Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4906/2022 24.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Firmasına qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixə xx.xx.2008-ci il tarixli, 12-LA/08 nömrəli müqavilə üzrə 200,974.20 (iki yüz min doqquz yüz yetmiş dörd manat, 20 qəpik) manat gecikdirilmiş əsas borc, 424,920.21 (dörd yüz iyirmi dörd min doqquz yüz iyirmi manat, 21 qəpik) manat cərimə borcunun və xx.xx.2013-cü il tarixli, 33-LA/13 nömrəli müqavilə üzrə 112,350.40 (yüz on iki min üç yüz əlli manat, 40 qəpik) manat gecikdirilmiş əsas borc, 124,869.01 (yüz iyirmi dörd min səkkiz yüz altmış doqquz manat, 1 qəpik) manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 (dörd yüz) manatın, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manatın, cəmi: 863,863.82 (səkkiz yüz altmış üç min dörd yüz altmış üç manat, səksən iki qəpik) manat pul vəsaitinin cavabeh "xxxx" firmasından tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə "xxxx" firması arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 12-LA/08 nömrəli və xx.xx.2013-cü il tarixli, 33- LA/13 nömrəli nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə soyuducu anbar və soyuducu anbar avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2008-ci il tarixli, 12-LA/08 nömrəli müqavilə üzrə 200,974.20 (iki yüz min doqquz yüz yetmiş dörd manat, 20 qəpik) manat gecikdirilmiş əsas borc, 424,920.21 (dörd yüz iyirmi dörd min doqquz yüz iyirmi manat, 21 qəpik) manat cərimə borcu və xx.xx.2013-cü il tarixli, 33-LA/13 nömrəli müqavilə üzrə 112,350.40 (yüz on iki min üç yüz əlli manat, 40 qəpik) manat gecikdirilmiş əsas borc, 124,869.01 (yüz iyirmi dörd min səkkiz yüz altmış doqquz manat, 1 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: “lizinqverən” "xxxx" ASC, “lizinq alan” "xxxx" Firması olmaqla imzalanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus soyuducu kameranı lizinqə verilməsi barədə 05 iyun 2008ci il tarixli 12-LA nömrəli müqaviləyə əsasən lizinq verən qiyməti 666 307 (altı yüz altmış altı min üç yüz yeddi) manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən soyuducu kamera (bundan sonra- soyuducu kamera) dəyəri lizinq ödəniş qrafikinə (2 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 (doqquz) il müddətə lizinqə verir. Soyuducu kamera Şəmkir rayonu, Düyərli kəndində quraşdırılacaqdır. 1.2-ci bəndə əsasən lizinq alan soyuducu kameranın dəyərindən 126 433,40 (yüz iyirmi altı min dörd yüz qırx üç manat 40 qəpik) manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan 539 873,60 (beş yüz otuz doqquz min səkkiz yüz yetmiş üç manat 60 qəpik) manat məbləği isə ödəniş qrafıkində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. “lizinqverən” "xxxx" ASC, “lizinq alan” "xxxx" Firması olmaqla imzalanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus soyuducu kameranı lizinqə verilməsi barədə 16 dekabr 2013-cü il tarixli 33-LA/13 nömrəli müqaviləyə əsasən, lizinq verən ümumi dəyəri 178 700,0 (yüz yetmiş səkkiz min yeddi yüz) manat olan Şəmkir rayonunda 800 ton tutumlu soyuducu anbar üçün əlavə avadanlıqların quraşdırılması ilə birlikdə (bundan sonra- Avadanlıq) dəyərini lizinq ödəniş qrafikində (1 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə apanldıqdan sonra sizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətədək lizinqə verir. 1.2-ci bəndə əsasən lizinq alan avadanlığın dəyərindən 14 400,0 (on dörd min dörd yüz) manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində (Əlavə № 1) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş maliyyə arayışında xx.xx.2021-ci il tarixə xx.xx.2008-ci il tarixli 12-LA/08 №-li müqavilə üzrə 158 423,40 (Bir yüz əlli səkkiz min dörd yüz iyirmi üç manat 40 qəpik) manat ödənilmiş, 200 974,20 (iki yüz min doqquz yüz yetmiş dörd manat 20 qəpik) manat gecikdirilmiş borc, 424 920,21 (dörd yüz iyirmi dörd min doqquz yüz iyirmi manat 21 qəpik) hesablanmış cərimə qeyd olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş maliyyə arayışında xx.xx.2021-ci il tarixə xx.xx.2013-cü il tarixli 33-LA/13 №-li müqavilə üzrə 114 400,00 (on dörd min dörd yüz) manat ödənilmiş, 112 350,40 (bir yüz on iki min üç yüz əlli manat 40 qəpik) manat gecikdirilmiş borc, 124 869,01 (bir yüz iyirmi dörd min səkkiz yüz altmış doqquz manat 01 qəpik) manat hesablanmış cərimə qeyd olunmuşdur. "xxxx" MMC “müraciət edən şəxs”, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “hüquqi yardım göstərilən şəxs”, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu olmaqla imzalanmış xx.xx.2021-ci il tarixli 3264 nömrəli hüquqi yardımın göstərilməsi barədə müqaviləyə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 340 (üç yüz qırx) manat əlavə olaraq 10 (on) manat marka ödənişi olmaqla, cəmi 350 (üç yüz əlli) manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşınğın nəticəsindən asılı deyil hüquqi yardıma görə haqq nağdsız qaydada ödənilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus soyuducu kameranı “lizinq alan”a təhviltəslim barədə tərtib edilmiş 26 iyun 2008-ci il tarixli akta əsasən 3.812 m3 həcmində soyuducu "xxxx" Firmasına təhvil verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus tutumu 800 ton olan soyuducu anbar kompleksində quraşdırılan əlavə avadanlıqların təhvil-təslimi barədə tərtib edilmiş 01 noyabr 2013-cü il tarixli akta əsasən 800 ton tutumlu soyuducu kamera üçün əlavə avadanlıqlar quraşdırılaraq "xxxx" Firmasına təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan "xxxx" Firması arasında lizinq müqavilələri imzalanmış və müqavilələr üzrə müvafiq olaraq, lizinq predmeti olan soyuducu kamera və soyuducu kamera üçün əlavə avadanlıqlar təhvil verilmişdir. Qeyd olunan müqavilələr üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmişdir. Cavabdeh tərəfindən əsas borc gecikmə ilə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyindən iddiaçı əsas borc və cərimə məbləğinin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilməli və xx.xx.2021-ci il tarixə xx.xx.2008-ci il tarixli, 12-LA/08 nömrəli müqavilə üzrə 200,974.20 (iki yüz min doqquz yüz yetmiş dörd manat, 20 qəpik) manat əsas borc və xx.xx.2013-cü il tarixli, 33-LA/13 nömrəli müqavilə üzrə 112,350.40 (yüz on iki min üç yüz əlli manat, 40 qəpik) manat gecikdirilmiş əsas borc cavabdehdən tutulmalıdır. Eyni zamanda iddiaçı iddia tələbində cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2008-ci il tarixli, 12-LA/08 nömrəli müqavilə üzrə 20.000 manat, xx.xx.2013-cü il tarixli, 33-LA/13 nömrəli müqavilə üzrə 12.486 manat cərimə borcu "xxxx" Firmasından tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 350 manat ödəniş hissəsində qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə iş materilları ilə öz təsdiqini tapdığından təmin edilməlidir. İddia tələbi qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərci də cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Firmasından xx.xx.2021-ci il tarixə xx.xx.2008-ci il tarixli, 12-LA/08 nömrəli müqavilə üzrə 200,974.20 (iki yüz min doqquz yüz yetmiş dörd manat, iyirmi qəpik) manat əsas borc, 20.000 (iyirmi min) manat cərimə, xx.xx.2013-cü il tarixli, 33-LA/13 nömrəli müqavilə üzrə 112,350.40 (bir yüz on iki min üç yüz əlli manat, qırx qəpik) manat əsas borc 12.486 (on iki min dörd yüz səksən altı) manat cərimə, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 (dörd yüz) manat, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4906/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4906/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver