Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4911/2023 22.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı QSC-nin xeyrinə 4464 manat əsas borc, 552.30 manat faiz borcu və 105 manat mediasiya xərci olmaqla, cəmi 5121.30 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 537 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı aparılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 460427 nömrəli elektron qaimə ilə iddiaçıdan 4464 manat dəyərində sement almışdır. Cavabdeh aldığı malların dəyərini ödəmədiyi üçün iddiaçıya 4464 manat borcu yaranmışdır. Borc məbləğinin ödənilməsi barədə cavabdehə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlar da nəticə verməmiş, borcun tezliklə aradan qaldırılması vədlərinə əməl etməmişdir. Belə vəziyyət iddiaçıya maddi ziyan vurur, hüquqlarını və qanunimənafeyini pozur. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə uyğun olaraq cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması üçün cavabdehə xx.xx.2023-ci il tarixində elektron qaydada, xx.xx.2023-cü il tarixində poçt vasitəsilə pretenziya məktubu göndərilmişdir. Cavabdeh məktuba heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.1.6 və 150.2 maddələrinə uyğun olaraq iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun iddiaçı tərəfindən elektron qaydada vegi ödəyicisi olan cavabdehin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməsi təmin edilmişdir. Məhkəməyə mürciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bu əsasdan kommersiya mübahisəsi üzrə mediasiya tətbiq olunması üçün mediasiya Şurasına müraciət olunmuş və mediator X2 tərəfindən qarşı tərəf mediasiyada iştirak üçün gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00859nömrəli“İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Qanunvericiliyə əsasən, cavabdehdən 4464 manat əsas borc, xx.xx.2020-dən xx.xx.2021-ə qədər 262*(4464:360:100*6.5+2%)= 276.15 manat, xx.xx.2021-dən xx.xx.2021-ə qədər 41*(4464:360:100*7+2%)=45.76 manat, xx.xx.2021dən xx.xx.2022-ə qədər 92*(4464:360:100*7.25+2%)=105.52 manat, xx.xx.2022-dən xx.xx.2022-qədər 106*(4464:360:100*7.5+2%)= 124.87 manat olmaqla, cəmi: 552.30 manat faiz məbləği də, cavabdehdən tələb edilir. Habelə, qanuna əsasən ödənilmiş 105.00 manat mediasiya xərci də cavabdehdən tələb edilir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 537 saylı alqısatqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-dən daxil olan sementi alıcıya satmağı və çatdırmağı, alıcı isə öz növbəsində hazırkı müqavildə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən məhsulun alıcıya satış qiyməti aşağıdakı kimi həyata keçirilir.
10. 2.1.1 Sement Klass-A tonu 1500 manat
11. Sement Klas-B tonu 140 manat
12. Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə hesablaşma, bu müqavilınin şərtlərinə uyğun mal təhvil verildikdən sonra, qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaim-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən 10 iş günü ərzində təhvil verilmiş malların dəyərinin alıcı tərəfindən satıcıya nağd və ya köçürmə yolu ilə ödənilməsi şəkildə aparılır.
13. xx.xx.2020-ci il tarixli əmtəə-nəqliyyat qaiməsinə əsasən İddiaçı MMC tərəfindən "xxxx"-ə müqavilədə nəzərdə tutulmuş 2880 kq dəyərində məhsul təhvil verilmişdir.
14. xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 460427 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən “Progress” İTM-ə 28800 ton 4464 manat dəyərində məhsul satışı həyata keçirilmişdir.
15. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
18. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
20. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 537 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-dən daxil olan sementi alıcıya satmağı və çatdırmağı, alıcı isə öz növbəsində hazırkı müqavildə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürür və həmin müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə hesablaşma, bu müqavilənin şərtlərinə uyğun mal təhvil verildikdən sonra, qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaim-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən 10 iş günü ərzində təhvil verilmiş malların dəyərinin alıcı tərəfindən satıcıya nağd və ya köçürmə yolu ilə ödənilməsi şəkildə aparılır.
24. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla –elektron qaimə və əmtəə -nəqliyyat qaiməsi ilə təsdiqini tapdığı üçün iddia tələbinin 4464 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
25. Bundan əlavə məhkəmə iddia tələbinin 552.30 manat faiz borcu hissəsinə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.
26. Belə ki, iddiaçı həmin tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü və 449-cu maddələrinə istinad etmək cavabdehdən tələb etmişdir.
27. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir.
28. Belə ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün ona dəymiş zərərin məbləğini bank uçot dərəcəsinə əsasən hesablamışdır. Bu qayda Mülki Məcəllənin 449.1ci maddəsi ilə tənzimlənir.
29. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
30. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.
31. Bununla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
33. Belə ki, pretenziya məktubunun cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə alındığını, iddianın isə məhkəməyə xx.xx.2023-cü il tarixində daxil olduğunu nəzərə alaraq 37 gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 339,1 (4487x5/100=224,35 (1 il üçün), 224,35 /365=0,62 (1 gün üçün), 0,62x37 =23 (37 gün üçün) ) manat təşkil edir. Ona görə də, əsas borca illik 5 faiz hesablanma 23 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
34. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
35. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
36. Digər tərəfdən MPM-in:
37. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
38. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
40. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
41. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə qeyd edir ki, iddiaçı 105 manat mediasiya xərcinin vəzinin cavabdehdən tutulmasını xahiş etmiş və iş materiallarına həmin məbləğin ödənilməsini təsdiq edən sübutu əlavə etmişdir.
43. Odur ki, 105 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli, 537 saylı müqavilə üzrə 4464 manat əsas borc və 23 manat faiz borcu olmaqla cəmi 4487 (dörd min dörd yüz səksən yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 105 (yüz beş) manat tutularaq İddiaçı QSC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova