Məhkəmə qərarları › İş №e-2-2(113)-4881/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4881/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4881/2021 29.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı Nümayəndə iştirakı ilə, iddiaçı Nümayəndə cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Nümayəndə cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8,128 manat məbləğində əsas borc, MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış 634,58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 8.762,58 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı Nümayəndə Nürəddin oğlu (VÖEN:**********) ilə sifarişçi "xxxx" ASC arasında 09 aprel 2018-ci il tarixli ASFX 18/137 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilə şərtinə görə icraçı şifarişçinin Qazaxıstan Respublikasındakı Almatı layihəsində uçotçu və mühasibatlıq işləri ilə əlaqədar işlərin icrasını həyata keçirir, sifarişçi isə bu xidmətin qarşılığında icraçıya aylıq 1.652 manat məbləğində xidmət haqqı ödəyir. Müqavilə üzrə öhdəliklərimi tam şəkildə icra edərək, göstərdiyi xidməti tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı görülmüş işlərin təhvil-təslim aktı ilə sifarişçiyə təhvil versə də, sifarişçi iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyim tarixədək dəfələrlə şifahi və yazılı xəbərdarlığına baxmayaraq 5 aylıq (Avqust 2019, Oktyabr 2019, Dekabr 2019, Yanvar 2020, Fevral 2020) xidmət haqqını, yəni 8,128 manat borcunu ödəməmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh icra etməli olduğu pul öhdəliyinin bir hissəsinin icrasını gecikdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Deməli cavabdeh borcun ümumi dəyərinin illik 5%ni, yəni 634,58 manatı iddiaçıya ödəməlidir. Yuxarıda göstərilənlər bir daha sübut edir ki, iddiaçı müqavilələrdə göstərilən şərtlərə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi tam icra etmiş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq xidmət haqqını ödəməmiş, bununla da o, müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh iddiaçıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, təqdim edilmiş iddia ərizəsində iddiaçı ASFX 18/137 müqaviləsinə istinad etmişdir, sözügedən müqavilənin surətindən görünür ki, müqavilənin səhifələri yalnız icraçı tərəfindən paraflanıb. Həmin müqavilənin əslini şirkətdə tapa bilmədikləri üçün müqavilənin ümumiyyətlə mövcudluğu şübhə doğurur. Hesab edir ki, müqavilənin əsli məhkəməyə təqdim edilməlidir. Eyni zamanda vurğulayırlar ki, həmin dövrdə müəssisənin rəhbəri X1 idi. Müqavilə isə Anar Məmmədov tərəfindən imzalanmışdır. "xxxx" ASC-nin iddiaçıya borcu mövcud deyil. İş materiallarına hər hansı qaimə əlavə edilməmişdir. Qarşı tərəf borcu əsaslandırmaq üçün heç bir qaimə təqdim etməmişdir. “Elektron qaimə-fakturanm formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5-ci bəndinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə- faktura təqdim edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işçilərin xəstə olmaları ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsini təsdiq edən sübutların əlavə edilmədiyini nəzərə alaraq MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: -Nümayəndə (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış 09 aprel 2018-ci il tarixdə ASFX18/137 saylı bağlanmış xidmət müqaviləsinin surətindən görünür, həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində uçot və mühasibatlıq işləri ilə əlaqədar işlərin icrasını öz üzərinə götürmüşdür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 ay üçün 1.625 manat xidmət haqqı ödəyir. 2.2-ci maddəsinə görə bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü (baza-ertəsi-şənbə) icra edir. 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhviltəslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. 2.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 09 aprel 2018-ci il tarixdən başlayacaqdır. Müqavilə sifarişçi tərəfdən tikinti direktoru A.Məmmədovun imzası və möhür ilə, icraçı tərəfindən imza ilə təsdiq edilmişdir. - 31.08.2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə akta əsasən müəyyən edilir ki, Nümayəndə tərəfindən "xxxx" ASC-yə 01.08.2019-31.08.2019-ci il tarixləri arası dövrdə -27 gün üçün 1652,00 manat dəyərində xidmətlər göstərilmişdir. Akt sifarişçinin imzası və möhürü və icraçının imzası ilə təsdiq edilmişdir. - 31.10.2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə akta əsasən müəyyən edilir ki, Nümayəndə tərəfindən "xxxx" ASC-yə 01.10.2019-31.10.2019-ci il tarixləri arası dövrdə 27 gün üçün 1652 manat dəyərində xidmətlər göstərilmişdir. Akt sifarişçinin imzası və möhürü və icraçının imzası ilə təsdiq edilmişdir. - 31.12.2019-cu il tarixli görülmüş işin təhvil-təslimi barədə akta əsasən müəyyən edilir ki, Nümayəndə tərəfindən "xxxx" ASC-yə 01.12.2019-31.12.2019-ci il tarixləri arası dövrdə - 26 gün üçün 1652 manat dəyərində xidmətlər göstərilmişdir. Akt sifarişçinin imzası və möhürü və icraçının imzası ilə təsdiq edilmişdir. - 31.01.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə akta əsasən müəyyən edilir ki, Nümayəndə tərəfindən "xxxx" ASC-yə 01.01.2020-31.01.2020-ci il tarixləri arası dövrdə - 26 gün üçün 1652 manat dəyərində xidmətlər göstərilmişdir. Akt sifarişçinin imzası və möhürü və icraçının imzası ilə təsdiq edilmişdir. - 29.02.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə akta əsasən müəyyən edilir ki, Nümayəndə tərəfindən "xxxx" ASC-yə 01.02.2020-29.01.2020-ci il tarixləri arası dövrdə - 24 gün üçün 1520 manat dəyərində xidmətlər göstərilmişdir. Akt sifarişçinin imzası və möhürü və icraçının imzası ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən Nümayəndə edilmiş ödənişlərin cədvəlindən də görünür ki, ASC tərəfindən Nümayəndə ASFX 18/137 müqaviləsi üzrə təqdim edilmiş 8 ədəd akt əsasında ödənişlər edilmişdir. Nümayəndə tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ASC-dən xidmət müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq instansiyalara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı Nümayəndə cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış 09 aprel 2018-ci il tarixli ASFX18/137 saylı xidmət müqaviləsi üzrə cavabdehə xidmətlər göstərdiyini, lakin cavabdeh tərəfindən ona beş aylıq müddət üçün xidmət haqqının ödənilmədiyini əsas göstərərək sözügedən müqavilə üzrə 8,128 manat məbləğində borcun və həmin borca hesablanmış faizlərin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi müqavilənin əslinin ASC-də tapılmadığını, bu səbəbdən həmin müqavilənin ümumiyyətlə mövcud olmasına dair şübhələrinin olduğunu, eyni zamanda müqaviləyə imza etmiş A.Məmmədovun ASCnin adından həmin müqaviləni bağlamaq səlahiyyətinin olmadığını, Nümayəndəla aralarında yalnız ASFX18/152 saylı xidmət müqaviləsinin mövcud olduğunu, həmin müqavilə üzrə borcun isə tam ödənildiyini, eləcə də iddiaçının təqdim etdiyi işlərin görülməsi barədə aktlar üzrə elektron qaimələrin ASC-yə təqdim edilmədiyini əsas göstərərək iddiaçının rədd edilməsini xahiş edir. Göründüyü kimi tərəflər arasında mübahisə predmeti olan birinci hal tərəflər arasında ASFX18/137 saylı xidmət müqaviləsinin bağlanıb-bağlanması ilə bağlıdır. Bununla bağlı məhkəmə əvvəla qeyd edir ki, cavabdehin nümayəndəsi mübahisəli müqavilənin mövcudluğunu mübahisələndirsə də, iddiaçının cavabdehə xidmət göstərməsi və bununla bağlı cavabdehə vaxtaşırı ödənişlərin edilməsi faktlarını inkar etməmiş, həmin xidmətlərin iddiaçının istinad etdiyi müqavilə əsasında deyil, tərəflər arasında bağlanılmış ASFX18/152 saylı xidmət müqaviləsi əsasında göstərildiyini və həmin müqavilə üzrə cavabdehin iddiaçıya borcunun olmadığını iddia etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, birincisi, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ödənişlər barədə cədvəldə iddiaçıya ödənişlərin bir qisminin ASFX18/152 saylı xidmət müqaviləsi üzrə, digər qisminin isə ASFX18/137 saylı xidmət müqaviləsi üzrə aparıldığı göstərilmişdir. Cavabdeh tərəfindən ASFX18/137 saylı müqavilə üzrə ödənişlərin edilməsi faktı isə cavabdehin nümayəndəsinin iddiaya etirazına əsas kimi istinad etdiyi - mübahisəli müqavilənin bağlanması barədə ümumiyyətlə məlumatlı olmaması, həmin müqavilənin saxta olması barədə - dəlillərin əsassızlığına dəlalət edir. Mübahisəli müqavilənin səlahiyyətli şəxs tərəfindən bağlanılmaması barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, A.Məmmədovun müqaviləni imzalamaq səlahiyyətinin olmaması ehtimal edilsə belə, cavabdeh tərəf iddiaçı Nümayəndə göstərdiyi xidmətləri qəbul etməklə və həmin xidmətlərə görə ödənişlər etməklə müqaviləni bəyənmişdir. Mülki Məcəllənin 360.1-ci maddəsinin əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 360.2-ci maddəsinə görə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Odur ki, hazırkı halda cavabdeh mübahisəli müqaviləüzrə ödənişlər etməklə həmin müqaviləni bəyəndiyindən cavabdehin nümayəndəsinin yuxarıda göstərilən dəlili həmin müqavilənin etibarsız əqd olması və həmin müqavilə əsasında tərəflərin qarşılıqlı hüquq v öhdəliklərinin yaranmaması barədə nəticəyə gəlmək üçün əsas vermir. Digər tərəfdən Nümayəndə işlərin görülməsi barədə mübahisəli aktlar üzrə ASC-yə elektron qaimə təqdim etməməsi barədə cavabdehin istinad etdiyi dəlilə gəldikdə məhkəmə qeyd edir ki, elektron qaimənin təqdim edilməməsi ASC-nin göstərilmiş xidmətin müqabilində haqqı ödəməkdən imtina etməsi və hazırkı iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər Nümayəndə tərəfindən "xxxx" ASC-yə göstərilən xidmətlərin yalnız SFX18/152 saylı xidmət müqaviləsi və ya iki müqavilə - ASFX18/137 saylı və A xidmət müqaviləsi əsasında göstərilməsini mübahisələndirsələr də, hər iki tərəfin təsdiq etdiyi hallardan biri ondan ibarətdir ki, Nümayəndə 2018-ci ilin apreli- 2020-ci ilin mart ayının ortaların arası dövrdə cavabdeh "xxxx" ASC-yə uçot və mühasibatlıq xidmətlərini göstərmişdir. Göstərilən hal ASC tərəfindən Nümayəndə aparılmış ödənişlərlə də təsdiq edilir. Digər tərəfdən hər iki tərəfin məhkəməyə təqdim etdiyi ödəniş məlumatlarından aydın olur ki, 2018-ci ilin apreli- 2020-ci ilin mart ayının ortaların arası dövrdə Nümayəndə yalnız 2019-cu ilin avqust, oktyabr, dekabr, 2020-ci ilin yanvar və fevral ayları üçün, yəni hazırda iddiaçının ödəniş edilməsini tələb etdiyi aylar üçün ödəniş edilməmişdir. İşin göstərilən halı da Nümayəndə iddiasının əsaslı olmasına dəalət edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Nümayəndə ilə cavabdeh "xxxx" ASC arasında 09 aprel 2018-ci il tarixli ASFX18/137 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə Qazaxıstan Respublikasında həyata keçirilən layihədə mühasibat və uçot xidmətləri göstərmişdir. 2019-cu il avqust, oktyabr, dekabr və 2020-ci ilin yanvar-fevral ayları ərzində iddiaçı Nümayəndə tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri cəmi 8.128 manat təşkil etmişdir. Göstərilən hal cavabdehin səlahiyyətli nümayəndələrinin də təsdiq etdikləri təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 385.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini – 8.128 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 8.128 manat məbləğində pul tutularaq Nümayəndə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% miqdarında - 634,58 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Beləliklə, hazırkı işdə cavabdeh "xxxx" ASC-nin xidmət müqaviləsinə əsasən göstərilmiş xidmətin dəyərinin ödənilməsini gecikdirməsi iş materiallarına əsasən öz təsdiqini tapdığından iddiaçı Nümayəndə gecikdirilmiş məbləğə MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Halbuki “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı halda iddiaçının çəkdiyi mediasiya xərci dövlət rüsumundan məbləğindən artıq olduğundan iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 8.128 (səkkiz min yüz iyirmi səkkiz) manat məbləğində əsas borc, 634,58 manat (altı yüz otuz dörd manar əlli səkkiz qəpik) məbləğində faizlər, cəmi 8.762,58 manat (səkkiz min yeddi yüz altmış iki manat əlli səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı Nümayəndə ödənilsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Nümayəndə geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar