Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4874/2021 01.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdehndən 14999,34 manat məbləğində əsas borcun, 1343,69 manat məbləğində faiz borcunun, 200 manat məbləğində nümayəndəlik xərcinin, 200 manat məbləğində mediasiya xərclərinin və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında 13.01.2019-cu il tarixdə mallar üzrə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı MMC və "xxxx" MMC tərəfindən təsdiq edilmiş 28.01.2020-ci il qarşılıqlı üzləşdirmə aktına əsasən, "xxxx" MMC-nin İddiaçı MMC-yə borcu, ümumilikdə ƏDV daxil olmaqla 14999,34 manat təşkil edir. Müqavilənin 2.1 və 2.3ci bəndinə əsasən, satıcı İddiaçı MMC alıcı "xxxx" MMC tərəfindən sifariş edilmiş müxtəlif növ məhsulları alıcıya təhvil verməyi, alıcı isə bunun müqabilində müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edib dəyərini ödəməyi öhdənizə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı malın tam dəyərini sifariş verilmiş mallar qəbul edildikdən sonra 30 bank günü ərzində ödəyir. Müqavilənin 3.8-ci bəndinə əsasən, alıcı sifariş etdiyi malın dəyərinin müqavilədə nəzərdə tutulmuş müddətdən gec ödəyərsə gecikdirilmiş hər gün üçün sifariş məbləğinin 0,1%-i miqdarında satıcıya cərimə ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən cavabdehin hüquqi ünvanına və etaxes.gov.az saytında kargüzarlığa pretenziya məktubu göndərilmiş, lakin cavab alınmamışdır. İddiaçı tərəfindən cavabdehin qarşı iddia ərizəsinin və əlavə edilmiş sənədlərin surətləri cavabdehin hüquqi ünvanına və etaxes.gov.az saytında kargüzarlığa göndərilmişdir. İddiaçı və cavabdeh arasında üzləşdirmənin keçirildiyi 28.01.2020-ci il tarixdən hazırkı vaxtadək Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq cavabdeh tərəfindən gecikdirilən ödənişin qarşılığında 1343,69 manat məbləğində faiz borcu ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında 13 yanvar 2019-cu il tarixli F/İ 0646 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə sifarişə uyğun olan malı (Protokolla müəyyən edilmişdir) alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən alıcı malın təmin tam dəyərini sifariş verilmiş malları qəbul etdikdən sonra 30 (otuz gün) bank günü ərzində ödəyir 3.6-ci bəndinə əsasən alıcı sifariş verdiyi maldan imtina edərsə həmin malın ümumi dəyərinin 15%-i həcmində satıcıya cərimə ödəməyi öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən müqavilənin nəzərdə tutulmuş mallarının ümumi dəyəri protokola uyğun olaraq müəyyənləşdirilir.Qiymət tərkibində büyün vergi yükünü nəzərdə tutur. 5.1-ci bəndinə əsasən malın alıcıya çatdırılması tərəflərin razılığı ilə Satıcı və yaxud alıcının anbarında təhvil verilməklə həyata keçirilməlidir. 6.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini tam yerinə yetirmək şərtilə 30 noyabr 2019-cu ilə qədər qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ƏDV daxil 3763.63 manat dəyərində malın verilməsinə dair 08.02.2019-cu il tarixli, EAAQ seriyalı, 148954 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ƏDV daxil 11203.52 manat dəyərində malın verilməsinə dair 06.02.2019-cu il tarixli, EAAQ seriyalı, 049779 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ƏDV daxil 4991.25 manat dəyərində malın verilməsinə dair 15.02.2019-cu il tarixli, EAAQ seriyalı,424421 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. -İddiaçı MMC ilə "xxxx" MMC arasında 28.01.2020-ci il tarixli üzləşdirmə aktında "xxxx" MMC-nin İddiaçı MMC-yə 31.12.2019-cu il tarixə əsas məbləğdən 14.999,34 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. GDĞ seriyalı, 27.05.2019-cu il tarixli 642018 nömrəli; GDĞ seriyalı, 08.07.2019-cu il tarixli 642107 nömrəli; GDĞ seriyalı, 30.09.2019-cu il tarixli 721201 nömrəli kassa mədaxil orderlərindən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 2459 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla "xxxx" MMC-yə müraciət edərək, 14.999,34 manat borcun ödənilməsini edilməsini tələb etmiş, əks halda həmin məbləğin məcburi qaydada tutulması üçün məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 13 yanvar 2019-cu il tarixli F/İ 0646 saylı alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları təqdim etmişdir. Cavabdeh "xxxx" MMC isə təqdim olunmuş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 14.999,34 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 14.999,34 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 14.999,34 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin pul öhdəliklərinin icra edilməməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən bank uçot dərəcəsi ilə hesablanmış 1343,69 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir. İddianın ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Maddənin məzmunundan da göründüyü kimi mediasiya xərclərinin qarşı tərəfdən tutulması həmin maddədə mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsi ilə şərtləndirilmişdir. Hazırkı halda isə tərəflər arasında mediasiyaya dair qeyd-şərt və ya mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlanmamış, eləcə də iddiaçı tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsinin üzrsüz səbəbdən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinin tələblərinə əsasən mediasiya xərcləri tərəflər arasında bölüşdürülməli və cavabdehdən mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırkı halda məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə 200 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 14.999,34 (on dörd min doqquz yüz doxsan doqquz manat otuz dörd qəpik) məbləğində borc, vəkil xidmətlərinə görə çəkilmiş xərclərin əvəzi olaraq 200 (iki yüz) manat, mediasiya xərclərinin əvəzi olaraq 100 (bir yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4874/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4874/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver