Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-490/2023 06.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ƏDV daxil olmaqla ümumi məbləği 6088.80 manat (altı min səksən səkkiz AZN səksən qəpik) olan borcun, ilkin mediyasiya sessiyasının aparılmasına ödənilmiş 100 manat xərcin və hüquqi xidmətin göstəriməsi üçün vəkilə ödənilmiş 210 manatın, cəmi 6398.80 AZN pulun Cavabdeh MMC-dən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında malların alğı-satqısı barədə 17 mart 2014-cü il tarixli 14- AİS-077 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinin tələbinə görə satıcı alıcının sifarişi ilə müqavilənin əlavələrində göstərilən malları alıcıya təqdim etməklə onun mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib onun dəyərini müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinin tələbinə görə alıcı müqavilə imzalandıqdan sonra müqavilə dəyərinin 50%-i həcmində avans ödənişi həyata keçirilir. Müqavilənin 2.4-cü bəndinin tələbinə görə məbləğin qalan hissəsi mallar təhvil verildikdən sonra 15 (on beş) iş günü ərzində ödəniləcəkdir. Həmin müqavilənin 8.1-ci bəndinin tələbinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədədir. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı tərəfindən alıcıya verilən malların ümumi dəyəri 85.940 (səksən beş min doqquz yüz qırx) manat müəyyən olunmuşdur. Müqavilənin şərtinə görə alıcı tərəfindən satıcıya ölçüləri 315/80R22.5 Austone AT 209 markalı 20 ədəd, 385/65R22.5 Austone AT 16 markalı 15 ədəd, 11.00R20 Kumho KFD04 markalı 14 ədəd, 23.5R25 SRGP L3/E3 SOLİDEAL markalı 10 ədəd, 20.5- 25 Solideal L3 20PR 8 ədəd, 14.00-24 L3 SD SOLİDEAL markalı 22 ədəd, 10.00-20 Solideal WL set markalı 14 ədəd, 315/80R22.5 Bridgestone M840 markalı 20 ədəd, 315/80R22.5 Bridgestone L355 markalı 20 ədəd avtomobil şinlərini verməyi üzərinə götürmüşdür. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli qaimə-faktura seriya BƏT/2 № 031881 olan təhvil-təslim aktı əsasında ölçüləri 8.15- 15(28x9-15) olan 6 (altı) ədəd Solideal, ölçüləri 6.50-10 olan 6 (altı) ədəd Solideal, ölçüləri 7.50-16 olan 6 (altı) ədəd Solideal, ölçüləri 7.50-15 olan 6 (altı) ədəd Solideal, ölçüləri 7.50-12 olan 6 (altı) ədəd Solideal, markalı təkərlər alıcı Cavabdeh MMC-nin məsul şəxsinə təhvil verilmişdir. Eyni zamanda satılan malların ƏDV-də daxil olmaqla ümumi məbləğ 6088.80 (altı min səksən səkkiz AZN 80 qəpik) pul vəsaitinin İddiaçı İddiaçı MMCnin hesabına ödənilməsi barədə satıcı tərəfindən xx.xx.2015-ci il tarixli EVHF seriya HJ № 580153 elektron qaimə alıcı Cavabdeh MMC-yə göndərilir. Lakin ötən müddət ərzində Cavabdeh MMC tərəfində alınan malların dəyəri cəmiyyətə ödənilməmişdir. Nəticədə alıcı üzərinə götürdüyü öhdəlikləri vaxtı vaxtında və lazımi qaydada yerinə yetirməyərək müqavilənin şətrlərini pozmuşdur. Borcun ödənilməsinin təmin edilməsi məqsədilə satıcı tərəfindən alıcıya xx.xx.2022-ci il tarixdə yazılı müraciət etməsinə baxmayaraq, heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görməmişdir. Eyni zamanda müqavilə öhdəliyinin yerinə yetirilməməsi barədə pul tələbinə dair iddiaçı tərəfindən Mediyasiya Şurasına müraciət olunmuşdur. Mediyasiya Şurasının Bakı 5 saylı Mediyasiya təşkilatı tərəfləri ilkin mediyasiya sessiyasında iştirak etməyə dəvət etsə də cavabdeh tərəf həmin iclasa gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi ƏDV-də daxil olmaqla ümumi məbləğ 6088.80 (altı min səksən səkkiz AZN 80 qəpik) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında malların alğı-satqısına dair bağlanmış 17 mart 2014-cü il tarixdə 14-AİS-077 saylı müqavilənin 8.1-ci bəndində göstərilmişdir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədədir. Müqavilənin şərtindən də göründüyü kimi öhdəlik yerinə yetirilənədək müqavilə qüvvədədir. Tərəflər arasında müqavilə Mülki Məcəllənin müqavilə azadlığı prinsipi əsasında imzalanmışdır. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, eyni zamanda iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək, iddia müddətini tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: Cavabdeh MMC “alıcı” İddiaçı MMC “satıcı” olmaqla imzalanmış 17 mart 2014-cü il tarixli 14-AİS-077 nömrəli malların alğı-satqısına dair müqaviləyə əsasən satıcı alıcının sifarişi ilə bu müqavilənin əlavələrində göstərilən malları alıcıya təqdim etməklə onun mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib onun dəyərini bu müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndində alınacaq malların vahid qiyməti 85.940 manat məbləğində müəyyən edilmişdir. 8.1-ci bəndə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədədir. 08 yanvar 2015-ci il tarixli İddiaçı MMC tərəfindən tərtib edilmiş təhvil-təslim aktında xx.xx.2014-cü il tarixli seriya BƏT/2 0318 nömrəli qaimə-fakturaya əsasən “Solideal” markalı müxtəlif ölçülərdə təkərlərin təhvil verilməsi qeyd olunmuşdur. Təhvil-təlim aktında qaimə-fakturanın nömrəsinə düzəliş edilərək 031881 qeyd olunmuşdur. Təhvil-təslim aktında İddiaçı MMC tərəfindən möhürlənmiş, təhvil alan olaraq Kazımov R. adlı şəxs qeyd olunmuş və imzalanmışdır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 210 manat Bakı “4 saylı” Vəkil Bürosunun hesabına ödənilmişdir. İddiaçı MMC tərəfindən təsdiq edilmiş 15 yanvar 2015-ci il tarixli BƏT seriyalı 031881 nömrəli qaimə-fakturanın surətindən müəyyən olunur ki, ümumilikdə 6.088,80 manat məbləğində mallar Cavabdeh MMC-yə verilmişdir. Qaimə-faktura hər iki hüquqi şəxsin möhürləri ilə təsdiqləmişdir. xx.xx.2015-ci il tarixli qaimə-faktura, BƏT/2 031879 nömrəli qaimə faktura əsasında tərtib edilmiş qaiməyə əsasən ümumilikdə 6.088,8 manat məbləğində mallar göndərilmişdir. Qeyd olunan qaimə İddiaçı MMC tərəfindən möhürlənmiş, müəssisənin rəhbəri Nəbiyev A.N və baş mühasib Ərəbov A.T adlı şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların alğısatqısına dar müqavilə imzalanmış, müqavilə əsasında mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Tərəflər arasında alğı-satqı müqaviləsinin olması işin mübahisəsiz halıdır. Hazırda cavabdeh iddia müddətini tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsini, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini sübuta yetirilməsi ilə bağlı məhkəməyə malların təhvil-təslim aktı, qaimə-faktura və qaimə təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qaimə fakturanı hər iki tərəf təsdiqləmişdir. Eyni zamanda cavabdeh malların təhvil verilməməsini məhkəmə araşdırması zamanı mübahisələndirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətlərinin olması, həmin müqavilə əsasında malların qarşı tərəfə təhvil verilməsi öz təsdiqini tapır. Bununla belə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən ərizəyə münasibət bildirilməsi zəruridir. Belə ki, cavabdeh qeyd olunan ərizədə bildirmişdir ki, iş üzrə 3 illik iddia müddəti tətbiq edilməlidir. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını eləcə də cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəni əsas götürərək, hesab edir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Digər tərəfdən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz edərək, qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin 8.1-ci bəndində göstərilmişdir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədədir. Belə olan halda iddia müddətinin tətbiqi barədə ərizə nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə tərəflər arasında imzalanmış müqavilənin 8.1-ci bəndində müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədədir müddəasının olmasının bu münasibətə iddia müddətinin tətbiq edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının fikirləri ilə razılaşmayaraq, qeyd etməyi zəruri hesab edir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. (MM maddə 377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. (maddə 377.3.). Tərəflər arasında imzalanmış müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, alıcı bu müqavilə imzalandıqdan sonra müqavilə dəyərinin 50%-həcmində avans ödənişi həyata keçirir. 2.4-cü bəndinə əsasən məbləğin qalan hissəsi mallar təhvil verildikdən sonra 15 (on beş) iş günü ərzində ödəniləcəkdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan məlum olur ki, hazırda mübahisələndirilən mallar qarşı tərəfə 15 yanvar 2015-ci il tarixli BƏT seriyalı 031881 nömrəli qaimə-faktura tərtib edildiyi tarixdə təhvil verilmiş, iddiaçının öhdəliyin icrasını tələb etmək hüququ həmin tarixdən sonra əmələ gəlmişdir. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2022-ci ildə məhkəməyə müraciət etmişdir. Beləliklə yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış müqavilənin 8.1-ci bəndində nəzərdə tutulmuş müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvədədir müddəasının olması iddia müddətinin tətbiq edilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iddiaçı ödənilmiş 210 manat vəkil xərcinin də cavabdehdən tutulmasını tələb etmişdir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən vəkilə ödənilmiş 210 manat xərc də iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz manat) manat məbləğində mediasiya xərci özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-490/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-490/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver