Məhkəmə qərarları › İş №e-2-2(113)-4872/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4872/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4872/2021 03.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı 994,92 manat əsas borcun, 189,24 manat faiz borcunun, 200 manat nümayəndəlik xərcinin, 60 manat mediasiya rüsumunun və 20 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 994,92 manat əsas borcun, 189,24 manat faiz borcunun, 200 manat nümayəndəlik xərcinin, 60 manat mediasiya rüsumunun və 20 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 27.04.2017-ci il tarixdə F/İ0126 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə süd və süd məhsulları satılmış və alınmış məhsulun dəyəri ödənilmişdir. Lakin ödənişlərdə fasilə yaranmış və müqavilə üzrə sifarişçi öz öhdəliklərinin icrasını dayandırmışdır. Cavabdehlə 23 oktyabr 2018-ci il tarixdə üzləşdirmə aktı tərtib edilmiş, akta cavabdeh adından onun təsisçisi və qanuni təmsilçisi imza etmiş və möhürlə aktı təsdiq etmişdir. Aktda cavabdeh qalıq borcunun 994,92 manat olduğunu qəbul etmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı, cavabdeh tərəfindən sifariş edilmiş müxtəlif növ məhsulları cavabdehə satmağı, cavabdeh isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən otuz bank günü ərzində keçirilməli idi. Müqavilənin 3.8-ci bəndinə əsasən, cavabdeh sifariş etdiyi malın dəyərinin müqavilədə nəzərdə tutulmuş müddətdən gec ödəyərsə gecikdirilmiş hər gün üçün sifariş məbləğinin 0,1%-i miqdarında iddiaçıya cərimə ödəməyi öhdəsinə götürür. Müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam yerinə yetirmək şərtilə 31 dekabr 2017-ci ilə qədər qüvvədədir. Müqavilənin 6.2-ci bəndinə əsasən, iki tərəfdən birinin yazılı etirazı olmadığı halda müqavilə növbəti illər üçün də qüvvədə qalır. İddiaçı tərəfindən cavabdehin hüquqi ünvanına poçtla və e-taxes.gov.az internet səhifəsində yerləşən elektron kargüzarlıq vasitəsilə pretenziya məktubu göndərilmiş, lakin cavab alınmamışdır. İddiaçı tərəfindən poçtla cavabdehin hüquqi ünvanına iddia ərizəsinin və əlavə edilmiş sənədlərin surətləri göndərilmişdir. İddiaçı və cavabdeh arasında üzləşdirmənin keçirildiyi 23.10.2018-ci il tarixdən hazırkı vaxtadək Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq cavabdeh tərəfindən gecikdirilən ödənişin qarşılığında 189,24 manat faiz borcu ödənilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 27.04.2017-ci il tarixdə F/İ0126 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı, cavabdeh tərəfindən sifariş edilmiş müxtəlif növ məhsulları cavabdehə satmağı, cavabdeh isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 23.10.2018-ci il tarixli aktın surətindən görünür ki, cavabdehin iddiaçıya olan borcu 994,92 manat təşkil etmişdir. 10.09.2021-ci il tarixli BD6 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 27.04.2017-ci il tarixdə F/İ0126 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı, cavabdeh tərəfindən sifariş edilmiş müxtəlif növ məhsulları cavabdehə satmağı, cavabdeh isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə mallar satılmış, lakin cavabdeh tərəfindən malların dəyəri iddiaçıya tam ödənilməmiş, nəticədə cavabdehin iddiaçıya 994,92 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malları cavabdehə satmış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 994,92 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ... qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə iddia tələbinin pul vəsaitinin qanunsuz saxlanılmasına görə hesablanmış dəymiş ziyana münasibətdə hesab edir ki, xidmət müqaviləsinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni müqavilə üzrə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin müqavilə üzrə öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, müqavilə üzrə ödənilməli pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 189,24 manat məbləğində faiz cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 30.04.2021-ci il tarixli EBBB seriyalı 042924 saylı elektron qaimənin və 05.05.2021-ci il tarixli OD18 saylı ödəniş tapşırığının surətindən görünür ki, Nümayəndə tərəfindən nümayəndə qismində iddiaçıya göstərilmiş yardımın dəyəri 200 manat təşkil etmiş və həmin vəsait ödənilmişdir. Məhkəmə nümayəndənin göstərdiyi yardıma görə ödənilmiş 200 manat məbləğin 100 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 994,92 manat əsas borc, 189,24 manat faiz borcu, 100 manat nümayəndəlik xərci, 60 manat mediasiyaya dair xərc, cəmi 1344,16 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 93,07 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 18,61 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1,39 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 994,92 manat əsas borc, 189,24 manat faiz borcu, 100 manat nümayəndəlik xərci, 60 manat mediasiyaya dair xərc, cəmi 1344,16 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumunun 18,61 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 1,39 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar