Məhkəmə qərarları › İş №e-2-2(113)-492/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-492/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-492/2020 05.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 açıq səhmdar cəmiyyətinə və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143766 nömrəli və xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143767 nömrəli “Malların Təhvil-Qəbul Aktı”na əsasən 1551,66 manatın və 30 manat dövlət rüsumunun, cəmi 1581,66 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143766 nömrəli və xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143767 nömrəli “Malların Təhvil-Qəbul Aktı”na əsasən 1551,66 manatın və 30 manat dövlət rüsumunun, cəmi 1581,66 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında dəfələrlə müxtəlif “Mallar”a dair “alqı-satqı” əməliyyatları həyata keçirilmiş və cavabdehlər iddiaçıdan aldığı “Mallar”ın dəyərini əvvəlki vaxtlar ödəmişdir. Buna baxmayaraq, cavabdehlər xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143766 nömrəli və xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143767 nömrəli “Malların Təhvil-Qəbul Aktı”na əsasən, iddiaçıdan cəmi 1551,66 manat dəyərində müxtəlif “Mallar” qəbul etsələr də, həmin “Malların” dəyərini hazırkı vaxtadək şirkətə ödəməmişdirlər. Ödənişin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2019-cu il tarixli, 184795 saylı elektron qaimə və xx.xx.2019-cu il tarixli, 951710 saylı elektron vergi hesab-faktura da göndərilmişdir. Göstərilən məbləğdə “Mallar”ın cavabdehlər tərəfindən qəbul edilməsini xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143766 nömrəli və xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143767 nömrəli “Malların Təhvil-Qəbul Aktı” da bir daha sübut edir. Bununla bağlı dəfələrlə iddiaçı nümayəndəsi vasitəsilə cavabdehlərlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin hər hansı bir ödəniş həyata keçirilməmişdir. Borcun ödənilməsinə dair cavabdehlərə rəsmi şəkildə xx.xx.2019-cu il tarixli “Pretenziya” məktubları da göndərilmiş, lakin cavabdehlərdən yalnız Cavabdeh1 həmin “Pretenziya” məktubunu rəsmi şəkildə qəbul etmişdir, digər Cavabdeh2 isə “Pretenziya” məktubunu qəbul etməkdən qərəzli şəkildə imtina etmişdir. Göstərilən cavabdehlər hazırkı vaxtadək həmin ödənişi həyata keçirməmişlər. Nəticədə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Borcun ödənilməsi tələbinə dair cavabdehlərə xx.xx.2019-cu il tarixli “İddia Ərizələri” də rəsmi şəkildə göndərilmiş, lakin cavabdehlər həmin “İddia ərizəsini” qəbul etməkdən imtina etmişlər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın və Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı xx xxx 2003cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2019-cu il tarixli SX19/134 saylı Məhsulların alqı-satqı Müqaviləsinin surətindən görünür ki, iddiaçı özünün istehsal etdiyi müxtəlif növ malları cavabdehə satmaqla onun mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143766 nömrəli və xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143767 nömrəli Malların Təhvil-Qəbul Aktlarının surətlərindən götrünür ki, iddiaçı tərəfindən Cavabdeh2 1551,66 manat dəyərində müxtəlif adda məhsul verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh2 arasında xx xxx 2019-cu il tarixli SX19/134 saylı Məhsulların alqı-satqı Müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı özünün istehsal etdiyi müxtəlif növ malları cavabdehə satmaqla onun mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143766 nömrəli və xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143767 nömrəli Malların Təhvil-Qəbul Aktlarına əsasən Cavabdeh2 1551,66 manat dəyərində müxtəlif adda məhsul verilmiş və cavabdeh tərəfindən məhsullar qəbul edilmişdir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məhsulları cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə (Müqavilənin 3.1-ci bəndi) aldığı məhsulun dəyərini tam ödəmədiyindən, iddia təmin edilməli, Cavabdeh2 iddiaçının xeyrinə xx xxx 2019-cu il tarixli SX19/134 saylı Məhsulların alqı-satqı Müqaviləsi üzrə yaranmış 1551,66 manat borc tutulmalıdır. İddianın Cavabdeh1 açıq səhmdar cəmiyyətinə qarşı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 açıq səhmdar cəmiyyəti arasında mülki hüquqi məsuliyyətin yaranma əsaslarından heç biri mövcud deyildir. Belə ki, iddiaçı ilə Cavabdeh1 açıq səhmdar cəmiyyəti arasında hər hansı müqavilə bağlanmamış, iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmişdir. İş materiallarında olan müqavilədən və təhvil-qəbul aktlarından da görünür ki, müqavilə Cavabdeh2 ilə bağlanmış və məhsullar da ona təhvil verilmişdir. İddiaçı tərəfindən də bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh1 açıq səhmdar cəmiyyətinə aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143766 nömrəli və xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143767 nömrəli “Malların Təhvil-Qəbul Aktı”na əsasən 1551,66 manat və 30 manat dövlət rüsumu, cəmi 1581,66 manat məbləğ iddiaçının xeyrinə tutulmalı və iddia Cavabdeh1 açıq səhmdar cəmiyyətinə aid hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli, HBN/1 seriyalı, 143766 nömrəli və xx.xx.2019cu il tarixli, HBN/1 seriyalı, 143767 nömrəli “Malların Təhvil-Qəbul Aktı”na əsasən 1551,66 manat və 30 manat dövlət rüsumu, cəmi 1581,66 manat məbləğ İddiaçı xeyrinə tutulsun. İddia Cavabdeh1 açıq səhmdar cəmiyyətinə aid hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar