABŞ dolları məbləğində borcun, 100 manat məbləğində yol xərcinin və ödənilmiş 213 manat 60 qəpik məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında uzun müddət mövcud olan işgüzar münasibətlərə əsasən cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yük daşıma xidmətləri icra edilmişdir. Cavabdeh şirkətin daimi müştərisi olmuş, ayrı-ayrı xarici dövlətlərdən avtomobil şinləri sifariş vermişdir. İddiaçı həmin sifarişlərin hər birini icra edərək cavabdehə məxsus malları təyinat ölkəsinə çatdırmışdır. Uzun müddət davam edən işgüzar münasibətlərin fonunda cavabdehin mallarını ödənişi əvvəlcədən icra etməməsinə rəğmən mallar ölkə ərazisinə gətirilmiş və cavabdehə təhvil verilmişdir. Sonuncu sifarişlər əsasında cavabdehin iddiaçıya 24.235 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında şifahi bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh malları təhvil aldığı zaman müvafiq ödənişləri icra etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçıya olan 24.235 ABŞ dollar borcunu bugünə kimi ödəməmişdir. Nəzərdə tutulan tarixdə borcunu qaytarmadığına görə dəfələrlə ondan müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi və borc məbləğinin qaytarılması tələb olunsa da, cavabdeh öhdəliyin icrasından yayınmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında olan müqavilə şifahi olmuş, sifarişlər şifahi qaydada bildirilmiş, əvvəlki ödənişlər cavabdeh tərəfindən nağd qaydada ödənilmişdir, bu səbəbdən əvvəlki ödənişləri, habelə sifarişləri təsdiq edən sənədləri təqdim edə bilmir. Tərəflər arasında əvvəllər də işgüzar münasibətlər olmuş, lakin ödəmələr həyata keçirilmədiyi üçün cavabdehin barəsində ciinayət işinin qaldırılması üçün malların çatdırıldığı yer üzrə aidiyyatı hüquq mühafizə orqanına müraciət edilmiş, lakin hazırkı mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanılması rədd edilmişdir. Həmin cinayət işi üzrə cavabdeh öz borcunu qismən etiraf etdiyi üçün həmin qərar tərəflərindən mübahisələndirilməmişdir. Bundan əlavə, iddia ərizəsi tərtib edilərkən texniki səhvə yol verilmişdir, bu səbəbdən tələb edilən yol xərcinin texniki xəta olduğunun nəzərə alınmasını xahiş edir. mailto:aufine@hotmail.comElektron ünvan elektron ünvanı cavabdehə məxsusdur, borc barədə həmin ünvana məlumatlar göndərilmişdir. Lakin həmin elektron ünvandan iddiaçının ünvanına hər hansı məktub göndərilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında hər hansı müqavilə olmamış, ümumiyyətlə cavabdeh iddiaçının hər hansı xidmətlərindən istifadə etməmiş, daşıma ilə bağlı göstərilən xidmətlərə dair hər hansı sənədi imzalamamışdır. Bundan əlavə, cavabdeh Qaradağ Rayon Polis İdarəsində izahat verərkən hansı qisimdə çağırıldığını bilməmiş, ona hüquq və vəzifələri izah edilməmiş, müdafiəçisinin iştirakı olmadan dindirilmişdir. Cavabdeh orada təzyiq altında ifadə vermiş, bu səbəbdən də borcunu qismən etiraf etmişdir. İddia tələbi tamamilə əsassızdır. Məhkəmə iclasında cavabdeh nümayəndəsinin dedikləri ilə razılaşdığını bildirib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onu Qaradağ Rayon Polis İdarəsinə dəvət etmişlər, lakin hansı qisimdə dəvət edildiyini bilməmiş, orada ona diktə edilənləri yazıb imzalamayacağı təqdirdə barəsində cinayət işinin başlanılacağı, həbs qətimkan tədbirinin seçiləcəyi bildirilmiş, o da qorxub çəkindiyi üçün ona deyilənləri yazıb imzalamışdır. Tərəflər arasında ümumiyyətlə hər hansı müqavilə olmamış, o, iddiaçının xidmətlərindən ümumiyyətlə istifadə etməmişdir. Bundan əlavə, mailto:aufine@hotmail.comElektron ünvan elektron ünvanı ona məxsus deyildir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: 08.07.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qaradağ RPİ-nin qərarından görünür ki, İddiaçı MMC-nin direktoru X1 ərizəsi əsasında Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 16 sentyabr 2021-ci il tarixli 030 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən ekspeditor xidmətlərinə görə 24235 ABŞ dolları məbləğində borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 07 oktyabr 2021-ci il tarixli 120121-005430 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 manat məbləğində mediasiyaya dair xərci iddiaçı tərəfindən ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.4-cü maddəsinə əsasən elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun: 7.2-ci maddəsinə əsasən müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyrimüəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. 7.5-ci maddəsinə əsasən müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur. İddia ərizəsində cavabdehlə iddiaçı arasında şifahi müqavilənin olması, cavabdehə yük daşıma xidmətlərinin göstərildiyi, həmin xidmətlərin cavabdeh tərəfindən qəbul edildiyi, lakin xidmət haqqının ödənilmədiyi göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı cavabdehə müvafiq xidmətlərin göstərildiyini iddia etsə də, həmin xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə iddiaçının 08.07.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qaradağ RPİ-nin qərarında cavabdehin öz borcunu qismən (15450 ABŞ dolları) etiraf etməsi və bununla da iddianın həmin hissədə öz təsdiqini tapması barədə dəlilinə cavab olaraq bildirir ki, MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin qərardan görünür ki, cavabdehin əməlində cinayət tərkibi olmadığı və tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olduğu göstərilmişdir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi elektron poçt ünvanından çıxarışlar mötəbər sübut hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Məhkəmə iclasında cavabdeh mailto:aufine@hotmail.comElektron ünvan elektron ünvanının ona məxsus olmadığını bildirmişdir. Qanunun tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM, maddə 77.1). Qanunun yuxarıda istinad olunan tələbinə görə mailto:aufine@hotmail.comElektron ünvan elektron ünvanının cavabdehə məxsus olmasını, habelə tərəflər arasında işgüzar yazışmaların həmin poçt ünvanı üzrə həyata keçirildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı bununla bağlı mötəbər, təkzibedilməz sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş yük daşıma xidmətlərinə görə ödənilməli olan xidmət haqlarının tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar