Məhkəmə qərarları › İş №e-2-2(113)-4913/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4913/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4913/2021 04.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı X1 MMC-nin cavabdeh ləğv prosesində olan ASC "xxxx" sığorta şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı X1 MMC cavabdeh ləğv prosesində olan ASC "xxxx" sığorta şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi müraciət edərək, cavabdeh ləğv prosesində olan ASC Standard İnsurance Sığorta şirkəti tərəfindən X1 MMC-yə 1976.17 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi, cavabdehin müflis elan olunması səbəbindən xitam verilmiş MMB 2020-00008 №-li X2 Məsuliyyət Sığortası Şəhadətnaməsi əsasında 1472 manat məbləğində ödənilmiş sığorta haqqının 548,47 manat məbləğində hissəsinin qaytarılması, həmçinin 30 manat dövlət rüsumunun, cəmi X1 MMC-nin xeyrinə 2 554,64 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının Mərkəzi X3 Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti müflis elan edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. “Müflisləşmə və iflas haqqında” AR Qanununun borclunun müflis elan olunmasının nəticələrini müəyyən edən 18-ci maddəsinə görə:

1. Borclunun müflis elan olunmasının məqamları aşağıdakılardır: a) borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi və ya; b) bu Qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi.

2. Borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, şəxsin müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan həmin şəxsə bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur və banka qarşı tələblər yalnız qanunvericilikdə nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməlidir. İddia ərizəsinin məzmunundan isə görünür ki, iddianın predmetini sığorta ödənişinin həyata keçirilməsi, yəni iddiaçı X1 MMC-nin barəsində iflas proseduruna başlanılmış "xxxx" Sığorta şirkətinə qarşı sığorta müqaviləsindən irəli gələn kreditor tələbi təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X1 MMC-nin cavabdeh Standard İnsurance” Sığorta şirkətinə qarşı irəli sürdüyü iddia üzrə tələb barəsində iflas hüquqi şəxsə qarşı yönəldilmiş kreditor tələb olduğundan “Müflisləşmə və iflas haqqında” AR Qanununun 18-ci maddəsinin tələblərinə əsasən həmin iddia ərizəsinə məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə iddia ərizəsinin icraatına qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı tələbləri iflas proseduru çərçivəsində irəli sürmək hüquqları izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 155, 263-264, 267-268-ci maddəsini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı X1 MMC-nin cavabdeh ləğv prosesində olan ASC "xxxx" Sığorta şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmənin icraata qəbulundan imtina edilsin. 788616392 saylı qəbzlə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar