Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4915/2024 25.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, borc tələbi) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 87590,27 manat məbləğində qalıq borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 352,77 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 25912 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə, adda, qida və qeyri-qida məhsullarını vaxtaşırı Satıcıda sifariş etməyi, Malları təhvil almağı və dəyərini bu Müqavilədə nəzərdə tutulan qaydada ödəməyi, Satıcı isə Sifarişi təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış Malları Alıcıya təhvil verməyi qəbul edir. Müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən Sifariş olunmuş Mallar nəzərdə tutulmuş qaydada və müddətdə tam şəkildə cavabdehə təqdim edilmişdir. Təqdim edilmiş e-qaimə sənədlərindən və təhvil-qəbul aktlarından görünür ki, müqavilə imzalandığı tarixdən bu günə kimi cavabdehə ümumi dəyəri 105613,18 manat məbləğində Mallar təqdim edilmişdir. Lakin cavabdeh öz müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə İddiaçı MMC-yə 87590,27 manat məbləğində ödənilməmiş qalıq borcu qalmışdır. Təqdim edilmiş Maliyyə Arayışından da görünür ki, tərəflər arasında bağlanmış 04 dekabr 2023-cü il tarixli, 25912 nömrəli alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-nə uçot məlumatlarına əsasən qalıq borcu 87590,27 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,425.1, 442, 443.1, 445.1, 445.2, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: Satıcı İddiaçı MMC ilə Alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 25912 saylı alqı-satqı müqaviləsindən görünür ki, Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə, adda, qida və qeyri-qida məhsullarını vaxtaşırı Satıcıdan sifariş etməyi, Malları təhvil almağı və dəyərini bu Müqavilədə nəzərdə tutulan qaydada ödəməyi, Satıcı isə Sifarişi təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış Malları Alıcıya təhvil verməyi qəbul edir. Malların faktura məbləği Satıcıya tam ödənilənə qədər malların mülkiyyət hüququ Satıcıya məxsus olaraq qalır. Müqavilənin 3.5-ci bəndinə görə X3 təhvil verdikdən dərhal sonra Malların təhvil-qəbul aktını (Qaimə- fakturanı) 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə (olduğu təqdirdə) təsdiq etməli və Aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri Alıcıya təqdim etməlidir. Malların Təhvil-Qəbul Aktı (Qaimə-faktura)-Malların təhvil-təslimini təsdiq edən akt, faktura və bu qəbildən, fərqli adda olan digər sənəd hesab olunur. Aktla birlikdə Satıcı Malların təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də Alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Mailar qaimə-fakturaya əsasən təhvil verildiyi andan təsadüfü məhv olma və zədələnmə riski Alıcıya keçir. Müqavilənin 3.7-ci bəndinə əsasən Alıcı Malları qəbul etdikdən, qaimə-fakturanı və digər Sənədləri əldə etdikdən sonra onların hər bir nüsxəsini imzalamalı, onların bir nüsxələrini özündə saxlamalı digər nüsxəsini isə Satıcıya təhvil verməlidir. “Alıcı” Mallar çatdırıldıqdan sonra onları yoxlamalıdır və hər hansı bir nöqsan aşkar edilərsə bu barədə Satıcıya dərhal (hər bir halda 24 saatdan gec olmamaqla) yazılı məlumat verməlidir. Alıcı tərəfindən bu bənddə nəzərdə tutulan qaydalara riayət edilmədiyi təqdirdə malların qüsuruna dair pretenziya hüququnu itirir və Satıcının malı təqdim etməsi halı onun tərəfindən mübahisələndirilmədən qəbul edilərək malların lazımı qaydada çatdırıldığı tərəflər arasında razılaşdırılır. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli malların təhvil qəbul aktlarından görünür ki, müvafiq olaraq 13861,05 manat, 17636,58 manat, 15810,04 manat, 13338,74 manat, 32286,49 manat, 12680,28 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. EBDV seriyalı, 213212 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 13861,05 manat, EBDV seriyalı, 213218 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 13851,67 manat, EBDV seriyalı, 488485 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 13338,74 manat, EBDV seriyalı, 488488 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 15810,04 manat, EBDV seriyalı, 556193 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 12680,28 manat, EBDV seriyalı, 560360 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 32286,49 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-ə uçot məlumatlarına əsasən qalıq borcu 87590,27 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 352,77 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilə. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, təhvil-təslim aktı və s.) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 87590,27 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 87590,27 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 352,77 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 87590 (səksən yeddi min beş yüz doxsan) manat 27 (iyirmi yeddi) qəpik əsas borc, habelə 352 (üç yüz əlli iki) manat 77 (yetmiş yeddi) qəpik məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Veysəloğlu” MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4915/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4915/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver