Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-487/2025 29.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, müqavilənin təmsilçi vasitəsilə bağlanmasının hüquqi nəticələri) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 283 manat əsas borc və ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli KOD 0163/2020 saylı məhsulların (malların) alqı-satqı müqaviləsi və həmin müqaviləyə 01 saylı əlavə (qiymətlərin razılaşdırma protokolu) bağlanmışdır. Müqavilə cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən imzalanmışdır. Həmin müqavilə, müqaviləyə 01 saylı əlavə və elektron qaimələrə əsasən cavabdehə qaimələrdə göstərilən miqdarda pivə məhsulları satılmışdır. Lakin cavabdeh aldığı məhsulların dəyərini ödəməmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin 283 manat əsas borcu vardır. Cavabdehə pretenziya məktubunun göndərilməsinə və mediasiyaya müraciət edilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1 və 442-ci maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6921/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, ehtiyat hissələri satmaq üçün qısa müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Lakin heç vaxt pivə məhsulları satmamışdır. Obyekt iki hissədən ibarət olmuşdur. Digər hissədə başqa sahibkar fəaliyyət göstərmişdir. Müqavilədən məlumatı yoxdur, ola bilsin ki, həmin şəxs müqaviləni imza edərək malları qəbul edib.
8. Məhkəmənin suallarına cavab olaraq etibarnamə vermədiyini, onun iddiaçı ilə hər hansı münasibətinin olmadığını bildirdi.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış 28 aprel 2020-ci il tarixli KOD 0163/2020 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, müqaviləyə əsasən Satıcı Alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən məhsulları satır, Alıcı isə həmin malı qəbul edir və bunun müqabilində “X1” ilə razılaşdırılmış qiymətlərlə malın dəyərini bu Müqavilənin 4-maddəsində göstərilən şərtlərlə təhvil aldıqdan sonra 35 (otuz beş) gündən gec olmayaraq Satıcıya ödəməyi öz öhdəsinə götürür (1.1). Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda öz əksini tapır (1.2). Müqaviləyə əsasən Alıcı tərəfindən malın dəyərinin ödənilməsi nağd və ya nağdsız qaydada həyata keçirilir (5.1). Ödəmələr Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir (5.2). Ödəniş Alıcı tərəfindən nağd qaydada həyata keçirildikdə, pul vəsaitinin Satıcının sərəncamına verildiyi və Satıcı tərəfindən kassa mədaxil orderi təqdim edildiyi an, nağdsız qaydada həyata keçirildikdə, pul vəsaitinin Satıcının hesablaşma hesabına daxil olduğu an ödəniş öhdəliyinin icra edilməsi anı hesab olunur (5.4).
13. Həmin müqaviləyə 28 aprel 2020-ci il tarixli 01 nömrəli əlavə olan qiymətlərin razılaşdırma protokolundan görünür ki, 2 növ pivə məhsulunun qiyməti razılaşdırılmışdır.
14. Məhkəməyə təqdim edilən elektron qaimələrdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixli EBAJ 252313 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 61 manat, xx.xx.2020-ci il tarixli EBAK 399810 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 94 manat, xx.xx.2020-ci il tarixli EBAL 053957 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 128 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 283 manat dəyərində malın təqdim edilməsi üçün rəsmiləşdirilmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 28 aprel 2020-ci il tarixli KOD 0163/2020 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı X1nda göstərilən məhsulları satmağı, cavabdeh isə həmin malları qəbul edib bunun müqabilində razılaşdırılmış qiymətlərlə malın dəyərini onları təhvil aldıqdan sonra 35 gündən gec olmayaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər 28 aprel 2020-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən 2 pivə məhsulunun dəyərini razılaşdırmış, xx.xx.2020-ci il tarixli EBAJ 252313, xx.xx.2020-ci il tarixli EBAK 399810 və xx.xx.2020-ci il tarixli EBAL 053957 seriya və nömrəli elektron qaimələrlə rəsmiləşdirilməklə ümumilikdə 283 manat dəyərində mal cavabdehə təqdim edilmişdir. Həmin elektron qaimə-fakturalar sistem tərəfindən təsdiq edilmişdir.
16. İddiaçı 28 aprel 2020-ci il tarixli KOD 0163/2020 nömrəli alqı-satqı müqaviləsi əsasında təhvil verilən malların dəyəri olan 283 manat məbləğində pulun ödənilməsini tələb edir.
17. Cavabdeh iddiaya etiraz edərək 28 aprel 2020-ci il tarixli KOD 0163/2020 nömrəli alqı-satqı müqaviləsinə imza etmədiyini, malları qəbul etmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.
18. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
22. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Məhkəmə tərəfindən cavabdehin etirazlarına uyğun olaraq xx.xx.2024-cü il tarixli e-2-2(113)-6921/2024 nömrəli qərardad ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, lakin icraatın gedişində iddiaçı 28 aprel 2020-ci il tarixli KOD 0163/2020 nömrəli müqavilənin cavabdeh tərəfindən deyil, nümayəndəsi tərəfindən imzalandığını bildirmişdir.
24. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilən Bakı şəhəri 31 saylı notariat ofisində verilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli reyestrdə 7E- 2156 nömrəli ilə qeydiyyata alınan etibarnamədən görünür ki, cavabdeh onu bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarında, Nazirliklər, Komitələr və Xidmət İdarələrində, Polis Şöbələrində, Polis İdarələrində, Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Xidmətlərində, ASAN Xidmət Mərkəzlərində, İcra nümayəndəliklərində, DSMF şöbəsində, ƏSMM-də, Banklarda, Poçt Şöbələrində, ƏMDK yanında DƏDRX-nın Ərazi İdarəsində, İcra Hakimiyyətində, İcra Nümayəndəliklərində, Bələdiyyədə, Arxiv İdarələrində, ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 2-də ərzaq mağazasının və mallarının satışını idarə etmək, işlətmək, nümayəndəsi olmağı, adından ərizə verməyi, sənədləri toplamağı, arayışları və digər sənədləri almağı, ona çatası sənədləri götürməyi, onun bütün işlərini görməyi və adından imza etməyi, ərizə yazmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X2 etibar etmişdir.
25. Göründüyü kimi, cavabdeh müqaviləyə onun imza etmədiyini bildirərək iddiaya etiraz etsə də, digər səlahiyyətləri ilə yanaşı ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 2-də yerləşən ərzaq mağazasının və mallarının satışını idarə etmək, işlətmək, onun bütün işlərini görməyi və adından imza etmək səlahiyyətlərini də X2 etibar etmişdir.
26. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
27. Belə olan halda, 28 aprel 2020-ci il tarixli KOD 0163/2020 nömrəli alqı-satqı müqaviləsinin cavabdehin verdiyi etibarnamə əsasında imza edilməsi də cavabdeh üçün mülki hüquq və vəzifələr yaradır.
28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqaviləsi olub (müqavilələrin 1.1-ci bəndi ilə alıcının ödəməni 35 gündən gec olmayaraq həyata keçirməli olduğunun şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
36. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 28 aprel 2020-ci il tarixli KOD 0163/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 283 manat əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
37. İddiaçı həmçinin ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
38. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB\9\2023-01402 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023cü il tarixli ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, cavabdeh iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 20 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
39. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
40. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
41. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin iyul ayı) MPM-nin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 10 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 20 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat pul Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 283 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 20 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova