Məhkəmə qərarları › İş №e-2-2(113)-4905/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4905/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4905/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, əldən çıxmış fayda) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 yanvar 2023-cü il tarixində AKP_002 №-li alqı-satqı müqaviləsinə əsasən yaranmış 11980,17 AZN borc məbləğinin və ödənişin gecikdirildiyi üçün hesablanmış 895.5 AZN gecikdirmə faizinin, ümumi olaraq 12875,67 AZN borc məbləğinin, həmçinin 128,63 AZN dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 19 yanvar 2023-cü il tarixində AKP_002 №-li alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, “Alıcı malları Satıcıdan təqdim etdiyi sifariş əsasında tələb etdiyi keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzrərinə götürür”. Eyni zamanda, Müqavilənin 4.1-ci və 4.3-cü bəndlərinə əsasən, “Alıcı malı razılaşmaya müvafiq olaraq malın dəyərinin 100% avans şəklində və ya 50%-ni öncədən malların sifarişi Satıcı tərəfindən qəbul edildikdə və qalan 50%-i mallar Alıcı-ya təhvil verildiyi gün ödənilməlidir” və “Alıcı malın tam dəyərini müqavilənin 4.1-ci bəndində göstərilən qaydada deyil, mallar təhvil alındıqdan sonra 40 (qırx) gün ərzində də ödəyə bilər”. Sözügedən müqavilə 30 dekabr 2023-cü il tarixinə qədər qüvvədə olmuşdur və həmin müddət ərzində iddiaçı müqavilədən irəli gələn öhdəlikləri vaxtında və tam keyfiyyətlə icra edərək malları nəzərdə tutulan qaydada cavabdehə təhvil vermişdir. Lakin cavabdeh iddiaçının onu müqavilə üzrə mallarla təmin etməsinə baxmayaraq, müqavilədə qeyd olunan ödənişi ödəməmiş, müqavilədən irəli gələn öhdəliyini icra etməmişdir. Nəticədə, ümumilikdə, 11980,17 AZN həcmində borc məbləği yaranmışdır. Yaranan borc məbləğinin ödənilməsi tələbilə iddiaçı tərəfindən Cavabdeh MMC-yə elektron qaydada pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilən maddəyə əsaslanaraq bildirir ki, iddiaçı tərəfindən cavabdehə ödənişlərin gecikdirilməsi xx.xx.2023cü il tarixindən başlanmışdır və AR Mərkəzi Bankı tərəfindən həmin tarixə uçot faiz dərəcəsi 9.0% müəyyənlədirilmişdir. Pul məbləğinin ödənilməsinin gecikdirilməsi (xx.xx.2023- xx.xx.2024 tarixləri aralığında) səbəbilə, yuxarıda qeyd etdiyimiz borc məbləğinin (11980,17 AZN) 9%-i həcmində, yəni 895,5 manat gecikdirilmə faizi tətbiq olunmuşdur. Nəticədə, 11 980,17 AZN əsas borc və 895,5 AZN faiz məbləği olmaqla, 12875,67 manat ümumi borc məbləği yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 449.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, 11980,17 manat əsas borc məbləğini mübahisələndirmir, həmin məbləğdə borcun olduğunu qəbul edir. Lakin hesablanmış faiz borcunu qəbul etmir, həmin hissədə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC (Satıcı) və Cavabdeh MMC (“Alıcı”) arasında imzalanmış 19 yanvar 2023-cü il tarixli AKP_002 nömrəli malların alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən Satıcı malları Alıcının təqdim etdiyi sifarişə əsasən müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə Alıcıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Bu zaman gələcəkdə mübahisə məsələlərinə yol verməmək üçün Alıcının öz sifarişini hazırlayıb, təsdiq etdikdən sonra Satıcıya texniki vasitələrlə (email və ya fax ilə) ötürür. Müqavilənin 1.3-cü bəndinə əsasən qiymətlərin razılaşma cədvəli Satıcı Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma cədvəlində və ya satıcı tərəfindən təqdim edilən elektron qaimə fakturalarda göstərilmişdir. Bu cədvəl hər iki tərəfdən razılaşdırılır və malın dəyəri manatla müəyyən edilir. Müqavilənin 4.1-ci bəndinə əsasən Alıcı malı razılaşmaya müvafiq olaraq malın dəyərinin 100% avans şəklində və ya 50 %-ni öncədən malın sifarişi Satıcı tərəfindən qəbul edildikdə və qalan 50 %-i mallar Alıcıya təhvil verildiyi gün ödənilməlidir.Müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş hesaba köçürmə qaydası ilə aparılır. Müqavilənin 4.3-cü bəndinə əsasən Alıcı malın tam dəyərini bu müqavilənin 4.1-ci bəndində göstərilən qaydada deyil, mallar təhvil alındıqdan sonra 40 gün ərzində ödəyə bilər. Müqavilənin 6.1-ci bəndinə əsasən Alıcının təqsiri üzündən malın dəyəri müqavilənin 4.1 və ya 4.3-cü bəndində nəzərdə tutulduğu vaxtlarda Alıcı tərəfindən ödənilmədiyi təqdirdə malın qiymət razılaşmasına müvafiq olaraq hesablanmış dəyəri 5%-dən çox olmayaraq Alıcı Satıcıya hər gün üçün 1% həcmində ödəməyi öhdəsinə götürmüşdür. EBCN seriyalı, 710495 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4284,01 manat, EBDO seriyalı, 815770 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 12464,53 manat, EBDP seriyalı, 717254 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 6350,14 manat, EBDP seriyalı, 719051 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1428 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. AK PACK” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli topdan satış fakturasından görünür ki, 4284 manat dəyərində müxtəli adda və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir. AK PACK” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli topdan satış fakturasından görünür ki, 12464,53 manat dəyərində müxtəli adda və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir. AK PACK” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli topdan satış fakturasından görünür ki, 6350,14 manat dəyərində müxtəli adda və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli topdan satış fakturasından görünür ki, 3927,21 manat dəyərində müxtəli adda və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir. İddiaçı MMC-nin "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-ci il tarixində 1490 manat və 140,51 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 129 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 449.1-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış alqı-satqı müqaviləsinə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla, həmçinin cavabdehin nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 11980,17 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 11980,17 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən ödənişin gecikdirilməsinə görə hesablanmış 895,5 manat məbləğin də tutulmasını tələb etmiş, həmin məbləğin tələb etmə əsasını iddia ərizəsində Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandıraraq əldən çıxmış fayda kimi hesablayaraq ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 128,63 manat dövlət rüsumunun 125,94 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 19 yanvar 2023-cü il tarixində AKP_002 №-li alqı-satqı müqaviləsi əsasən 11980 (on bir min doqquz yüz səksən) manat 17 (on yeddi) qəpik əsas borc, habelə ödənilmiş dövlət rüsumunun 125 (bir yüz iyirmi beş) manat 94 (doxsan dörd) qəpik hissəsinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar