Məhkəmə qərarları › İş №e-2-2(113)-488/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-488/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-488/2020 20.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə, İddiaçı1 Cavabdehnə qarşı cavabdehdən 14964,27 manat icarə haqqı borcunun, 4006,1 manat avtomobillərə vurulmuş maddi zərərin, 15707,46 manat müqavilə üzrə cərimə borcunun, toplam 34677,83 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 14964,27 manat icarə haqqı borcunun, 4006,1 avtomobillərə vurulmuş maddi zərərin, 15707,46 manat müqavilə üzrə cərimə borcunun, toplam 34677,83 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanılmış 18042018 nömrəli, xx.xx.2018-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan dörd ədəd Hyundai Accent markalı avtomobil aylıq icarə haqqı 500 ABŞ dolları olmaqla xx.xx.2020-ci il tarixədək cavabdehə icarəyə verilmişdir. Lakin cavabdeh qeyd edilən icarə müqaviləsinə əsasən yaranmış icarə haqqı borcunu tam olaraq ödəməmiş və ödəməməkdə davam edir. Cavabdehə borcunun ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmiş və borcunun ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh bu günədək tələb edilən borcunu ödəməmişdir. Cavabdehin uzun müddətli avtomobil icarə müqaviləsinə görə iddiaçıya 34677,83 manat borcu vardır. Həmin borc məbləğinin 14964,27 manat hissəsi icarə haqqı borcu, 4006,1 avtomobillərə vurulmuş maddi zərər, 15707,46 manat hissəsi isə müqavilə üzrə cərimə borcudur. Cavabdehlə bağlanılmış 18042018 nömrəli, xx.xx.2018-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinin 5-ci maddəsində göstərilən hüquqlardan istifadə edilərək müqavilə iddiaçı tərəfindən ləğv edilərək icarə predmeti olmuş göstərilən avtomobillər 16 oktyabr və xx xxxxxxx 2019-cu il tarixlərdə cavabdehdən təhvil alınmışdır. Müqavilənin həmin maddəsinə əsasən əgər yazılı xəbərdarlıqdan 7 gün sonra ödəmə olmazsa İcarəyə verən bu müqaviləni ləğv edə bilər. Bu halda “İcarəçi” müqavilənin qalan müddəti üçün ödəməli olduğu məbləğin 50% həcmində “İcarəyə verən”ə cərimə ödəyir. Cavabdehin istəyinə əsasən iddiaçı cavabdehə icarəyə təzə avtomobillər vermişdir. Cavabdeh icarəyə götürmüş olduğu avtomobilləri uzun müddətli icarəyə götürməsinə görə icarə haqqında da ona güzəşt edilmiş, normalda həmin avtomobillərin icarə haqqından xeyli ucuz qiymətə icarəyə verilmişdir. Cavabdehin mübahisə predmeti olan uzun müddətli icarə müqaviləsi üzrə öhdəliklərini icra etməməsi iddiaçıya böyük məbləğdə maddi zərər vurmuşdur. İddiaçının nümayəndəsi və vəkili İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı1 xx xxxxx 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 18042018 nömrəli, xx.xx.2018-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı mülkiyyətində olan dörd ədəd Hyundai Accent markalı avtomobili aylıq icarə haqqı 500 ABŞ dolları olmaqla xx.xx.2020-ci il tarixədək cavabdehə icarəyə verməyi, cavabdeh isə ödəməni aylıq olmaqla faktura verildikdən sonra 30 gün ərzində həyata keçirməyi öhdələrinə götürmüşlər. xx xxxxxxxx 2019-cu il tarixli SA seriyalı 008091 saylı, xx xxxxxxx 2019-cu il tarixli SA seriyalı 008310 saylı, xx xxxxxx 2019-cu il tarixli SA seriyalı 007719 saylı, xx xxxxxx 2019-cu il tarixli SA seriyalı 007568 saylı, xx xxxx 2019-cu il tarixli SA seriyalı 007387 saylı, xx xxxx 2019-cu il tarixli SA seriyalı 007137 saylı, xx xxxx 2019-cu il tarixli SA seriyalı 007084 saylı hesab fakturaların surətlərindən görünür ki, icarə haqqına görə iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 3961,85 manat, 2077,19 manat, 3961,85 manat, 32,92 manat, 3961,85 manat, 12,74 manat və 955,87 manat olmaqla ümumilikdə 14964,27 manat məbləğində hesab-faktura verilmişdir. xx xxxx 2019-cu il tarixli SA seriyalı 007215 saylı, xx xxxxxxxx 2019-cu il tarixli SA seriyalı 007971 saylı, xx xxxxxxx 2019-cu il tarixli SA seriyalı 008338 saylı, 008330 saylı və 008327 saylı hesab fakturaların surətlərindən görünür ki, avtomobillərə vurulmuş maddi zərərə görə iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 890,90 manat, 885 manat, 613,60 manat, 1380,60 manat və 236 manat olmaqla ümumilikdə 4006,1 manat məbləğində hesab-faktura verilmişdir. xx xxxxxxx 2019-cu il tarixli SA seriyalı 008311 saylı hesab fakturanın surətindən görünür ki, cəriməyə görə iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 15707,46 manat məbləğində hesab-faktura verilmişdir. xx xxxxxx 2019-cu il tarixli Mühasibat arayışından görünür ki, cavabdehin iddiaçıya 90828,09 manat borcu olmuş, cavabdeh tərəfindən iddiaçıya 56150,26 manat ödəniş edilmiş, xx xxxxxxx 2019-cu il tarixə qalıq borcu 34677,83 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 701.2.5-ci maddəsinə əsasən əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 18042018 nömrəli, xx.xx.2018-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan dörd ədəd Hyundai Accent markalı avtomobili aylıq icarə haqqı 500 ABŞ dolları olmaqla xx.xx.2020-ci il tarixədək cavabdehə icarəyə verməyi, cavabdeh isə ödəməni aylıq olmaqla faktura verildikdən sonra 30 gün ərzində həyata keçirməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən avtomobillər 16 oktyabr və xx xxxxxxx 2019-cu il tarixlərdə cavabdehdən təhvil alınmışdır. Cavabdehin iddiaçıya 90828,09 manat borcu olmuş, cavabdeh tərəfindən iddiaçıya 56150,26 manat ödəniş edilmiş, xx xxxxxxx 2019-cu il tarixə qalıq borcu 34677,83 manat, o cümlədən 14964,27 manat icarə haqqı borcu, 4006,1 manat avtomobillərə vurulmuş maddi zərər, 15707,46 manat müqavilə üzrə cərimə borcu vardır. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi tam icra etməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən avtomobilləri cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, ləvazimatın təsadüfən məhv olması və ya təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür. Belə ki, icarənin əvvəlində icarəçi icarəyə xitam verildikdən sonra ləvazimatı qiymətləndirilmiş dəyəri üzrə qaytarmaq öhdəliyini öz üzərinə götürür. Bu halda qaytarılmış ləvazimatın real qiyməti, icarənin əvvəlində müəyyən edilmiş ümumi qiymətləndirmə dəyərinə bərabər olmalıdır. Qaytarılmalı ləvazimatla icarəyə verənin faktiki qəbul etdiyi ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq olarsa, pulla kompensasiya edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını tam ödəmədiyindən, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 18042018 nömrəli, xx.xx.2018-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsi üzrə yaranmış 14964,27 manat icarə haqqı borcu və 4006,1 manat avtomobillərə vurulmuş maddi zərər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 15707,46 manat cərimə yaranmış 14964,27 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan,onun məbləğini azaldaraq 150 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 14964,27 manat icarə haqqı borcu, 4006,1 avtomobillərə vurulmuş maddi zərər, 150 manat müqavilə üzrə cərimə borcu, cəmi 19120,37 manat alınaraq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (19120,37 manat) iddia tələbinin (34677,83 manat) 55,13 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 16,54 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 13,46 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 14964,27 manat icarə haqqı borcu, 4006,1 avtomobillərə vurulmuş maddi zərər, 150 manat müqavilə üzrə cərimə borcu, cəmi 19120,37 manat alınaraq İddiaçı1nə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 16,54 manat məbləği Cavabdehndən alınaraq İddiaçı1nə ödənilsin, qalan 13,46 manat məbləği İddiaçı1nə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar